Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1028/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1973-cü il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zərdab şəhəri, Ş.Şükürov küçəsi ev 10-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 26 aprel 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 24 aprel 2022-ci il tarixdə saat 22:30 radələrində alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes Benz E270 minik” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektinin köməkçi yolu ilə Babək prospekti istiqamətində hərəkət edib Babək prospektinin köməkçi yoluna dönmək istəyərkən manevr qaydalarını pozaraq, avtomobili yol kəsişməsində yerləşən beton bordyora vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, çevik polisin əməkdaşlarının verdiyi məlumat əsasında hadisə yerinə getmişlər, sürücünün şəxsiyyətini müəyyənləşdirərək sərxoşluq vəziyyətinin yoxlanılması üçün onu tibbi müayinəyə aparmışlar, hadisə yerinin sxemini tərtib etmiş və digər zəruri hərəkətləri icra etmişlər. Hadisə zamanı xəsarət alan olmamışdır, maddi zərər isə dəymişdir. Yol kənarında olan beton bordyora dəymiş ziyanla bağlı sorğu verilmiş, lakin cavab daxil olmamışdır. Lakin həmin sorğunu təqdim edə bilmir, maddi ziyanın ümumiyyətlə nədən ibarət olması, dəyəri, zərərçəkmişin kim olması barədə hər hansı məlumatı verə bilmir. Sürücü Şəxs sərbəst olaraq yazdığı izahatında etiraf etmişdir ki, spirtli içki qəbul etmişdir və həmin vəziyyətdə avtomobil idarə edərkən hadisəni törətmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 24 aprel 2022-ci il tarixdə saat 22:30 radələrində baş vermiş hadisə nəticəsində bədən xəsarəti alan olmamışdır, maddi zərərlə bağlı isə hər hansı sübut və zərərin kimə dəyməsi barədə məlumat yoxdur. Bundan başqa hadisə zamanı o, içkili olmamışdır, həkimin müayinənin nəticəsinə dair sənədi qanunla müəyyən edilmiş qaydada tərtib olunmamışdır, ona görə əsaslı sayıla bilməz. İçkili olmasını etiraf edən izahatı isə yol polisinin sözü ilə yazmışdır. İşin icraatına xitam verilməsini məhkəməədn xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması-həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, şəxsin həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməli və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmalıdır. Hansı ki, istər işdə olan materiallarla, istərsə də məhkəmədə verilən izahatlarla müəyyən olunur ki, Şəxs 24 aprel 2022-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi “Mercedes Benz E270 minik” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektinin köməkçi yolu ilə Babək prospekti istiqamətində hərəkət edib Babək prospektinin köməkçi yoluna dönmək istədiyi vaxt, avtomobili yol kəsişməsində yerləşən beton bordyora vurarkən, hər hansı şəxsin sağlamlığına xəsarət, o cümlədən yüngül dərəcəli bədən xəsarəti yetirilməmişdir, maddi zərərin isə vurulub-vurulmaması, maddi zərərin həcmi, dəyəri və ümumiyyətlə konkret hansı şəxsə (fiziki və ya hüquqi) zərər vurulmasıilə bağlı isə hər hansı araşdırma aparılmamış, sübut müəyyən edilməmiş, zərər dəydiyi ehtimal olunan fiziki şəxsdən və ya hüquqi şəxsin nümayəndəsindən izahat alınmamış, bundan irəli gələrək müvafiq hərəkətlər yerinə yetirilməmişdir. Bu zaman nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokolu tərtib edən şəxs məhkəmədə buna dair hər hansı sübutunu təqdim edə bilməmişdir. Ona görə də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 333.3cü maddəsinin təsiri altına düşməməklə təqsirli bilinərək tənbeh oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə iş üzrə icraata xitam verilməlidir. Lakin 24 aprel 2022-ci il tarixdə tibbi müayinədən keçirilərkən Şəxs “alkoqol sərxoşluğu vəziyyəti. 0.548%” aşkar olunmuşdur, həmin hal sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 24 aprel 2022-ci il tarixli 2/8513 nömrəli protokolla öz təsdiqini tapır. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Məhkəmə həmin əmələ görə şəxsin inzibati məsuliyyət məsələsinin həllinin hazırkı icraatda həyata keçirilməsinin mümkün olmadığını nəzərə almaqla, hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs kimi nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə görə barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyət məsələsinin həlli üçün materiallar aidiyyəti üzrə polis orqanına göndərilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə də material inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə iş üzrə icraata xitam verilməli, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs kimi nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə görə barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyət məsələsinin həlli üçün materiallar, eyni zamanda barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon polis idarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə iş üzrə icraata xitam verilsin. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs kimi nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyət məsələsinin həlli üçün materiallar, eyni zamanda Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün materiallar aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon polis idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1028/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1028/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver