Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1011/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin 04 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-yə aid “Xəzər” klinikasının baş həkimi vəzifəsində işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan narazıdır, hesab edir ki, inzibati xətalar qanunvericliyinin tələblərinin, o cümlədən hüquqlarının kobud pozuntusu ilə qəbul olunduğundan, həmin qərar ləğv edilməlidir. Qeyd edir ki, iddia olunan xəta ünvan 1 ünvanında yerləşən “Xəzər” klinikasında törədilmiş hesab olunur, ona görə şikayətinə aidiyyəti üzrə həmin rayonun məhkəməsi tərəfindən baxılmalıdır. Qərarın qəbul olunması onunla əsaslandırılmışdır ki, “23 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında müəyyən edilmişdir ki, “İcbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən xx.xx.2025-ci il tarixdən AR Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin olunmamışdır. Nəticədə "xxxx" MMC-nin işəgötürəni X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir”. Onun qənaətinə görə, sözügedən qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1., 8.1-1, 8.1-2 və 8.2-ci maddələrinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanılır. Bu Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Hazırda mübahisələndirilən məsələ üzrə baş verənləri aşağıdakı ardıcıllıqla məhkəmənin nəzərinə çatdırıram və bunları müşayiət edən sübutları şikayətinə əlavə edir: 1. X4 Xidmətinin Bakı şəhər idarəsi 13 yanvar 2025ci il tarixli, 3-17-5/2-2316/2025 saylı məktubu ilə "xxxx" MMC-yə müraciət edərək qeyd etmişdir ki, İcbari sığorta bürosunun məlumatına əsasən "xxxx" MMC (VÖEN **********) tərəfindən 44 nəfər işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı müəyyən edilmişdir. Odur ki, 7 iş günü ərzində işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməli və görülmüş tədbirlər barədə həmin idarəyə məlumat verilməlidir. Qısa müddət ərzində uyğunsuzluqlar aradan qaldırılmadığı və tələb olunan məlumatlar təqdim edilmədiyi halda barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görüləcəyi haqda xəbərdarlıq edilmişdir. Bu məktub, poçt vasitəsi ilə göndərilmiş və 27 yanvar 2025-ci il tarixdə ərazi üzrə poçt şöbəsinə daxil olmaqla onlara rəsmi qaydada təqdim edilmişdir. 2. X4 Xidmətinin Bakı şəhər idarəsi 17 yanvar 2025-ci il tarixli, 3-17-5/2-4367/2025 saylı məktubu ilə "xxxx" MMC-nin işəgötürəni X2 müraciət edərək qeyd etmişdir ki, altsistem vasitəsi ilə aparılan təhlillər zamanı "xxxx" MMC tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi məqsədilə müvafiq müqavilənin bağlanılmadığı müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək məqsədilə işəgötürən və ya nümayəndəsi xx.xx.2025-ci il tarixdə saat 15:00-a iclasa dəvət edilmişdir. Bu məktub, poçt vasitəsi ilə göndərilmiş və 23 yanvar 2025-ci il tarixdə ərazi üzrə poçt şöbəsinə daxil olmaqla onlara rəsmi qaydada təqdim edilmişdir. 3. X4 Xidmətinin Bakı şəhər idarəsinin eyni tarixli və nömrəli, eyni məzmunlu məktubu "xxxx" MMC-nin işəgötürəni kimi ona ünvanlanmış, məktub poçt vasitəsi ilə göndərilmiş və 25 yanvar 2025ci il tarixdə ərazi üzrə poçt şöbəsinə daxil olmaqla onlara rəsmi qaydada təqdim edilmişdir.
4. X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş 23 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu 24 yanvar 2025-ci il tarixli məktubla "xxxx" MMC-nin işəgötürəni kimi ona göndərilmiş və 03 fevral 2025-ci il tarixdə ərazi üzrə poçt şöbəsinə daxil olmaqla onlara rəsmi qaydada təqdim edilmişdir. 5. X4 Xidmətinin Bakı şəhər idarəsi 24 yanvar 2025-ci il tarixli, 3-17-5/2-6657/2025 saylı məktubu ilə "xxxx" MMC-nin işəgötürəni kimi ona müraciət edərək qeyd etmişdir ki, 23 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola baxılmasında iştirak etmək məqsədilə işəgötürən xx.xx.2025-ci il tarixdə saat 11:00-a iclasa dəvət edilmişdir, həmin məktub 06 fevral 2025-ci il tarixdə ərazi üzrə poçt şöbəsinə daxil olmaqla onlara rəsmi qaydada təqdim edilmişdir. Göründüyü kimi, "xxxx" MMC-nin işəgötürəni olaraq ünvanlarına göndərilmiş, inzibati xəta haqqında protokolun tərtibində iştirak etməyi ilə bağlı məktublardan biri iclasın keçirildiyi 23 yanvar 2025-ci il tarixində, digəri isə iclasdan 2 gün sonra, 25 yanvar 2025-ci il tarixdə poçt şöbəsinə daxil olmuş və daha sonra onlara təqdim edilmişdir. Belə olan halda məlumatları olmadığı iclasda iştirakı faktiki mümkün ola bilməzdi. Buna baxmayaraq və İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan hüquqları (Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və s.) pozulmuş, iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hansı ki, iclasda iştirak etdiyi və sübutları təqdim etdiyi halda, əsassız olaraq inzibati qaydada məsuliyyətə cəlb edilməz və barəsində inzibati qaydada tənbeh tətbiq edilməzdi. Sübutların mövcudluğu və real olmaqla qanuniliyi ilə bağlı qeyd etdir ki, "xxxx" MMC, o cümlədən MMC-yə aid “Xəzər” klinikası uzun illərdir əmək qanunvericiliyinin tələblərinə ciddi şəkildə riayət edir və işçilərin hüquqlarının qorunmasını daim prioritet hesab edir. "xxxx" MMC 2016-cı ildən etibarən "xxxx" ASC ilə əməkdaşlıq edərək, bütün işçilər üçün icbari sığorta müqaviləsi bağlamış və hər il qanunvericiliyə uyğun olaraq bu müqavilənin yenilənməsini təmin etmişdir. MMC-nin qüvvədə olan sığorta müqaviləsi 13 fevral 2025-ci il tarixinədək, yəni 23 yanvar 2025-ci il tarixdə inzibati xəta haqqında protokolun tərtib olunmasına və 04 fevral 2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinədək etibarlı olmuşdur. Yuxarıda istinad etdiyi 17 yanvar 2025-ci il tarixli, 3-17-5/2-4367/2025 saylı məktubun poçt vasitəsi ilə 23 yanvar 2025-ci il tarixdə onlara rəsmi qaydada təqdim edilməsindən dərhal sonra, 24 yanvar 2025-ci il tarixdən etibarən aidiyyəti əməkdaşları tərəfindən X4 Xidmətinin rəsmi elektron poçt ünvanı vasitəsi ilə (Elektron ünvan ) müvafiq yazışmalar aparılmış və "xxxx" MMC-nin qüvvədə olan sığorta müqaviləsinin 13 fevral 2025-ci il tarixinədək etibarlı olmasına dair izahat təqdim edilmiş, müəssisələri tərəfindən işçilərin icbari sığortalanmasının tam olaraq qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyi və mövcud sığorta müqaviləsinin qüvvədə olduğu açıq şəkildə bildirilmişdir. Eyni zamanda bu kimi məlumatları özündə əks etdirən rəsmi məktubları da 24 yanvar 2025-ci il tarixdə X4 Xidmətinin rəsmi elektron poçt ünvanına daxil edilmişdir. Belə ki, həmin elektron ünvandan onların elektron ünvanlarına daxil olan bildirişdə, yazışmaların rəsmi məktubla aparılması təklif edilmişdir. Bu da onu göstərir ki, X4 Xidməti "xxxx" MMC-nin qüvvədə olan sığorta müqaviləsinin 13 fevral 2025-ci il tarixinədək etibarlı olması ilə bağlı məlumatlı olmuşdur. Bundan başqa "xxxx" MMC-nin işəgötürəni olaraq ünvanlarına göndərilmiş, inzibati xəta haqqında protokola baxılmasında iştirakla bağlı məktub iclasın keçirildiyi 04 fevral 2025-ci il tarixindən 2 gün sonra, 06 fevral 2025-ci il tarixdə poçt şöbəsinə daxil olmuş və daha sonra onlara təqdim edilmişdir. Belə olan halda məlumatları olmadığı iclasda iştirakları faktiki mümkün ola bilməzdi. Buna baxmayaraq və İnzibati Xətalar Məcəlləsinin 61 və 112ci maddəsində nəzərdə tutulan hüquqları (inzibati xəta haqqında işə baxılarkən: işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur; inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir; fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir; iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir; işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur; edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir) pozulmuş, iştirakları olmadan inzibati xəta haqqında protokola baxılaraq inzibati qaydada tənbeh olunmağı barədə qərar qəbul edilmişdir. Hansı ki, iclasda iştirak etdiyi və sübutları təqdim etdiyi halda, əsassız olaraq barəsində inzibati qaydada tənbeh tətbiq edilməzdi. Digər yandan "xxxx" MMC ilə "xxxx" ASC arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmışdır, müqavilə ilinin qüvvədə olma müddəti 13 fevral 2024-cü il tarixdən 12 fevral 2025-ci il tarixinədək müəyyən edilmişdir və bu müqavilə də elektron sistemdə mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi birbaşa olaraq onu təsbit edir ki, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir, belə sübutetmə məhz inzibati araşdırma orqanının vəzifəsidir. Lakin qərarını mübahisələndirdiyi orqan onun inzibati xəta törətdiyini və bu xətanın törədilməsində təqsirli olmağını qanunda nəzərdə tutulduğu kimi müəyyən və sübut etməmiş, yuxarıda istinad etdiyi sübutların əldə olunmasında və ya tərəflərindən təqdim olunmuş sübutların araşdırılaraq düzgün qiymət verilməsində maraqlı olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinə görə, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsinə əsasən, heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yəni, əməl o zaman inzibati məsuliyyətə səbəb olur ki, bu əməl inzibati xətalar qanunvericiliyi ilə inzibati xəta kimi müəyyən edilsin və onun törədilməsinə görə inzibati tənbehin tətbiq edilməsi nəzərdə tutulsun. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, hesab edir, yuxarıda istinad etdiyi hallar məhkəmə qaydasında araşdırılmalı, "xxxx" MMC-nin işəgötürəni olaraq tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmədiyindən, həmin maddə ilə inzibati qaydada tənbeh edilməyinə dair qərar ləğv olunmalı və işin icraatına xitam verilməlidir. Qeyd etdiklərinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsiin və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə əvvəlki iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. X3 hazırda ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan tərəfindən şikayət verilmişdir, iş hazırda məhkəmənin icraatındadır. Nəzərə çatdırır ki, eyni inzibati xətaya görə vəzifəli şəxs kimi onun inzibati məsuliyyətə cəlb edilməyindən başqa, həmçinin rəhbəri olduğu "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş, Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyeva tərəfindən 3(007)-678/2025 saylı iş üzrə qəbul olunmuş 01 may 2025-ci il tarixli qərarla "xxxx" MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tərkibi olmadığı müəyyən edilərək işin icraatına xitam verilmişdir. Özü, şikayət verdiyi iş üzrə daha əvvəl təyin olunan məhkəmə iclaslarında iştirak edərək izahat vermişdir, izahatına hər hansı əlavəsi yoxdur. Həkim kimi, əvvəlcədən təyin olunmuş cərrahiyyə əməliyyatlarında iştirak etməli olduğundan və digər xidməti vəzifələrini yerinə yetirməli olduğundan məhkəmə iclasında iştirak edə bilmir. Yuxarıda qeyd etdiyi halları nəzərə almaqla onun iştirakı olmadan işə baxılmasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılaraq yekunlaşdırılmasını mümkün hesab etmişdir. Şikayətə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, qərardan şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 08 fevral 2022-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanılmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşmasından görünür ki, müqavilə 13 fevral 2024-cü il tarixdə yenilənmiş və uyğun olaraq sığorta ödənişi edilmişdir, müqavilə 12 fevral 2025-ci ilədək qüvvədədir; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin 04 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “İcbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən 09 yanvar 2025-ci il tarixdən AR Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin olunmamışdır. Nəticədə "xxxx" MMC-nin işəgötürəni X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə onun barəsində 23 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 469.2ci maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 3(007)-678/2025 nömrəli qərarından görünür ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXMnin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilmişdir. Məhkəmə belə nəticəyə gəlməsini onunla əsaslandırmışdır ki, “...Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən (xətanın törədilməsi zamanı qüvvədə olmuş) “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1., 8.1-1, 8.1-2 və 8.2-ci maddələrinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanılır. Bu Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən icbari sığorta müqaviləsi bağlanmadığı qeyd edilən işçilərdən Aidə İsmayılova işdən azad edilmişdir, digər işçilər Nazənin Məmmədova, Könül Qurbanova, Elnarə Teymurova, Aysel Həmdullayeva və Vəfa Katexliyeva isə analıq məzuniyyətində olmuşlar. Hansı ki, yuxarıda istinad olunan Qanunun 2.0.1-ci maddəsinin mənasına görə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta - istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. Adları qeyd olunan işçilər faktiki olaraq işlərini, xidməti fəaliyyətlərini həyata keçirmədiklərinə görə onlar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə üzləşə və bunun nəticəsində də peşə əmək qabiliyyətlərini itirə bilməzdilər. Belə olan halda hüquqi şəxsin real olmayan hərəkətdə təqsirli hesab olunmasına hüquqi əsaslar yoxdur. "xxxx" MMC-yə münasibətdə belə hal müəyyən olunmamışdır, 08 fevral 2022-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanılmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşması ilə təsdiq olunur ki, həmin müqavilə öz işini, fəaliyyətini faktiki həyata keçirən işçilərlə bağlı xx.xx.2024-cü il tarixdə yenilənmiş və sığorta ödənişi edilmişdir, müqavilə xx.xx.2025-ci ilədək, yəni iş üzrə inzibati xəta haqqında protokolun 23 yanvar 2025-ci il tarixdə tərtib edilməsi zamanı qüvvədə olmuşdur. Bu qeyd edilənlərə dair rəsmi məlumatlar hüquqi şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparan orqana verilməsinə baxmayaraq, nəzərə alınmamışdır. Həmçinin məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmasına və elektron sistemdə mövcud olmasına baxmayaraq, həmin sığorta müqaviləsinin “İcbari sığorta bürosu” tərəfindən elektron sistemdə görünməməsi və ya müvafiq orqanlar arasında inteqrasiyanın, məlumat paylaşılmasının olmamasının özü belə, "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilərək tənbeh olunmasına əsas ola bilməz...” Belə olan halda, məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin rəhbəri, vəzifəli şəxs qismində X1 ehtimal olunan eyni inzibati xətaya görə təqsirli bilinərək tənbeh olunması barədə X4 Xidmətinin Bakı şəhər idarəsinin qərarının qüvvədə qalmasına hüquqi əsaslar yoxdur. "xxxx" MMC ilə bağlı aparılan inzibati araşdırma eyni həcmdə onun vəzifəli şəxsi barəsində də aparılmışdır, vəzifəli şəxs X2 münasibətdə inzibati məsuliyyətə cəlb etməni əsaslı edəcək fərqli hal aşkar olunmamışdır, burada sübutetmə yükü üzərinə düşən qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəmə iclasında da belə sübutlar təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə onun əməlində inzibati xəta tərkibi olmadığından, mübahisələndirilən qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin 04 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nəriman Mehdiyev