Məhkəmə qərarları › İş №3(007)-1039/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1039/2021

09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1039/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Nəzərova Könül Aydın qızının xx xxxxxx 1973-cü ildə Masallı rayonu, Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 247 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin qəbul etdiyi xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolların və inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx.xx.2020-ci il tarixdə saat 20:35-də R.M.İbrahimov küçəsi, ev 1 ünvanında yerləşən “Boranı” restoranında açıq havada olan qida qəbulu sahəsində oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən az olması faktı müəyyən edilmişdir və bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Operativ X1 baş dövlət vergi müfəttişi S.A.Salayev tərəfindən xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəticədə Nəzərova Könül Aydın qızı Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə saat 14:00-da ünvan 2 ünvanında yerləşən “Boranı” restoranında NK-nin xx.xx.2020-ci il tarixli, 189 saylı qərarına əsasən karantin dövründə fərdi qoruyucu vasitələrdən istifadə olunmaması faktı aşkar edilmişdir və bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin dövlət vergi müfəttişi A.Q.İbrahimov tərəfindən xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəticədə fərdi sahibkar Nəzərova Könül Aydın qızı Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunan protokollar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin rəis müavini Z.Z.İmranov tərəfindən xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən Nəzərova Könül Aydın qızı Azərbaycan Respublikası İXM-nin 211.1 və 211.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 3200 manat məbləğində cərimə edilmişdir. Nəzərova Könül Aydın qızı məhkəməyə şikayət verərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli protokolların və xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Operativ X3 tərəfindən fərdi sahibkar Nəzərova Könül Aydın qızı barəsində xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* saylı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən isə xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* saylı protokollar tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarda müəyyən olunmuşdur ki, fərdi sahibkar Nəzərova Könül Aydın qızı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3200 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarda iaşə obyektində masa ətrafında müştərilər arasındakı məsafənin 1 metr saxlanılmadığı müəyyən olunmuşdur. Belə ki, “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də nəzərdə tutulan tələblərə əməl olunmuş, masa ətrafında oturacaqlar arasındakı 1 metr məsafə gözlənilmişdir. İctimai iaşə obyektində yoxlama keçirilərkən əməkdaşlar tərəfindən hansı əsaslarla və nə səbəbdən qaydaların əksini təyin etdikləri, əgər masada müştərilər var idisə niyə onların izahatlarının alınmadığı və protokola əlavə olunmadığı da mübahisələndirilməlidir. Qərardan şikayət vermiş şəxs və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Operativ X1 baş DVM S.A.Salayev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 20:35-də R.M.İbrahimov küçəsi, ev 1 ünvanında yerləşən “Boranı” restoranında açıq havada olan qida qəbulu sahəsində oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən az olması faktı müəyyən edilmişdir. Nəticədə Nəzərova Könül Aydın qızı Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin DVM A.Q.İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 14:00-da ünvan 2 ünvanında yerləşən “Boranı” restoranında NK-nin xx.xx.2020-ci il tarixli, 189 saylı qərarına əsasən karantin dövründə fərdi qoruyucu vasitələrdən istifadə olunmaması faktı aşkar edilmişdir. Nəticədə fərdi sahibkar Nəzərova Könül Aydın qızı Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin rəis müavini Z.Z.İmranov tərəfindən qəbul edilmiş MN seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Nəzərova Könül Aydın qızı Azərbaycan Respublikası İXM-nin 211.1 və 211.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 3200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə xx.xx.2020-ci il tarixli, 189 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə xx.xx.2020-ci il tarixli, 237 nömrəli qərarının 2-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Nəzərova Könül Aydın qızının fəaliyyət göstərdiyi restoranın qida qəbulu zalında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən az olmamalı olması barədə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş norma və tələblər pozulmuşdur. Bununla da Nəzərova Könül Aydın qızının barəsində Azərbaycan Respublikası İXM-nin 211.1 və 211.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə inzibati icraatın başlanması, onun inzibati qaydada məsuliyyətə cəlb olunaraq tənbeh edilməsi əsaslı olmuşdur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxs Nəzərova Könül Aydın qızının Azərbaycan Respublikası İXM-nin 211.1 və 211.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunvericiliyin mənasından da göründüyü kimi, inzibati xəta haqqında protokoldan deyil, məhz həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən fərdi sahibkar Nəzərova Könül Aydın qızı barəsində tərtib edilmiş xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixli inzibati xəta haqqında protokolların ləğv edilməsi barədə K.A.Nəzərovanın xahişi əsassızdır və təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, K.A.Nəzərovanın yalnız formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Nəzərova Könül Aydın qızının şikayəti təmin edilməsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin rəis müavini Z.Z.İmranov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar