Məhkəmə qərarları › İş №3(007)-1016/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1016/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1016/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin sahə inspektoru X1, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Ucar rayonunun Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi qaydada işləyən, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 mənzil 180-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-dən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx xxxxxxx 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 ünvanının qarşısında onunla bir binada yaşayan qonşusu Zərərçəkmiş şəxs başına yumruqla bir dəfə vurub, döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə bir binada yaşayırlar, həmin şəxslə hər hansı düşmənçiliyi yoxdur. Lakin Gülarənin binada kirayə verdiyi mənzilə başqa-başqa qadınlar yığışır ki, bu, onu və digər qonşuları narahat edir. Dəfələrlə Zərərçəkmiş şəxs özünə narazılıq etsələr də və müvafiq orqanlara şifahi qaydada şikayət etsələr də, həmin şəxsin barəsində tədbir görülməmişdir. Hansı ki, binada onların ailə üzvləri yaşayır. xx xxxxxxx 2020-ci il tarixdə axşam saatlarında yaşadığı binanın qarşısında yerləşən ərzaq dükanının qabağında, lift pulunu verməməsi və yuxarıda qeyd etdiyi səbəbdən Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etmişlər, mübahisə zamanı Zərərçəkmiş şəxs onun üzünə cırmaq atmışdır. Buna görə Zərərçəkmiş şəxs əli ilə itələmiş, nəticədə o, tarazlığını saxlaya bilməyərək dükanın qarşısındakı meyvələrin üzərinə yıxılmışdır. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs ilə bir binada yaşayırlar. xx xxxxxxx 2020-ci il tarixdə axşam saatlarında binanın qarşısındakı ərzaq dükanının qabağında Şəxsla sözlə mübahisə etmişlər. Mübahisə onun liftin pulunu gecikdirməsi səbəbindən baş vermişdir. Şəxs onun başına bir dəfə yumruqla vurmuş, o, özünü saxlaya bilməyib dükanın qarşısındakı meyvələrin üstünə yıxılmış və sıyrıq xəsarəti almışdır. O, 102 xidmətinə zəng edərək şikayət etmiş, sonradan qonşu olduqlarını düşünərək şikayətini geri götürmüşdür. Lakin bir-iki gün sonra yenidən şikayət vermişdir. Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, müddətin keçməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının xx xxxxxx 2020ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxxx 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək bir nəfər şəxslə aralarında münaqişə baş verməsi, həmin şəxs tərəfindən döyülməsi barədə məlumat vermiş, həmin tarixdə 24-cü PŞ-nə ərizə verərək onu döyən Şəxs şikayəti və tələbi olmadığını göstərib araşdırmanın dayandırılmasını xahiş etmiş, xx xxxxxxx 2020-ci il tarixdə isə təkrar ərizə ilə PŞ-nə müraciət edib həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Təhqiqat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 871 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs sağ bazunun sıyrıqları olmuşdur, qeyd olunan xəsarət bərk-küt əşyanın təsirindən törənmişdir, xx xxxxxxx 2020-ci il tarixdə alınması mümkündür, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan qərarın surəti aidiyyəti üzrə göndərilməklə ünvanda profilaktiki tədbirlərin gücləndirilməsi qərara alınmışdır. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları və məhkəmə araşdırmaları zamanı tədqiq olunmuş materiallarla müəyyən edilmişdir ki, Şəxs Zərərçəkmiş şəxs başına yumruqla bir dəfə vuraraq ona qəsdən fiziki ağrı yetirmiş, bununla da onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, məhkəmə onun dəlillərini inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. İnzibati qanunvericiliyin mənasına görə, hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs yol verdiyi inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur, ona görə o, inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, müddətin keçməsi ilə bağlı Şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur; 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Qeyd edildiyi kimi, təhqiqat orqanının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İşdə olan raportdan görünür ki, təhqiqatçının bu barədə qərarı və raportu xx xxxxxx 2020ci il tarixdə 24-cü PŞ-də qeydiyyatdan keçirilərək həmin tarixdə də icrası sahə inspektoruna həvalə edilmişdir. Material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra hər hansı inzibati araşdırma aparılması zərurəti qalmır, hansı ki, sahə inspektoru tərəfindən də belə araşdırma aparılmamış, lakin inzibati xəta haqqında protokol dərhal deyil, xx xxxxxx 2021-ci il tarixdə tərtib edilərək baxılması üçün həmin tarixdə məhkəməyə təqdim edilmişdir. Həmçinin, məhkəmədə müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixindən sonra material üzrə icraat dayandırılmamışdır. Məhkəmə hesab edir ki, cinayət işinin başlanması rədd edildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsi barədə İXM-nin 38.3-cü maddəsinin tələbi, hazırda isə bu müddətin keçməsi nəzərə alınaraq, Şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat məbləğində əmək haqqı 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən, xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar