Məhkəmə qərarları › İş №3(007)-1023/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1023/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1023/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Qarabağlar kəndində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 73, mənzil 45 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixli, “Socar**********20160350X00019” nömrəli müqavilə əsasında ünvan 2 ünvanında yerləşən xxxx adına X7 ərazisində layihəsmeta sənədlərinə, TN və Qaydalarına uyğun olaraq təmiri yerinə yetirib müvafiq qaydada təhvil verilməsi işlərini aparan Dövlət Neft Şirkətinin Neftqaztikinti Trestinin 2 saylı Tikinti Quraşdırma bölümünün sahə rəisi vəzifəsində işləyərkən, Trest müdirinin “Socar**********0040020A01477” nömrəli əmri ilə 19-xx.xx.2020-ci il tarixlərdə zavodun 5 nömrəli istehsalatında əsaslı təmir işləri, boru və avadanlıqların rənglənməsi və izolyasiya olunması işlərinin icrasına cəlb edilməklə, həmin sahədə işi təşkil edib öz vəzifə təlimatı dairəsində işçilər tərəfindən onun düzgün və təhlükəsiz yerinə yetirilməsinə nəzarət etmək vəzifəsi ona həvalə olunduğu halda, bunlara əməl etməyib hazırda qüvvədə olan xx xxxxxxx 2016-cı il tarixdə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 3.2-3.2.1, 3.4-3.4.2, 3.4-3.4.3 və 5-5.22-ci bəndlərinin tələblərini pozmuş, nəticədə Trest müdirinin qeyd edilən əmri ilə onun tabeçiliyində olan Tikinti Quraşdırma bölümünün 4 saylı tikinti quraşdırma sahəsinin texnoloji boru kəmərlərinin quraşdırıcısı Zərərçəkmiş şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində 5 saylı istehsalatın ərazisində estakada altında hündürlüyə qaldırılmış boruları qaynaq etmək üçün təmizləyib uc-uca quraşdırma işlərini yerinə yetirərkən, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına pozulması ilə döşəməsi, çəpəri olan və təhlükəsizlik qaydalarına uyğun konstruksiyada hazırlanmış ayaqaltıdan istifadə etməyib, işini tezləşdirmək üçün istifadə etdiyi daşınan nərdivandan yıxılmaqla ehtiyatsızlıqdan sağ daban sümüyünün qapalı yerdəyişmiş sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almışdır. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2021-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2006-cı ilin mart ayından Dövlət Neft Şirkəti Neft Qaz Tikinti Trestində müxtəlif vəzifələrdə işləmiş, 2009-cu ildən hazıradək həmin Tikinti Trestin 2 saylı Tikinti Quraşdırma Bölümünün 1 saylı tikinti quraşdırma sahəsinin rəisi vəzifəsində işləyir. Tikinti quraşdırma sahəsinin rəisi kimi vəzifə borcu verilmiş layihələrin icrasını təşkil etmək, nəzarət etmək, tikinti quraşdırma işlərini təhlükəsiz və keyfiyyətlə yerinə yetirib sifarişçiyə təhvil vermək, lazım olan mal-materialın seçilməsini təşkil edib ona nəzarət etməkdən ibarətdir. 2 saylı Tikinti Quraşdırma Bölümün rəisi Akif Səmədovdur. Təxminən 2020-ci ilin avqust ayının 15-dən etibarən “xxxx” adına X9 ilə Dövlət Neft Şirkəti Neft Qaz Tikinti Tresti arasında bağlanmış müqavilə əsasında “Zavodun təmirə bağlanması ilə əlaqədar tədbirlər proqramı çərçivəsində təmir işlərinin aparılması” layihəsi üzrə “xxxx” adına X8 5 saylı İstehsalat sahəsində soyuducu qurğudan gələn dövrü su xəttinin diametri 273 mm olan polad boruların dəyişdirilməsi işlərinə başlanmışdır. Həmin işlərə Tikinti Trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün 1 saylı tikinti quraşdırma sahəsinin əməkdaşları və sahə rəisi kimi o cəlb olunmuşdur. Vəzifə borcu layihə üzrə görüləcək işlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsinə nəzarət etmək olmuşdur. “Neftqaztikinti” trestin 2 saylı Tikinti Quraşdırma Bölümü Texnoloji boru kəmərlərinin quraşdırıcısı Zərərçəkmiş şəxs 2020-ci ilin sentyabr ayının təxminən 12-də “xxxx” adına X8 5 saylı İstehsalat sahəsində aparılan təmir işlərinə cəlb olunmuşdur. Zərərçəkmiş şəxs peşə üzrə vəzifə borcu estakada altında təxminən 2.5 metr hündürlüyə qaldırılmış boruları qaynaq etmək üçün təmizləyib uc-uca quraşdırmaq, qaynaqçılar tərəfindən həmin borular qaynaq olunduqdan sonra dartıcı mexanizm vasitəsi ilə boru sonluğundan kəmərlə bağlayıb borunun yerini dəyişdirmək və yaxud irəliyə doğru sürüştürmək olmuşdur. Borunun irəliyə doğru sürüştürməkdə məqsəd növbəti borunun quraşdırılması olmuşdur. Zərərçəkmiş şəxs digər işçilər kimi hər gün işə başlamazdan öncə texniki təhlükəsizliyə, əmək qaydalarına riayət olunmasına dair iş icraçıları Mahir Cəfərov və Həşim Mustafayev tərəfindən təlimat keçib, bununla bağlı müvafiq jurnallara imza etmişdir . Sahədə işləyən hər bir işçi qoruyucu kəmər, xüsusi geyim əşyaları, eynək, dəbilqə ilə təmin olunmuşdurlar. Zərərçəkmiş şəxs digər işçilər kimi iş icraçıları Mahir Cəfərov və Həşim Mustafayevin verdikləri gündəlik tapşırıq əsasında işləri icra etmişlər. xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:30-da “xxxx” adına X8 5 saylı istehsalat sahəsində Zərərçəkmiş şəxs olduğu yerdən təxminən 300 metr aralıda, digər işçilərin işlərinə nəzarət edən zaman iş icraçısı Həşim Mustafayev ona zəng edib 5 saylı istehsalat sahəsinin 55 saylı qurğusu adlanan ərazidə işləyən Zərərçəkmiş şəxs yıxılıb ayağından xəsarət aldığını demişdir. Dərhal Zərərçəkmiş şəxs işlədiyi əraziyə gəldikdə, görmüşdür ki, Zərərçəkmiş şəxs Kamal Şahverdiyev və Elşən Güliyevin köməkliyi ilə təhlükəsiz bir əraziyə çıxarılmışdır. Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduqda o, kəmərin yerini dəyişib qurtardıqdan sonra nərdivandan enmək istəyərkən ayağı boşa keçdiyini və təxminən 1 metr hündürlükdən sağ ayağı üstə yerə düşərək ayağından xəsarət aldığını bildirmişdir. “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma Bölümün rəisi Akif Səmədova zəng edib hadisə barədə məlumat verdikdən sonra, ağrıların bir qədər azalmasından ötrü Ehtibarın xəsarət aldığı ayağını sulu əski ilə sarıtdırmış, daha sonra ona təhkim olunmuş xidməti avtomobil ilə yaxınlıqda yerləşən “Diaqnoz” tibb mərkəzinə aparmışdır. Tibb müəssisəsində Zərərçəkmiş şəxs ayağı rentgen müayinə olunmuş və məlum olmuşdur ki, ayağında sınıq var, ona görə də ayağına gips qoyularaq, müvafiq tibbi yardımlar göstərilmişdir. Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı heç kimdən şikayət və tələbinin olmadığını da bildirmişdir. Evlidir, himayəsində tələbə uşağı vardır. Məhkəmədən ailə vəziyyətini, maddi imkanını nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 841 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ daban sümüyünün qəlpəli, yerdəyişmiş sınığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx xxxxxxxx 2020-ci il tarixdə 1.0-1.5 metr hündürlükdən yıxılması zamanı yarana bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterinə əsasən demək olar ki, xəsarətin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyildir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/4292 saylı rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar: “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 3.2-3.2.1, 3.4-3.4.2, 3.4- 3.4.3 və 5-5.22 bəndlərinin tələbləri pozulmuşdur. Həmin tələblərin pozulması ümumilikdə hadisənin baş verməsinin səbəbləri olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Neft Qaz Tikinti Trestində 2 saylı tikinti quraşdırma bölüyünün 1 saylı tikinti quraşdırma sahəsinin böyük iş ustası (iş icraçısı) X2 bildirdiyinə görə hadisə günü, “Neftqaztikinti” trestin 2 saylı Tikinti Quraşdırma Bölümünün 4 saylı Tikinti-quraşdırma sahəsinin Texnoloji boru kəmərlərinin quraşdırıcısı Zərərçəkmiş şəxs, ona tapşırılmış işi icra etdiyi zaman, döşəməsi, çəpəri olan və təhlükəsizlik qaydalarına uyğun konstruksiyada hazırlanmış ayaqaltıdan istifadə etməli olduğu halda, işini tezləşdirmək üçün, özbaşına olaraq, daşınan nərdivandan istifadə etmişdir. Bununla bərabər, o, yəni Həşim Mustafayev, digər səlahiyyətli şəxslərlə (o cümlədən sahə rəisi, təhlükəsizlik üzrə mühəndisi ilə) bərabər həmin işi düzgün və təhlükəsiz icra olunmasına nəzarət etməli olduqları halda, işçilərin sayının çox olması ilə əlaqədar bu vəzifələri yerinə yetirə bilməmişdirlər. “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 3.2- 3.2.1, 3.4-3.4.2, 3.4-3.4.3 və 5-5.22 bəndlərinin tələbləri, Texnoloji boru kəmərlərinin quraşdırıcısı Zərərçəkmiş şəxs hündürlükdə icra etdiyi işi təşkil edib öz vəzifə təlimatı dairəsində onun təhlükəsiz yerinə yetirilməsinə nəzarət etməli olan – “Neftqaztikinti” tresti 2 saylı Tikinti Quraşdırma bölümünün 4 saylı tikinti quraşdırma sahəsinin vəzifəli şəxsləri tərəfindən pozulmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs işlədiyi “xxxx” adına X7 5 saylı istehsalatın 55 saylı qurğusunda sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət alması faktı üzrə toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən 814-C-20 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün sahə rəisi Şəxs tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının pozulması nəticəsində quraşdırıcı Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulması faktı üzrə Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün toplanmış materialdan müvafiq sənədlərin rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2021-ci il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, evli olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: xx.xx.1967-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Qarabağlar kəndində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 73, mənzil 45 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar