Məhkəmə qərarları › İş №3(007)-1047/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1047/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1047/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X17, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Dağıstan MR-nın, Xasavyurt şəhərində anadan olmuş, Quba rayonu, Hacıhüseynli ərazi dairəsi, Hacıhüseynli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2013 saylı, xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3181/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədlərini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru T.S.Ağayev tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X31 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsində barəsində iki icra sənədi var. İcra sənədi üzrə tələbkar Akif Cəfərovdan başqa şikayət edən yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Akif Cəfərova verməli olduğu vəsait dolların manata məzənnəsinə çevrilmiş və həmin borc ödənilmişdir. Hökm üzrə verilmiş icra vərəqəsində göstərilən digər zərərçəkmiş şəxslər ondan şikayətçi deyillər. Onlardan ərizə alıb İcra Şöbəsinə verəcəkdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə 500 manat ödəyəcəkdir. Tələbkarlarla borcun hissə-hissə ödənilməsi barədə razılığa gəlmək istəyir. Məhkəmədən barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. X1, X5, X12, X14, X8, X6, X18, X15, X27, X33, X16, X28 və X37 məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3181/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 2070.64 manat məbləğində pul vəsaitinin tutularaq X23 ödənilməsi qət edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2013 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Alxasova (Süleymanova) Sabrina Cavidovnadan 16000 manat məbləğində pul vəsaitinin alınaraq X2, 7000 manat məbləğində pul vəsaitinin alınaraq X7, 15000 ABŞ dolları və 1500 manat məbləğində pul vəsaitinin alınaraq X9, 50000 manat məbləğində pul vəsaitinin alınaraq X4, 10000 manat və 8750 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq X3, 15600 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq X13, 7000 manat məbləğində pul vəsaitinin alınaraq X10, 3300 manat məbləğində pul vəsaitinin alınaraq X19, 6600 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq X24, 3500 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq X11, 6000 manat və 2000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq X20 və 17000 manat məbləğində pul vəsaitinin alınaraq X29 verilməsi qərara alınmışdır. - icra tədbirlərinin davam etdirilməsi haqqında xx.xx.2022-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2013 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. - icra tədbirlərinin davam etdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3181/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. - bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2013 saylı, xx.xx.2019cu il tarixli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3181/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2013 saylı, xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3181/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz olaraq icra sənədini icra etməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarların mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar