Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1036/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, M.H.Kazımov küçəsi, dalan 5, ev 3-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 20 aprel 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 29 sentyabr 2021-ci il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, “Oka minik” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə başqasına satmış, o da başqa şəxsə vermişdir. Həmin şəxslərin avtomobili idarə etdikləri müddətdə yol verdikləri pozuntulara görə 35 cərimə yazılmış, ümumilikdə 800 manat pul hesablanmışdır. Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmiş, ona məlumat verilmişdir ki, avtomobil axtarışa verilmişdir, lakin yeri müəyyən edilməmişdir. Özü ikinci qrup Qarabağ əlilidir, ehtiyacına görə avtomobilini satmışdır, buna baxmayaraq cərimələr əsassız olaraq onun adına hesablanır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan qərardan görünür ki, Şəxs 29 sentyabr 2021-ci il tarixdə “Oka minik” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 10 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Şəxs ünvanlanmış 20 oktyabr 2021-ci il tarixli 016-112149Ə-3221 nömrəli məktubundan görünür ki, mülkiyyətçisi olduğu “Oka minik” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili bir neçə il əvvəl etibarnamə əsasında satması, etibarnamənin qüvvədə olduğu müddətin bitməsinə baxmayaraq həmin şəxs tərəfindən qanunsuz olaraq idarə edilməsi və onun tərəfindən törədilən inzibati xətalara görə əsassız olaraq barəsində inzibati tənbeh vermə haqqında elektron qərarların çıxarılması ilə bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı ərizəsinə baxılmışdır. Qeyd edilən nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin nəqliyyat vasitəsi saxlanılmaqla qaldırdığı məsələnin müsbət həlli istiqamətində müvafiq tədbirlər görüləcək və nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs mülkiyyətçisi olduğu “Oka minik” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili bir neçə il əvvəl etibarnamə əsasında başqa şəxsə vermişdir, etibarnamənin qüvvədə olduğu müddətin bitməsinə baxmayaraq həmin şəxs tərəfindən avtomobilin idarə olunması davam etdirilir və həmin şəxs tərəfindən törədilən inzibati xətalara görə Şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılır. Bununla bağlı Şəxs DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı ərizəyə baxılmış, avtomobilin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Buna baxmayaraq Şəxs 29 sentyabr 2021-ci il tarixdə “Oka minik” markalı **- GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 10 manat məbləğində cərimə edilməsinə dair 29 sentyabr 2021-ci il tarixli qərar qəbul edilmiş, onun həmin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib olunmuş və mahiyyəti üzrə baxılmaıs üçün məhkəməyə göndərilmişdir. Sözügedən maddənin tələbinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, 29 sentyabr 2021-ci il tarixdə “Oka minik” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə törədilməsi ehtimal edilən inzibati xəta, həmin avtomobilin Şəxs istifadəsində, sərəncamında olmadığı dövrdə törədildiyindən, onun bu xətaya görə qəbul edilmiş 29 sentyabr 2021-ci il tarixli qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi üçün qanuni əsaslar olmamışdır, o, həmin əmələ görə inzibati qaydada təqsirli bilinərək tənbeh edilə bilməz, əməlində inzibati xəta tərkibi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1036/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1036/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver