Məhkəmə qərarları › İş №3(007)-1024/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1024/2021

09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1024/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X2, xx xxxx 1976-cı ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, H.Z.Tağıyev adına NQÇİ-də komitə sədri vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan Bakı şəhər BPİ DYPİ-nin müşayiət-eskort bölüyü YPX inspektoru X4 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2020-ci il tarixdə X5 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozduğuna görə barəsində xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhər BPİ DYPİ-nin müşayiət-eskort bölüyü YPX inspektoru X4 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 şikayətində göstərmişdir ki, O, SOCAR-ın Azneft İB-nin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışır. Pandemiya dönəmində işə getmək üçün portalda nə zaman icazəsi olub getmiş, icazə olmayan günlərdə isə evdə oturmuşdur. xx.xx.2020-ci il tarixində portalda icazə alındığı və işə çıxa biləcəyi bildirilib və axşam saatlarında metronun “Koroğlu” stansiyası yaxınlığındakı postdan keçərkən (H.Əliyev prospekti) iş vəsiqəsi daxil, bütün sənədlərini təqdim etsə də, DYP əməkdaşı portalda adının tapılmadığını əsas gətirib ona 200 AZN cərimə yazmışdır. O, işə gəlib portala daxil olduqda adının orada olduğunu və icazə verildiyini görmüşdür. Portaldan icazəni bildirən bildirişi də dərc etmişdir. Həmin gün 102 və 902 Qc/narxətt nömrələrinə zəng edərək DİN-in müvafiq idarələrinə məlumat verib, BDYP idarəsinə elektron ərizə ilə müraciət etmişdir. Normalda yazılan protokollar verilən şikayət əsasında araşdırılmalı və daxili qaydada ləğv edilməlidir. Edilən müraciətdən bir aydan cox vaxt keçməsinə baxmayaraq heç bir məlumat verilməyib. Sükutun normal bir hal olmadığı qənaətilə, DİNin elektron sisteminə daxil olmuş və yazılan cərimənin hələ də qaldığını görmüşdür. Qeyd olunan tarixdə onun icazəsi olmuşdur və ərizəsinə də bu barədə arayış əlavə etmişdir. X1 barəsində Bakı şəhər BPİ DYPİ-nin müşayiət-eskort bölüyü YPX inspektoru X4 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi və qərardan şikayət vermiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ DYPİ-nin müşayiət-eskort bölüyü YPX inspektoru X4 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən qərara alınmışdır: 1. 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılsın. 2. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri aşağıdakı qaydada tətbiq edilsin: 2.2.2. “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər müəssisələrin əməkdaşları (2 nömrəli əlavə). İş materiallarında olan “my.gov.az” sistemində icazələrin alınması və monitorinqi sistemindən arayışdan görünür ki, X3 xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə 99GZ576 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı, Abşeron rayonunda hərəkət etməyə icazə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, X2 hərəkətinə icazə verildiyi və bu barədə məlumatların “icaze.e-gov.az” portalına daxil edildiyi halda, xx.xx.2020-ci il A.H.Rüstəmli barəsində əsassız olaraq inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0, 53.0.1 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhər BPİ DYPİ-nin müşayiət-eskort bölüyü YPX inspektoru X4 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar