Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1008/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 18 dekabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 18 dekabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bununla yanaşı, X3 həmin inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət vermiş, məhkəmənin 21 fevral 2025-ci il tarixli qərardadı ilə qeyd olunan vəsatət təmin edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu Neftçilər dairəsini (Dakar dairəsi) 16:46 radələrində Bakıxanov tərəfdən dairəvi hərəkət zolağına daxil olmuş və Q.Qarayev prospekti ilə üzü Əhmədli istiqamətinə hərəkət edərkən dairəvi hərəkət zolağının heç bir tələbini pozmadığı halda Bakı şəhəri Baş Dövlət Yol Polis inspektoruna məxsus **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti ekipaj tərəfindən saxlanılaraq İXP6733078 nömrəli protokolla heç bir qanuni əsası olmadan şəxsi qərəzini əsaslanaraq onu qanundan kənar inzibati xəta törətmədiyi halda normativ qanun pozuntusuna yol verərək AR İXM 327.2-ci maddəsi əsasında 100 manat cərimə tətbiq etmişdir. 1458 nömrəli döş nişanı daşıyan Əsgər adlı DYP inspektorları və öz aralarında şəxsi mənafələrinə əsas götürərək cəza üsulu tətbiq etmişlər. Göstərilənlərə əsasən, o, AR İXM-nin 322.2-ci maddəsi ilə ona tərtib edilmiş 100 azn cəriməni əsassız hesab edərək kamera görüntülərinin vizual görüntülərini nəzərə alaraq barəsində tərtib edilmiş TP ******* saylı qərara xitam verilməsi və onun tərəfindən ödənilən 100 manatın onun hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yolda onu saxlayan Elçin adlı deyil, Əsgər adlı yol polisi olmuş və onu saxlayan şəxsin döş nişanının nömrəsi 1458 olmuşdur. Gəldiyi yerdə onu saxlayıblar. O, dönmə işığını vurmuş, saxlamışdır. Yoldan çıxıb onu saxlamışlar. İnzibati xətanın törədilməsində təqsiri olmadığını nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X5 göstərmişdir ki, “Mercedes E200” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 07 dekabr 2024-cü il tarixdə saat 16:46 radələrində Bakı şəhəri Q.Qarayev prospekti 2529 ünvanında yolayrıcını keçmə qaydalarının pozulması əsası ilə saxlanılmışdır. Belə ki, sürücü Q.Qarayev prospektində dairəvi hərəkət zamanı dairədə nəqliyyat vasitəsinə yol verməmişdir. Sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra qayda pozuntusunu izah etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Lakin sürücü protokoldan narazı qaldığına görə protokol əsasında qərar qəbul edilməmiş, protokola 18 dekabr 2024-cü il tarixdə baxılmaqla sürücü barəsində inzibati qaydada tənbeh tətbiq olunmuşdur. X1 ilə hər hansı qərəzlilikləri olmamış, ona qarşı qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi Nümayəndə qərardan şikayət vermiş X2 izahatında qeyd edilənlərin araşdırılması zərurəti olduğunu göstərmiş və materialın araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir; 42-ci maddəsinin Vİ hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır; 42-ci maddəsinin XV hissəsinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Lakin məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokola X2 iştirakı olmadan baxılmış, onun İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan hüquqları, o cümlədən izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və s. hüquqları, həmçinin inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altında olduğu halda, xətanın görüntülərinin elektron daşıyıcıda surətini, inzibati xətanın törədildiyi anın fotoşəklini alması təmin edilməmişdir. Ona görə də, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsini təsdiq edən sübutlar toplanıb tədqiq edilmədən, yalnız ehtimallar əsasında o, təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuş, bununla da həmin qərarın qəbul olunması ilə şəxsin hüquqları pozulmuşdur. Məhkəmə bu zaman nəzərə alır ki, İXM-nin 115-ci maddəsinin ziddinə olaraq iş üçün nühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İXM-nin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirmək üçün sübutları təqdim etməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, qərardan şikayət vermiş X2 məhkəmədə verdiyi izahatında göstərilənlərin araşdırılması mühüm əhəmiyyət kəsb etdiyindən qərar qəbul etmiş orqanın nümayəndəsi belə, materialın əlavə araşdırılmalı olduğu qənaəti ilə razılaşaraq bu barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ona görə məhkəmə hesab edir ki, X3 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyrimümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X2 barəsindəki 18 dekabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, 07 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsindəki 18 dekabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, 07 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1008/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1008/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver