Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1034/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonunun Çərəkə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllə, giriş 64, mənzil 47-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 11 fevral 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayon prokurorluğunda Zərərçəkmiş şəxs fəhlə işlədiyi “X10” MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Nizami rayonu, Energrtika-3 ünvanında yerləşən metaləritmə sexində iş prosesi zamanı bədəninin müxtəlif nahiyələrinə metal ərintisinin düşməsi nəticəsində xəsarət alması barədə müraciəti əsasında araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs xəsarət alması faktı əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162 və 222-ci maddələrinin tərkibi müəyyən edilmədiyindən rayon prokurorluğunun müstəntiqi İlham Xankişiyev tərəfindən 28 yanvar 2023-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, “X10” MMC-də sex rəisi vəzifəsində işləyən Şəxs tərəfindən “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri”. 12.2003-91 DÜST-nin (Dövlət Standartlarının) 1.2 bəndinin tələblərinin, yəni “Vahid X4”nda olan “sex rəisinin əmək funksiyası”nın tələblərinə əsaslanaraq, metal ərinti sexində quraşdırılmış sobanın təhlükəsiz istismarı üçün avadanlığın konstruksiyasında nəzərdə tutulmuş, eləcə də konstruksiyasına daxil olmayan qoruyucu (mühafızəedici) vasitələrin tətbiqini təmin etmədiyinə görə “X10” MMC-də fəhlə işləyən Zərərçəkmiş şəxs peçdən sıçrayan ərinmiş metalın əlinə və ayağına düşməsi nəticəsində onda sol saidin arxa iç səthinin, sol əl pəncənin üst səthinin və sol budun ön səthinin depiqmentasya sahələri-İİ-İİİ dərəcəli termiki yanıqları ilə müşayiət olunan dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən, “X10” MMC-də sex rəisi vəzifəsində işləyən, xx.xx.1998-ci il tarixdə Göyçay rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllə, blok 64, mənzil 47-də yaşayan Şəxs tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyyatsızlıqdan “X10” MMC-də fəhlə işləyən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulması faktı üzrə Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmalı və baxılması üçün aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən “X10” MMC-də sex rəisi vəzifəsində işləyən Şəxs tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyyatsızlıqdan “X10” MMC-də fəhlə işləyən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulması faktı üzrə Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokuror köməkçisi X3 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) dəfələrlə bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin faktiki hallarını, onun işə baxılmasını təxirə salmaq haqqında vəsatət vermədiyini nəzərə alaraq, Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, onun inzibati araşdırma zamanı prokurorluqda verdiyi izahatı elan edilmişdir. Şəxs sözügedən izahatında göstərmişdir ki, “X10” MMC Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika-3 ünvanında yerləşən metal əritmə sexində metal əridilməsi və istehsal prosesini həyata keçirir. Vəzifəsi istehsalat-təsərrüfat işlərinə nəzarəti həyata keçirməkdən, tapşırıqların vaxtında yerinə yetirilməsini, əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasını təmin etməkdən, istehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, zay məhsul buraxılışının qarşısının alınması, bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni məhsulun və texnoloji proseslərin mənimsənilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, eləcə də istehsalat gəlirinin çoxaldılması, məhsulun maya dəyərinin və əmək sərfinin aşağı salınması üzrə işləri aparmaqdan, görməkdən, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını, eləcə də əmək şəraitindən asılı olaraq işçilərə güzəştlərin verilməsini təmin etməkdən, işçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, ietehsalat və əmək icra intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməkdən, təmir işləri və avadanlıqlardan, iş geyimləri və fərdi mühafizə vasitələrindən səliqəli və səmərəli istifadəni təşkil etməkdən və s. ibarətdir. Zərərçəkmiş şəxs 11 noyabr 2022-ci il tarixdə “X10” MMC-yə fəhlə vəzifəsinə işə götürülmüşdür. Zərərçəkmiş şəxs vəzifəsi metal yığmaqdan və s. bu kimi digər işləri görməkdən ibarət olmuşdur. Natiq işlədiyi dövrdə ona daim təhlükəsizliklə əlaqədar təlimatlar keçirilmiş, həm öz, həm digər işçilərin təhlükəsizliyinə qarşı diqqətli olması bildirilmişdir. Zərərçəkmiş şəxs işdə xəsarət alması barədə ona, ümumiyyətlə MMC-yə hər hansı formada məlumat verməmişdir. Buna görə də, Natiqin xəsarət alması barədə hər hansı məlumatı yoxdur. Sonradan maraqlandıqda məlum olmuşdur ki, Zərərçəkmiş şəxs 30 noyabr 2022-ci il tarixdə iş prosesi zamanı həmin günün planına uyğun olaraq sexin içərisində dəmir yığılma hissəsində “badya” adlı qurğulara dəmir yığdıqdan sonra su içmək məqsədilə 01 dekabr 2022-ci il tarixdə saat 01 radələrində dəmirin ərintisi aparılan yerə getmiş, orada düzgün olmayan yolla, yəni hərəkət üçün nəzərdə tutulmamış yolla gedərək peçlərin yanından keçərkən peçə həmin vaxt ərinməsi üçün atılmış dəmir list peçin içərisinə düşdükdə peçdən sıçrayan ərinmiş metal sol əlinin üzərinə və ayağının baldır nahiyyəsinə düşmüş, bu barədə heç kəsə məlumat verməmiş, ciddi xəsarət almadığından işinə davam etmişdir. X7 zəruri iş geyim və ləvazimatları ilə təchiz edilsə də, hadisə zamanı geyinib-geyinməməsini bilmir. Zərərçəkmiş şəxs həmin təhlükəsizliklə əlaqədar bütü təlimatlar keçirilmiş, bilikləri yoxlanılmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 2022-ci ilin noyabr ayının 1-dən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “X10” MMC-nin balansında olan metaləritmə sexində fəhlə vəzifəsində işləyir. İşə daxil olarkən onunla əmək müqaviləsi bağlanmışdır. Fəhlə olaraq vəzifəsi zavoda yığılmış təkrar emala hazırlanan metal konstruksiyaların zavodun içərisində metal əritmə peçlərinə atılmasından ibarətdir. O, həmin zavodda gecə smenində axşam saat 19:00-dan səhər 07:00-dək işləyir. Ona gündəlik texniki təhlükəsizlik qaydaları, əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi barədə təlimatlar elan edilmiş, bununla bağlı təlimatlara imza etmişdir. 30 noyabr 2022-ci il tarixdə saat 19 radələrində iş qrafikinə uyğun olaraq işə gəlmiş və işinin icrası ilə əlaqədar zavodun içərisinə daxil olub həmin günün iş planına uyğun olaraq zavodun dəmir yığılma hissəsində “badya” adlı qurğulara dəmirləri yığmağa başlamışdır. Həmin gecə, artıq 01 dekabr 2022-ci il tarixdə saat 01 radələrində su içmək üçün dəmirin ərintisindən sonra istehsalının aparıldığı yerə getmişdir. O, həmin yerə getmək üçün metal əridilən isti peçlərin kənarından fırlanıb getməli olsa da, yolunu uzatmamaq üçün həmin peçlərin yaxınlığındakı yoldan keçərək getmişdir. Həmin vaxt peçlərin üzərində dəmirləri peçə atan digər fəhlə peçin yuxarısında olan platformadan təxminən 2 metr hündürlükdən istifadə olunmuş dəmir listi peçin içərisinə atdıqda peçdən sıçrayan ərinmiş metal sol əlinin üzərinə və ayağının baldır nahiyəsinə düşmüş, nəticədə xəsarət almışdır. Həmin gün o, evdən gətirdiyi köhnə paltarlarını geyinmiş, hadisə zamanı əlində əlcək olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar xəstəxanaya müraciət etməmişdir. Çünki, ciddi xəsarət almadığından buna ehtiyac olmamışdır. Ona dəymiş maddi ziyan ödənilmişdir, Şəxs qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Məhkəmə-tibb ekspertizasının 19 yanvar 2023-cü il tarixli 46 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol saidin arxa iç səthinin, sol əl pəncəsinin üst səthinin və sol budun ön səthinin depiqmentasiya sahələri-ll-İİİ ərəeəli termiki yanıqları olmuşdur. Qeyd olunan xəsarətlər - yüksək hərarətli əşyanın (ola bilsin maye halında metalın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. -Məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 27 yanvar 2023-cü il tarixli 10/368 nömrəli rəyindən görünür ki, “X10” MMC-nin metal ərinti sexində işləyən işçilərin qoruyucu vasitələr, xüsusi geyim və ayaqqabı ilə təmin edilmədən işə buraxılması və sexdə quraşdırılmış sobanın konstruksiyasında nəzərdə tutulmuş, eləcə də konstruksiyasına daxil olmayan qoruyucu (mühafizəedici) vasitələrin tətbiqinin təmin edilməməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.003-91 DÜST-nin 1.2 bəndinin və “Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqda təlimat”ın 3-cü bəndinin tələbləri cəmiyyətin direktoru tərəfindən pozulmuşdur. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2 “Sex rəisinin əmək funksiyası”nın tələblərinə əsaslanaraq, metal ərinti sexində quraşdırılmış sobanın təhlükəsiz istismarı üçün avadanlığın konstruksiyasında nəzərdə tutulmuş, eləcə də konstruksiyasına daxil olmayan qoruyucu (mühafizəedici) vasitələrin tətbiqini təmin etmədiyinə görə, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri”. 12.2.003-91 DÜST-nin 1.2 bəndinin tələbləri “X10” MMC-də sex rəisi vəzifəsində işləyən Şəxs tərəfindən pozulmuşdur. -Əmək müqaviləsinin bağlı əmək müqaviləsi bildirişindən və əmrdən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs 11 noyabr 2022-ci il tarixdə həmin tarixli ərizəsinə əsasən “X10” MMC-də fəhlə vəzifəsinə işə götürülmüşdür. - 15 noyabr 2022-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Şəxs “X10” MMC-yə sex rəisi vəzifəsinə təyin edilmişdir. -Bakı şəhəri Nizami rayon prokurorluğunun 28 yanvar 2023-cü il tarixli qərarından görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162 və 222-ci maddələrinin tərkibi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, “X10” MMC-də direktor vəzifəsində işləyən X8 və sex rəisi vəzifəsində işləyən Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən həmin fakt üzrə inzibati xəta haqqında iş üzrə icraatların başlanılması məsələsinə baxılması üçün toplanmış materialdan müvafiq sənədlər rayon prokuroruna təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1300 (bir min üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1034/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1034/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver