Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1024/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X1, MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 11 fevral 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC 27498.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 17 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 18 yanvar 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, vasitəçilikdə pulun mənbəyi göstərilməlidir. Şəxs MMC xaricə pul köçürüb, lakin bu malları "xxxx" MMC üçün sifariş verib. "xxxx" MMC ona aid olan məhsulları gömrükdən keçirib. Qanunvericiliyə əsasən vasitəçilik olduğu halda ödəniş olunmalı və ödənişin məbləği göstərilməlidir. Sifarişçi Şəxs MMC-dir. "xxxx" ASC hüququ olmadığı halda, bəyannaməni bağlamışdır. Mərkəzi Bankın müraciətindən sonra bu yanlışlıq aradan qaldırılmışdır. Məhsul "xxxx" MMC tərəfindən ölkəyə gətirilmişdir və gömrük bəyannaməsi də bu hüquqi şəxs tərəfindən təqdim olunmuşdur. Həmin bəyannamədə məhsulun "xxxx" MMC tərəfindən ölkəyə idxalı təsdiq olunsa da, ödənişin Şəxs MMC tərəfindən edildiyi məlumdur. Beynəlxalq daşıma qaydalarından istifadə edərək bir çox şirkət daxili qaydaları pozaraq mal gətirir. Malın gəlməsi görünür, lakin qaydalara görə onu ləğv edə bilmirlər. Gömrük bəyannaməsindən elə görünür ki, "xxxx" MMC malı gətirib, lakin pul ödəməyib. Belə olan halda "xxxx" MMC həmin bəyannamə ilə istədiyi vaxt xaricə pul köçürə bilər. Hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3 izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi müraciətlərində də məlumat vermişlər ki, 06 aprel 2023-cü il tarixdə "xxxx"da olan AZN hesabına daxil olmuş 71665.48 AZN məbləğindəki vəsait "xxxx" MMCnin ********** nömrəli ödənişinə əsaslanılır və həmin ödəniş nömrəsi banka təqdim olunan yük gömrük bəyannaməsində və e-qaimə sənədlərində öz əksini tapır. İnzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, onlar müştəridən köçürdükləri məbləği geri alıblar. "xxxx" avans ödənişini onsuz da bağlayıb. Şəxs MMC beynəlxalq daşıma qaydalarına əməl etmişdir. "xxxx" MMC onsuz da “yaşıl dəhlizdən” istifadə edən şirkətdir. Xaricə köçürülmüş vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Onlar illərdir ki, bu üsulla xarici ölkədən mal alırlar. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə 17 yanvar 2023-cü il tarixdə 27498.00 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il daxilində həmin vəsait hesabına alınan müvafiq malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin müvəkkil banka təqdim edilməməsi, bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinin pozulması əsası ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 30 sentyabr 2024-cü il tarixli qərardadında göstərilmişdir ki, xarici iqtisadi fəaliyyət zamanı valyuta əməliyyatları ilə bağlı münasibətlərin tənzimlənməsində əsas qanunvericilik aktlarından olan “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 4-cü hissəsi və 10-cu maddəsi ilə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında müvəkkil banklarda xarici valyuta hesabları üzrə əməliyyatların aparılması qaydasının müəyyənləşdirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər. Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. Göstərilənlərlə əlaqədar olaraq, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X7 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən həyata keçirilən köçürmələr, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi öhdəliyi və bu öhdəliyin icrası ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə isə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarıİmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 2020-ci il 28 fevral tarixli Qərarı). Bununla yanaşı, Qaydaların 4.3.2-1-ci maddəsi ilə malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyrirezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı maliyyə köçürmələri tənzimlənmişdir. Belə ki, bu köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildikdə, belə köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılmalıdır. Qabaqcadan ödənilmiş məbləğ ödənişin aparıldığı gündən ən geci 180 (yüz səksən) gün müddətində geri qaytarılmadıqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməlidir. Beləliklə, bu yarımbənd məhz vasitəçiliklə bağlı maliyyə əməliyyatlarının aparılması qaydalarını, köçürülən məbləğlərə dair müvafiq məhdudiyyətləri, lazımi sənədləri və müəyyən şərtlərə əməl edilmədikdə atılmalı olan addımları müəyyən edir. Vasitəçilik mülki dövriyyə subyekti tərəfindən kontragentlə münasibətlərin üçüncü şəxsin (vasitəçinin) iştirakı ilə qurulmasını nəzərdə tutur. Vasitəçilik münasibətləri müxtəlif müqavilələrlə (ticarət agenti, konsessiya, komissiya, broker müqavilələri) rəsmiləşdirilir. Belə müqavilələr əsasında bir tərəf muzd (haqq) müqabilində digər tərəf qarşısında malların alınması və ya satılması sahəsində, habelə malların müəyyən bazarda yerləşdirilməsinə yönələn öhdəlikləri öz üzərinə götürür. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən vəsaitin xaricə köçürülməsi ilə bağlı məsələlər Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə tənzimləndiyi halda, kommersiya fəaliyyətində müqavilə üzrə öhdəlik vasitəçilik fəaliyyəti ilə bağlı olduqda, yəni əvvəlcədən ödənişi edənin vəsaiti hesabına və ya əvvəlcədən bank qarantiyası ilə təmin etməklə və ya geri çağrılmayan akkreditiv açmaqla vasitəçinin vəsaiti hesabına malın alınması və ölkəyə daxil edilmədən tranzit ötürülməsi ilə bağlı köçürmələr həmin Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə tənzimlənir. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr zamanı alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiqləyən sənədi) təqdim etmək öhdəliyi də mövcud olmur. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir. Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır. Məcəllənin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Odur ki, bu qəbildən olan işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin kimin adından və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olubolmaması, müqavilənin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik haqqında müqavilələrin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmaması araşdırılmalıdır. Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməli, işin hallarını hərtərəfli tam və obyektiv araşdırmalıdır. Habelə, apellyasiya instansiyaları məhkəmələri birinci instansiya məhkəməsinin faktları nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarını yalnız formal mülahizələrə görə ləğv etməkdən çəkinməlidirlər. Beləliklə, Qaydaların 4.3.1.3 və ya 4.3.2-1-ci yarımbəndinin tətbiqinin mümkünlüyü məsələsi işin hallarından asılı olaraq iqtisadi münasibətlərin subyektinin fəaliyyətinin konkret müqavilə üzrə vasitəçiliklə bağlı olub-olmamasının, müqavilə tərəflərinin əsl hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsinə əsasən həll olunmalıdır. Əks yanaşma mülki dövriyyə iştirakçılarının hüquqi əsas olmadan inzibati məsuliyyətə cəlb edilməsi və nəticədə onların maliyyə vəziyyətlərinin pisləşməsi, habelə Konstitusiyanın 59-cu maddəsində nəzərdə tutulmuş sahibkarlıq hüquqlarının pozulmasına səbəb ola bilər. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərardadı ilə gəlinmiş hüquqi mövqe və işin müəyyən edilmiş faktiki halları baxımından belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 17 yanvar 2023-cü il tarixdə məhz vasitəçiliklə bağlı maliyyə əməliyyatları aparılmış və vasitəçiliklə ödənilmiş məbləğin əvəzində alınmış mallar ölkəyə idxal olunmuşdur. Bununla bağlı təsdiqedici sənədlər müvəkkil banka təqdim edilmiş, lakin vasitəçilik əməliyyatı həyata keçirilməsinə baxmayaraq, təqdim edilən sənədlərlə daxil olan vəsaitin təyinatı uyğun gəlmədiyi üçün bank tərəfindən qəbul edilməmişdir ki, sonda bu, hüquqi şəxs Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilərək məsuliyyətə cəlb olunması ilə nəticələnmişdir. Bu zaman, həmçinin nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın məhkəmə iclasında iştirak edən nümayəndəsi qeyd olunanları etiraf etsə də, inzibati xəta haqqında iş üzrə hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, baxılan işə münasibətdə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və və inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1024/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1024/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver