Məhkəmə qərarları › İş №3(007)-1002/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1002/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1002/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 06 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 06 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Baki şəhər DYPİ-nin xx.xx.2023-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqinda qərarı ilə AR İXM-nın 342.5-ci və 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 80 manat məbləğində cərimə edilmişdir. Yol patrul xidmətinin əməkdaşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini kobud surətdə pozaraq prosessual qaydalara əməl etmədən onun etirazına baxmayaraq protokol tərtib etmişdir. xx.xx.2023-ci il tarixdə Baki şəhəri Nizami rayon ərazisində yol polisi onu saxlamışdır. Saxladığı ücün səbəbi ifadə etmədən, onun nəqliyyat vasitəsinin təkərinə gözlə baxıb demişdir ki, təkərinin protektoru balacadır və belə sürmək olmaz, halbuki əlində və yaxud üstündə təkərinin protektorunu ölçən heç bir cihaz yox idi. Yol polis əməkdaşları onun sürücülük vəsiqəsini onlara verməyini demişlər və o, buna əməl edəndən sonra yol polis əməkdaşları demişlər ki, onun nəqliyyat vasitəsində olan cəriməyə görə və onun həbsi olmasına görə (cərimə 2 ay ödənilməmişdi) onlar nəqliyyat vasitəsini cərimə meydançasına aparmalıdılar, əks halda ona məxsus olan “Zontes ZT310-R motosikl” markalı 99-B-520 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini evakuatorla cərimə meydançasına aparacaqlar və evakuator pulunu onun ödəyəcəyini demişlər, halbuki bu xidmət ödənilməli deyil və yol polis əməkdaşları ona cəriməni yerində ödəmək imkanı verməli idilər, lakin onlar israrla nəqliyyat vasitəsini cərimə meydançasına aparmaq istəmişlər. Evakuator gələndə o, öz nəqliyyat vasitəsini harasa aparmağa razılığını verməmişdir. Lakin yol polis əməkdaşlarının təzyiqi altında onlar nəqliyyat vasitəsini evakuatorun üzərinə qaldırmağa məcbur etmişlər. Nəqliyyat vasitəsini evakuatora mindirmək üçün lazımi şərait olmamışdır, nəticədə çənlərdəki plastiklər çatlamış və xarab olmuş, evakuatorda adi kəndirlərin yüklənməsindən yan plastiklər çatlamışdır. O, dəfələrlə yol polis əməkdaşlarına təkrar etmişdir ki, evakuatora belə mindirmək olmaz və onu belə daşımamalıdırlar, amma onlar ona kobud şəkildə və yüksək səslə demişlər ki, bu, belə gedəcəkdir. Ona məxsus olan nəqliyyat vasitəsini icazəsiz cərimə meydançasına aparmaq qanuna zidd olmuşdur. Həmin hadisə yerində iki yol polis əməkdaşından heç biri ona heç bir protokol tərtib etməmiş və onun xəbəri olmadan ona tabesizliyə görə protokol yazılmışdır. Hasisə yerində 2 ədəd TŞ kamerası vardır, onlardan görmək olar ki, ona heç bir protokol verilməmişdir. Halbuki, o, sadəcə olaraq Azərbaycan Respublikası vətəndaşının hüquqlarından istifadə etmək istəmişdir, amma hüquqlarını tapdalamışlar. Bakı şəhər DYPİ-nın xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzminlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun idarə etdiyi motosiklin təkərləri yeni olmuş, həmin təkərlərlə cəmi 20.000 km sürmüşdür, hansı ki, ümumilikdə 80.000 km sürülə bilərdi. Yol polisi heç bir ölçü cihazı ilə yoxlamadan, ölçmə aparmadan, şəxsi qənaəti ilə belə fikrə gəlmişdir. Daha sonra isə barəsində yerində protokol tərtib etmədən, razılığı olmadan motosikli evakuatorla duracağa məcburi qaydada aparmışlar, həmin vaxt motosiklin hissələrinə maddi ziyan dəyməklə yanaşı ona duracağın haqqı kimi 30 manat da ödətdirmişlər. Ona qarşı çoxsaylı kobud qanun pozuntularına yol verilmişdir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi, eyni zamanda inzibati xəta haqqında protokolu tərtib etmiş YPX inspektoru gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, iş üzrə məhkəmə iclaslarının artıq 4 dəfə təyin olunmaqla müvafiq tədbirlər görüldüyünü nəzərə alaraq, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin YPX inspektoru X2 tərəfindən tərtib olunmuş 04 fevral 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində 04 fevral 2023-cü il tarixdə saat 09:15-də “Zontes ZT310-R” markalı 99-B-520 dövlət qeydiyyat nişanlı motosikllə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 342.5 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; -Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 06 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 04 fevral 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq “konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, müvafiq icra hakimiyyət orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi”nə görə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5 və 327.3-cü maddələri ilə 80 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi X1 inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9-cu maddəsinə əsasən isə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları olsa da, onun müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirilməməklə İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə dair sübutlar həmin şəxsə təqdim edilərək tanış edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 70.1-ci maddəsində inzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan şəxs icraatında inzibati xəta haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət olunması nəzərdə tutulsa da, İXM-nin 342.5-ci maddəsi ilə törədilməsi ehtimal edilən inzibati xətanın aşkar edildiyi zaman belə mütəxəssis dəvət olunmadan “konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı”na görə X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati qaydada tənbeh olunmuşdur. Qərarı barəsində şikayət verilmiş orqanın aidiyyəti səlahiyyətli şəxsi və nümayəndələri ilə əlaqə saxlanılaraq məhkəmə iclasına dəvət edilərkən onlar müvafiq sübutların mövcud olduğunu, məhkəmə tədqiqinə təqdim olunacağını bildirsələr də, belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Eləcə də, müəyyən olunmuşdur ki, X3 məhkəməyə şikayət verməzdən öncə və ya onunla yanaşı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət verməmiş, həmin orqan tərəfindən araşdırma aparılmamışdır. Məhkəmə hesab edir ki, X1 törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, eyni zamnda mövcud olduğu qeyd edilən, lakin məhkəməyə təqdim edilməyən sübutların da araşdırılmalı olduğu nəzərə alıanaraq, inzibati araşdırma qaydasında həmin sübutlar toplanılaraq tədqiq edilməli, işə əlavə edilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki 06 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, 04 fevral 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsindəki 06 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, 04 fevral 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar