Məhkəmə qərarları › İş №3(007)-1044/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1044/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1044/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, 21 mart 1969-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Əylis kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X3, barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 28 sentyabr 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilməsinə görə, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci madəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1700 manat məbləğində cərimə edilmişdir. X1 Bakı şəhər Nizami rayon Məhkəməsinə şikayət vermiş və şikayəti onunla əsaslandırmışdır ki, “Darçın” şirniyyat sexinin idarəedicisi olmuş, sex şirniyyat sexi olmaqla onun istehsalı və satşı ilə məşğul olmuş, bütün dünyanı bürüyən Covid-19 virusu ilə əlaqədar bütün fəaliyyət sahələri dayanmış və ümumiyyətlə iş görülməsi üçün məhdudiyyətlər yaranmışdır. Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə Nazirlər Kabinetinin 25.03.2020-ci il tarixli, 113 saylı qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26-28 mart və 30 mart-4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilməsi barədə qərar qəbul etmişdir. Həmçinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin 30.03.2020-ci il tarixli, 120 saylı qərarı ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Yoluxucu, parazitar və kütləvi qeyri yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə onlara aid istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il tarixdə saat 00:00-dan 20 aprel 2020-ci il tarixədək saat 00:00-dək dayandırılması və insanların fərdi evlərdən və mənzillərdən təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkünlüyü qərara alınmışdır. 2020-ci ilin mart-aprel dövrlərində iş olmadığından və virusun zərbəsindən fəaliyyətlərində ciddi problemlər yaranmışdır. Belə ki, şirniyyat sexində bişirilən malların satışında azalmalar olduğundan və mart ayının sonunda satış olmadığından fəaliyyətinin dayandırılması qərarına gəlmişdir. Həmin vaxt işçilərin hamısını çağıraraq onlara artıq işləməyəcəyini bildirməklə onlara son-haqq hesablarını ödəməklə artıq fəaliyyətinin dayandırılacağını bildirmişdir. Öz növbəsində X5 da daxil olmaqla hamısının son əmək haqqını verməklə və imza etdirməklə vidalaşmışdır. Bütün işçilər, həmçinin Xalidə də daxil olmaqla, artıq növbəti aydan fəaliyyətinin dayandırılacağı və onların işçi kimi əmək müqavilələrinə xitam veriləcəyi barədə məlumat verilmişdir. Pandemiya dövründə heç kim işləmədiyi kimi onlarda da iş olmamış və sex martın sonu, aprel, may, iyun, iyul aylarında tam bağlı qalmışdır. May ayında tam fəaliyyətini dayandırması barədə müvafiq olaraq vergiyə və digər idarələrə müraciət etməklə VÖEN-ni bağlatdırmışdır. Xalidəni kimsə öyrədərək ondan şikayət etdirmiş və Xalidənin məqsədi ondan işləmədiyi aylarda pul almaq olmuşdur. Vergilər Nazirliyinin “işçiləri çıxartmaq olmaz” devizini əsas tutaraq ondan pul tələb etmiş, o da öz növbəsində “işləməmişəm, necə işçiyə əmək haqqı verim” deyərək ona rədd cavabı vermişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarı ilə, X3 şikayəti təmin edilməmişdir. X1 Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərarı ilə, X3 şikayəti qismən təmin edilərək, Bakı şəhər Nizami rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X6 şikayətin məzmununa uyğun izahat vermiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi H.T.Ədhəmov tərəfindən qəbul edilmiş 28.09.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati orqana vaxtında məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İnzibati işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli araşdırıb, icraatda iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq arayışından görünür ki, vergi ödəyicisi X3 müraciəti əsasında sonuncuya aid Şirniyyat Sexinin fəaliyyəti 05 may 2020-ci il tarixdən 05 may 2025-ci il tarixədək dayandırılmışdır. İş mteriallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işə götürən X6 tərəfindən işçi X5 ilə 17.12.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə 02.05.2020-ci il tarixdə xitam verilmişdir. İş mteriallarında olan 02.05.2020-ci il tarixli 02 №-li əmrin surətindən görünür ki, fiziki şəxs X6 fəaliyyətinin dayandırılması və iş həcmi olmadığı üçün həmin tarixdən X5 daxil olmaqla işçilərin əmək müqaviləsinə xitam vermişdir. İş mteriallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin X4 ünvanlanmış məktubundan görünür ki, D.A.Məmmədovanın 07.05.2020-ci tarixli ərizəsinə əsasən nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmış və 05.05.2020-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti 05 may 2020-ci il tarixdən 05 may 2025-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci madəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 28 sentyabr 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci madəsinin tələbinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericliyin tələblərini nəzərə alaraq hesab edir ki, 28 sentyabr 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar