Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1032/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1, 29 sentyabr 1986-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin polis kapitanı X2 inzibati xəta haqqında iş üzrə qəbul etdiyi 18 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin polis kapitanı X4 tərəfindən X.R.Hüseynov Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq, barəsində 60 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 20 fevral 2023-cü il tarixdə X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin polis kapitanı X2 qəbul etdiyi inzibati xəta haqqında iş üzrə 18 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* saylı qərarından şikayətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, inzibati xəta haqqında iş üzrə həmin qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında şikayətini müdafiə edərək, bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Tofiq Mirzəyev 65 ünvanında **-AR-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Tiguan” markalı avtomobili ilə hərəkət edərkən YPX əməkdaşı onu saxlamış və inspektor tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda guya onun İXM 327.2-ci maddəsinə əsasən işıqforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirildiyi görsənir. Qeyd olunan ərazidə sola dönmə zolağına ayrılmış istiqamətdə işıqforun tənzimləyici işığı var. Həmin işıqforda yaşıl işıq təxminən 15 saniyə yanır. Və sonra 3 dəfə yanıb sönür. O, yol ayrıcına daxil olarkən işıqforun yaşıl işığı yanıb sönürdü. Hərəkətini davam etdirmiş və daha sonra yolun əks istiqamətində dayanmış Yol Patrul Xidmətinin avtomobili geriyə hərəkət edib, qarşı zolağa çıxaraq yanına vermiş və avtomobili saxlamağını tələb etmişdir. Daha sonra qırmızı işıqda keçərək qaydanı pozduğunu bildirmişdir. O, yaşıl işıqda keçdiyinə əmin olmuşdur deyə protokolla razılaşmadığını bildirmişdir. Hətta haqsız olduğunu bildirsə də əməkdaş onunla mübahisə etmiş və protokol yazmışdır. O, razılaşmadığını bildirmiş və protokolu imzalamamışdır. 08 yanvar 2023-cü il tarixdə “asanpay.az” saytı vasitəsilə kabinet üzərindən şikayət etmiş və onun iştirakı olmadan 18 yanvar 2023-ci il tarixdə protokolla bağlı qərar verilmişdir. Halbuki iştirak etməyi ilə bağlı heç bir bildiriş, zəng və ya mail vasitəsi ilə cavab almamışdır. Şikayət zamanı protokol üzrə verilmiş qərar üzrə Təhlükəsiz şəhər kameralarından sübutların təqdim edilməsini xahiş etsə də, heç bir sübut təqdim edilməmiş və “asanpay.az” kabinetinə yerləşdirilməmişdir. 13 fevral 2023-cü il tarixdə TP ******* saylı qərarı Bakı Şəhər Baş Polis İdarəsindən özü yaxınlaşıb götürmüşdür. Qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin polis kapitanı X2 inzibati xəta haqqında iş üzrə qəbul etdiyi 18 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı halda, onun iştirakı təmin edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, inzibati xəta haqqında iş üzrə qərar Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən maddəsinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə inzibati xəta haqqında iş üzrə 18 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin polis kapitanı X2 inzibati xəta haqqında iş üzrə 18 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1032/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1032/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver