Məhkəmə qərarları › İş №3(007)-1015/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1015/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1015/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 20 aprel 2022-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini 29 mart 2022-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusunun 12 aprel 2022-ci il tarixdə daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru həmin protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, Nizami RPİnin DYPŞ-si tərəfindən Şəxs MMC-nin barəsində tərtib olunmuş 20 aprel 2022-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir, iş materialı hazırda icraatdadır. Məhkəməyə dəvət barədə məhkəmə bildirişini aldıqdan sonra, iş materialı ilə tanışlıq zamanı müəyyən olunmuşdur ki, protokolun tərtib olunmasının əsasını təşkil edən sübut mötəbər sübut deyil. Belə ki, qanunverici İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində təsbit etmişdir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır. Göründüyü kimi, həmin xətanın baş vermiş sayılması, təqsirli şəxsin müəyyən edilməsi üçün, zəruri şərtdir ki, 1) hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törədilməli; 2) həmin zaman nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (burada, DYP şöbəsinin) bu barədə sorğusu həmin hüquqi şəxsə daxil olmalı; 3) sorğu daxil olduğu vaxtdan 5 gün müddətində isə tələb olunan məlumat verilməməlidir. İş materialları ilə müəyyən olunur ki, qeyd edilən 2 əlamət mövcud olsa da, mühüm olan, həlledici əlamət mövcud deyildir, yəni sorğunun hüquqi şəxsin (Şəxs MMC-nin) ünvanına daxil olması, hüquqi şəxsin müvafiq vəzifəli şəxsi tərəfindən alınması barədə sübut yoxdur. İşdə poçtun xəbərnaməsi olsa da, həmin xəbərnamədəki imzanın MMC-yə hər hansı aidiyyəti yoxdur. İmza yerinə kiril əlifbası ilə “D” hərfi yazılmış, daha sonra naməlum şəxs tərəfindən “Daşdəmirov” soyadı yazılmışdır. Müqayisə üçün, məhkəməyə Şəxs MMC-nin direktoru kimi daha əvvəl müxtəlif tarixlərdə, yəni 2 yanvar 2021-ci il tarixdə bağladığı müqavilənin və 30 iyul 2021-ci il tarixdə bağladığı müqaviləyə əlavənin surətlərini təqdim edərək bildirir ki, onun imzası xəbərnamədəki “D” hərf formalı imzadan ibarət deyildir, “Daşdəmirov” soyadı isə onun soyadı olsa da, kim tərəfindən yazıldığı məlum deyil. Ona görə də həmin sənəd sübut kimi qəbul edilə bilməz, hesab edir ki, işin icraatına xitam verilməsi üçün qanuni əsaslar yaranmışdır. Qeyd edilənlərə və İnzibati Xətalar Məcəlləsinin 53 və 105-ci maddələrinin tələblərinə uyğun olaraq inzibati xəta tərkibi olmadığından Nizami RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-nin barəsində tərtib olunmuş 20 aprel 2022-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və ya vəkili, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus “BMW 535 Xİ minik” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan xəbərnamənin surətindən görünür ki, poçt xəbərnaməsinə “12.04.2022-ci il” tarixi yazılmış, imza yerində kiril qrafikalı əlifba ilə “D” hərfi yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, belə bir məlumat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin müvafiq vəzifəli şəxsi tərəfindən alınmamışdır, sorğunun səlahiyyətli şəxs tərəfindən alınması, MMC-yə daxil olması öz təsdiqini tapmır. Xəbərnaməyə göstərilən qaydada qeyd aparan, kimliyi və vəzifəsi məlum olmayan “Daşdəmirov” soyadlı şəxs isə qanunda nəzərdə tutulan səlahiyyətli şəxs olaraq qəbul edilə və iş materiallarında olan təsdiqlənməmiş məlumat, barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Belə ki, yazılı etirazda göstərildiyi kimi, işdə olan poçt xəbərnaməsinin imza yerinə kiril qrafikalı əlifba ilə “D” hərfi yazılmış, daha sonra naməlum şəxs tərəfindən “Daşdəmirov” soyadı yazılmışdır. Şəxs MMC-nin direktoru tərəfindən müqayisə üçün MMC-nin direktoru kimi daha əvvəl müxtəlif tarixlərdə, yəni 02 yanvar 2021-ci il tarixdə bağladığı müqavilənin və 30 iyul 2021-ci il tarixdə bağladığı müqaviləyə əlavənin surətləri təqdim edilmişdir, hansı ki, direktorun imzası xəbərnamədəki “D” hərf formalı imzadan ibarət deyildir, fərqlidir. Belə olan halda, polisin sözügedən sorğusunun MMC-yə daxil olması öz təsdiqini tapmır, buna dair sübut protokolu tərtib edən orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, yəni həmin hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusunun həmin MMC-yə daxil olduğu öz təsdiqini tapmadığından, Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar