Məhkəmə qərarları › İş №3(007)-1007/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1007/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1007/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Güzgü-Furnitur” ATSC-nin direktoru X3, Bakı şəhəri Nizami rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi X4 oğlunun iştirakı ilə, “Güzgü-Furnitur” ATSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən “Güzgü-Furnitur” ATSC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Ş.Ə.Vahidov tərəfindən xx.xx.2021-ci il tarixdə AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Güzgü- Furnitur” ATSC-nin direktoru X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən bildirişi almışlar. Həmin bildirişdə qeyd edilən “Güzgü-Furnitur” ATSC-nə məxsus “QAZ 31029” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil 3 ildir ki, işlək vəziyyətdə deyil və Astara rayonundadır. Həmin avtomobilin işlək vəziyyətdə olmadığını təsdiq edən fotoşəkillər də vardır. “QAZ 31029” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil uzun müddətdir ki, işlək vəziyyətdə olmadığından həmin nəqliyyat vasitəsi ilə hər-hansı bir inzibati xətanın törədilməsi qeyri-mümkündür. Həmçinin iş materiallarında olan fotoşəkildən də görünür ki, inzibati xəta “QAZ 31029” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən “Güzgü-Furnitur” ATSC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Nizami rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, əməkdaşlar tərəfindən yol verilmiş texniki səhv nəticəsində nəqliyyat vasitəsi səhv qeyd edilərək “Güzgü-Furnitur” ATSC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Güzgü-Furnitur” ATSC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən “Güzgü-Furnitur” ATSCyə ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 09:22-də “QAZ 31029” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında hərəkətdə olarkən müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə edilmişdir. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. "Güzgü-Furnitur” ATSC-dən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə saat 09:22-də inzibati xətanın törədildiyi qeyd edilən “Güzgü-Furnitur” ATSC-nə məxsus “QAZ 31029” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil uzun müddətdir ki, istifadəyə yararlı vəziyyətdə deyildir. Həmçinin məhkəməyə xx.xx.2021-ci il tarixdə saat 09:22-də inzibati xətanın “QAZ 31029” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilməsini təsdiq edən sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Güzgü-Furnitur” ATSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Güzgü-Furnitur” ATSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar