Məhkəmə qərarları › İş №3(007)-1028/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1028/2021

01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1028/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 43, mənzil 79-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ-nin DYPİ-dən daxil olmuş 31 dekabr 2019-cu il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 31 dekabr 2019-cu il tarixdə saat 19:00-da nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs olaraq “BMW 523 minik” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərkən qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan, X1 idarə etdiyi “Volkswagen Passat minik” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs barəsindəki inzibati xəta haqqında protokol və ona əlavə edilən materiallar 26 fevral 2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Həmin şəxsin barəsindəki inzibati xəta haqqında protokolun əvvəllər də məhkəməyə daxil olduğu, lakin müvafiq səbəblərdən geri qaytarıldığı, protokolu tərtib edən orqan tərəfindən Şəxs məhkəməyə gəlməsi üçün mümkün tədbirlərin görüldüyü nəzərə alınaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özü şəxsən təqdim edilməsə də, material baxılması üçün icraata qəbul edilmişdir. Bundan sonra məhkəmə tərəfindən Şəxs məhkəmə iclaslarına dəvət olunması üçün müvafiq tədbirlər görülmüş, lakin bu, müsbət nəticə verməmişdir. Törədilməsi ehtimal edilən inzibati xətaya görə inzibati həbs nəzərdə tutulması, belə inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının məcburi olması, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılmasının bir neçə dəfə təxirə salınması nəzərə alınaraq, məhkəmənin 03 mart 2021-ci il tarixli qərarı ilə onun məhkəməyə gətirilməsi barədə qərardad qəbul edilmişdir. Lakin görülmüş müvafiq tədbirlərə, Bakı şəhər Baş Polis İdarəsinə də rəsmi surətdə müraciət edilməsinə baxmayaraq, Bakı şəhəri Yasamal rayon polis idarəsi tərəfindən qərarın icrası təmin edilməmişdir. Bununla əlaqədar, iş uzun müddət məhkəmənin icraatında qaldığından, məhkəmə öz təşəbbüsü ilə işin icraatını təzələyərək, Şəxs iştirakı olmadan iş üzrə yekun məhkəmə aktı çıxarılmalı olması qənaətinə gəlmişdir. Eyni zamanda məhkəmə zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, müddətin keçməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. İşdə olan sənədlərin tədqiqi ilə müəyyən olunur ki, Şəxs 31 dekabr 2019-cu il tarixdə saat 19:00-da nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs olaraq “BMW 523 minik” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərkən qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan, X1 idarə etdiyi “Volkswagen Passat minik” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Qeyd edilən inzibati xəta hadisəsi ilə bağlı Bakı şəhər BPİ-nin DYPİ tərəfindən 31 dekabr 2019-cu il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 31 dekabr 2019-cu il tarixli 2/11500 nömrəli aktla, həmin şəxsin idarə etdiyi avtomobillə X1 idarə etdiyi “Volkswagen Passat minik” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zərərçəkmiş şəxsə maddi zərər vurması isə, yol-nəqliyyat hadisəsinin 31 dekabr 2019-cu il tarixli sxemi və həmin şəxslərin özlərinin izahatları ilə öz təsdiqini tapır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə iclasında tədqiq olunmuş materiallarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs yol verdiyi inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur, ona görə o, inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, müddətin keçməsi ilə bağlı Şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məlum olduğu kimi, Şəxs tərəfindən törədilmiş inzibati xəta yol hərəkəti qaydalarının pozulması ilə bağlıdır, həmin xəta isə 31 dekabr 2019-cu il tarixdə törədilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, yol hərəkəti qaydalarının pozulması ilə bağlı xətaya görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilməsi barədə İXM-nin 38.1-ci maddəsinin tələbi və Şəxs münasibətdə bu müddətin keçməsi nəzərə alınaraq, o, inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 333.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən, xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar