Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1038/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Şamaxı rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayonunun Muğanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Q.Sadıq küçəsi ev 3də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 23 aprel 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 25 yanvar 2022-ci il tarixdə saat 19:41 radələrində idarə etdiyi “VAZ 2107” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində geriyə hərəkət etdirərkən bu manevrin təhlükəsiz olmasını, hərəkətin digər iştirakçılarına maneə yaratmamasını təmin etmədiyindən, piyada Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsi ilə vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 25 yanvar 2022-ci il tarixdə saat təxminən 19:20 radələrində idarə etdiyi “VAZ 2107” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Məryəm” marketin yanında saxlayaraq marketə daxil olmuş, “Million” aparatı vasitəsi ilə qaz pulunu ödədikdən sonra, saat 19:41 radələrində avtomobilə əyləşib arxa istiqamətə doğru idarə edib yola düzəlmək istəyəndə qəflətən səs gəlmiş, dərhal avtomobili saxlamış, düşüb maraqlananda avtomobili arxaya verən zaman tanımadığı bir piyadaya dəydiyini bilmişdir. Sonradan tanıdığı Zərərçəkmiş şəxs yaxınlaşaraq vəziyyəti ilə maraqlanmış, Zərərçəkmiş şəxs ona çıxıb getməsini, bir şeyi olmadığını demişdir. Lakin sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs tibbi yardım almaq üçün həkimə müraciət etmişdir. O, Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanmış, maddi köməklik göstərmişdir, zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbinin olmamasına dair ərizə vermişdir. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində cərimə təyin olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi izahatında göstərmişdir ki, 25 yanvar 2022-ci il tarixdə saat təxminən 19:20-19:30 radələrində evə gedən zaman Keşlə qəsəbəsində “Məryəm” marketə daxil olub özü üçün siqaret alıb çıxmış, sonra çöldə siqaret yandırıb çəkən vaxt marketin qarşısında dayanmış vəziyyətdə olan “VAZ 2107” markalı avtomobil arxa istiqamətə, yəni onun dayandığı hissəyə yüksək sürətlə idarə edib onu vurmuş və o, xəsarət alaraq yerə yıxılmışdır. İşdə olan canlı şəxsin ekspertizasına dair 31 yanvar 2022-ci il tarixli 72 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ budun sıyrığı, hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 mart 2022-ci il tarixli 8/623 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2107” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərina riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə əsasən “VAZ 2107” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış materialın Nizami Rayon Məhkəməsinə təqdim olunması məqsədilə RPİ-nin DYPŞ-nə göndərilməsi, gələcəkdə dəymiş ziyan ödənilmədiyi halda zərərçəkmiş şəxsin mülki qaydada məhkəməyə müraciət etmək hüqurunun olması izah edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla razılıq əldə etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1038/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1038/2022
03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver