Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1044/2024 22.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 dekabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, 1-ci Köndələn ev 23, mənzil 4/1A olan Şəxs MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda 24 oktyabr 2022-ci il tarixdə rəsmiləşdirilmiş yükün müqabilində bəyannamə üzrə köçürülməli olan 6688,64 ABŞ dolları (milli valyutaya nisbətdə 11370,68 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməsi təmin edilməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş, az miqdar hesab olunan həmin xarici valyuta vəsaiti xaricdən qaytarılmamışdır. Bakı şəhəri Nizami rayon prokurorluğunun 28 sentyabr 2023-cü il tarixli qərarı ilə Şəxs MMC-nin “X3” MMC ilə bağlanılmış 24 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Qətər Dövlətinə 10 ton dondurulmuş iribuynuzlu mal əti satılması üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş 02 ədəd gömrük bəyannaməsi əsasında Qətər Dövlətinə göndərilmiş malın konsiqnasiya yolu ilə ixrac edilməklə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bank hesabına məcburi qaydada köçürülməli olan, ümumilikdə 22921,54 ABŞ dolları, milli valyutaya nisbətdə 38966,6 manat məbləğində pul vəsaitinin xaricdən qaytarılmaması faktı üzrə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs MMC-nin hesabına köçürülmüş 6688,64 ABŞ dolları, milli valyutaya nisbətdə 11370,68 manat məbləğində pul vəsaitinin qalıq qalaraq xaricdən qaytarılmaması, qalıq qalan həmin məbləğdə pul vəsaitinin Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməsi ilə bağlı Şəxs MMC-nin barəsində 02 oktyabr 2023-cü il tarixdə inzibati icraat başlanılmış, baxılması üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilmiş, həmin orqan tərəfindən yuxarıda qeyd olunan 28 dekabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati material 28 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 22 yanvar 2024-cü il tarixli qərardadı ilə aidiyyəti üzrə göndərilməklə 12 fevral 2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorluğunun və inzibati xəta haqqında protokolu tərtib etmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs MMC əsasən qida məhsullarının paylanmasını həyata keçirir, bəzən isə ölkə xaricinə ət məhsulu ixrac edir. İxrac malları beynəlxalq logistika şirkətləri vasitəsi ilə xarici ölkələrə göndərilir. İxrac olunan malların pulu isə MMC-nin "xxxx" ASC-də olan hesabına köçürülür. 24 oktyabr 2022-ci il tarixli 10/11 nömrəli alqı-satqı müqaviləsinə əsasən **********1556 və **********7468 nömrəli bəyannamələr üzrə 22921,54 ABŞ dolları miqdarında Qətər Əmirliyinə ət məhsulu göndərilmişdir. Həmin məbləğin 16232,90 ABŞ dolları miqdarında hissəsi Şəxs MMC-nin "xxxx" ASC-də olan hesabına köçürülmüşdür. Bununla əlaqədar prokurorluqda araşdırma aparılmış, müəyyən edilmişdir ki, 22921,54 ABŞ dolları, milli valyutaya nisbətdə 38966,6 manat məbləğində pul vəsaitinin 16232,90 ABŞ dolları miqdarında hissəsi xaricdən qaytarılmışdır, buna görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan 6688,64 ABŞ dolları miqdarında pul vəsaitinin geri qaytarılmaması məsələsini onunla izah edir ki, daşınma xərclərinin alıcı şirkət tərəfindən qarşılanması barədə Şəxs MMC arasında razılıq olsa da, həmin məbləğ səhvən gömrük bəyannamasində göstərilmişdir. Həmin məbləğ daşınma xərcləri olmasına baxmayaraq, ət məhsulunun qiyməti ilə birlikdə daşınma xərcləri də gömrük bəyannaməsində göstərilmişdir. Bununla bağlı Gömrük Komitəsinə ərizə ilə müraciət edərək texniki səhvliuin aradan qaldırılmasını xahiş etmişlər. Belə olan halda, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda 24 oktyabr 2022-ci il tarixdə rəsmiləşdirilməklə ölkə xaricinə ixrac edilmiş yükün müqabilində bəyannamə üzrə köçürülməli olan 6688,64 ABŞ dolları (milli valyutaya nisbətdə 11370,68 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bank hesabına köçürülməsi təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmiş, inzibati xətalar qanunvericiliyinin tələbləri həmin MMC tərəfindən pozulmuşdur ki, bu da, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin təsiri altına düşməklə, sözügedən maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Maddənin “Qeyd”indən görünür ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, hüquqi şəxsin nümayəndəsinin irəli sürdüyü dəlilləri əsassız hesab edir və vəzifəli şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd edilməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 9 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasını özündə ehtiva edən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi gömrük qaydaları əleyhinə olan inzibati xətalara aiddir və belə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Lakin Bakı şəhəri Nizami rayon prokurorluğunun 28 sentyabr 2023-cü il tarixli qərarı ilə Şəxs MMC-nin 24 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Qətər Dövlətinə 10 ton dondurulmuş iribuynuzlu mal əti satılması üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş 02 ədəd gömrük bəyannaməsi əsasında Qətər Dövlətinə göndərilmiş malın konsiqnasiya yolu ilə ixrac edilməklə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bank hesabına məcburi qaydada köçürülməli olan, ümumilikdə 22921,54 ABŞ dolları, milli valyutaya nisbətdə 38966,6 manat məbləğində pul vəsaitinin xaricdən qaytarılmaması faktı üzrə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs MMC-nin hesabına köçürülmüş 6688,64 ABŞ dolları, milli valyutaya nisbətdə 11370,68 manat məbləğində pul vəsaitinin qalıq qalaraq xaricdən qaytarılmaması, qalıq qalan həmin məbləğdə pul vəsaitinin Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməsi ilə bağlı Şəxs MMC-nin barəsində 02 oktyabr 2023-cü il tarixdə inzibati icraat başlanılmış, baxılması üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilmiş, həmin orqan tərəfindən 28 dekabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada, yəni cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən üç aydan çox müddət keçdiyindən xitam verilməli və MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 38.3-cü maddəsində göstərilən qaydada inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilsin və məhdud məsuliyyətli cəmiyyət inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1044/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1044/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver