Məhkəmə qərarları › İş №3(007)-1048/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1048/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1048/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Saatlı rayonunun Şirinbəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayonunun Şirinbəy kəndində qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu, Ş.M.Xiyabani küçəsi, ev 100/1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 07 fevral 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 26 avqust 2024-cü il tarixdə saat 18:20 radələrində idarə etdiyi “VAZ 21214 minik” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Babək prospekti ilə hərəkətdə olarkən, həmin prospektlə Kamran Əfkari küçəsinin kəsişməsində yerləşən işıqforlar işləmədiyi üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfərləri tərəfindən süni tıxac yaranmaması məqsədi ilə X1 idarə etdiyi “Mercedess Benz S560” markalı **- UN-*** dövlət qeydiyyat nişanlı avtomobili post-patrul xidməti bölüyünün polis nəfəri tərəfindən “hərəkətə başla” işarəsi əsasında manevrə başlayarkən, Babək prospekti ilə üzü Yusif Səfərov küçəsi istiqamətində 1-ci zolaqla hərəkət edən Şəxs idarə etdiyi “VAZ 21214” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, post-patrul xidməti bölüyünün polis nəfərinin “hərəkəti dayandır” yol nizamlamasına fikir vermədən hərəkətini davam etdirib, Kamran Əfkari küçəsinə daxil olduğu anda avtomobilin ön hissəsi ilə “Mercedes” markalı avtomobilin ön sol hissəsi ilə toqquşmuş, nəticəsində “VAZ 21214” markalı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 26 avqust 2024-cü il tarixdə saat 18 radələrində “VAZ 21214” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Nizami rayonu Babək prospektində hərəkətdə olmuşdur. Həmin vaxt bir DYP maşını Keşlə qəsəbəsindən Babək prospektindəki baş yola daxil olmuş, onun müşayiət etdiyi sabiq deputatın “Mercedes Benz S560” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı maşın isə xidməti avtomobilin sağ yanından nisbətən arxada hərəkətdə olmuşdur. O, öz hərəkət yolu ilə 1-ci zolaqla Babək prospektində şəhərin mərkəzinə doğru təxminən 40 km/saat sürətlə hərəkət etmişdir. Onun qarşısında heç bir maşın olmamış və yol açıq olmuşdur. “Mercedes” markalı maşını müşayiət edən DYP maşını anidən qarşısına çıxaraq qəza şəraiti yaratmış, o, DYP maşınını vurmamaq üçün öz maşınını qaçırmış və DYP maşınının sağ tərəfi ilə hərəkət edən “Mercedes” markalı maşın ilə toqquşmuşdur. “Mercedes” markalı maşın ilə onun maşını arasındakı məsafə 1-2 metr olduğundan hadisə qaçılmaz olmuş və heç bir halda qarşısını almaq mümkün olmamışdır. Hadisə yerinə Kənan adlı təhqiqatçı gəlmiş, orada ona demişdir ki, kameralar işləyir, narahat olmasın, açıb baxarlar. Səhər polis idarəsinə getmiş, orada Kənan ona demişdir ki, o yox, başqa təhqiqatçı işə baxır. Sonra həmin təhqiqatçının yanına getmiş, Ənvər adlı həmin təhqiqatçı demişdir ki, kameralar işləmir. Protokolda göstərilən hal şahidləri hadisə yerində olmamışlar. Özü hadisə yerini görə bilən obyektdə quraşdırılmış müşahidə kamerasından görüntülər götürərək məhkəməyə təqdim etmişdir. Onun izahatında qeyd olunanlar həmin görüntü ilə təsdiq olunur. Barəsində qanunsuz və əsassız olaraq inzibati protokol tərtib edilmiş, günahı onun üzərinə atmışlar. Qeyd etdiklərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 26 avqust 2024cü il tarixdə saat 18 radələrində Şəxs idarə etdiyi “VAZ 21214” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Nizami rayonu Babək prospektində hərəkətdə olmuşlar. Özalla Yasamalda birlikdə işləyirlər deyə axşamlar adətən evə birlikdə getmişlər. Həmin vaxt yolda sürət axıcı olmuş, onlar da təxminən 40-45 km/saat sürətlə axıcı bir şəkildə getmişlər. Sağ tərəf də axıcı sürətlə hərəkətdə olmuşdur. Qəflətən yol polisi qarşılarına çıxmış, anidən digər maşına dəymişlər. Hadisə zamanı o, xəsarət almışdır. Hazırda müalicə olunmuşdur, Şəxs şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir. 26 avqust 2024-cü il tarixdə saat 18 radələrində xidməti ərazidə olarkən Bakı şəhəri Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yerləşən işıqforlar işləmədiyi üçün efir vasitəsi ilə yolu tənzimləmələri ilə bağlı göstəriş verilmişdir. Yolu tənzimlədikləri müddətdə, yolu bağlamalarına baxmayaraq “VAZ 21214” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz S560” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bir nəfər sərnişin xəsarət aldığından təcili yardıma, polis idarəsinə xəbər vermişlər. O, üzü maşın bazarı, şəhər istiqaməti üzrə yolu bağlamışdır. “Niva” markalı nqəliyyat vasitəsi üçüncü zolaqdan bordürün dibindən çıxaraq yoluna davam etmək istədikdə hadisə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir. 26 avqust 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yerləşən işıqforlar işləmədiyi üçün efir vasitəsi ilə verilmiş göstəriş əsasında yolu tənzimləmişlər. Hadisə iştirakçısı olan “Niva” markalı nəqliyyat vasitəsi baş yolla hərəkətdə olmuşdur. O, “Monte Karlo” şadlıq sarayının qarşısında dayanaraq yolu tənzimləmiş, “Niva” ilə şadlıq sarayının arasında durmuş və həmin istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinə “saxla” əmri vermişdir. “Niva” markalı nəqliyyat vasitəsi isə buna baxmayaraq yoluna davam etmiş və bu zaman hadisə baş vermişdir. Yaranmış zərurətlə bağlı məhkəmə iclasına dəvət edilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X4 göstərmişdir ki, 26 avqust 2024-cü il tarixdə saat 18:20-də Nizami rayon polis idarəsinin PPXB-nin 5969 saylı avtopatrulu polis idarəsinə, Babək prospektində “Monte Karlo” şadlıq sarayının qarşısında “VAZ 21214” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz S560” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillər arasında toqquşma baş verdiyinə, hadisə zamanı bədənə xəsarəti alan olduğuna dair məlumat vermişdir. Həmin faktla bağlı hadisə yerinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək protokola əlavə edilmiş, araşdırmanın gedişində məhkəmə-tibbi və yol-nəqliyyat eksertizaları təyin etmiş, izahatlar almışdır. Sonda, “VAZ 21214” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti aldığı müəyyən edilmiş, sürücü Şəxs əməlində cinayət tərkibi yaranmadığından cinayət işinin başlanılması rədd edilməli, sürücünün İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll edilmişdir. Hadisə zamanı Bakı şəhəri Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yerləşən işıqforlar işləmədiyi üçün efir vasitəsi ilə verilmiş göstəriş əsasında Nizami rayon polis idarəsinin PPXB-nin 5969 saylı avtopatrul naryadı yolu tənzimləmişlər. İşdə olan canlı şəxsin ekspertizasına dair 10 sentyabr 2024-cü il tarixli 777 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs alnın ön səthinin əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 yanvar 2025-ci il tarixli 8/2486 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Niva markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə Mercedes-Benz S560 markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İşdə olan 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, HK/1-529 nömrəli araşdırma materialı üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs irəli sürdüyü dəlillər və təqdim etdiyi videogörüntü məhkəmə iclasında hərtərəfli, tam və obyektiv surətdə araşdırılmış və tədqiq olunmuş, lakin onun inzibati xətanın törədilməsində təqsirli olmaması ilə bağlı həmin dəlillərinin əsassız olması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin şikayətinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 128 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar