Məhkəmə qərarları › İş №3(007)-1054/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1054/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1054/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, şikayət vermiş şəxs X2, onun nümayəndəsi X3 iştirakları ilə, X2 Qusar rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixində qardaşı X3 idarə etdiyi ** NN *** dövlət nömrə nişanlı şəxsi avtomobili ilə pandemiya dövründə qardaşı, bacısı və anası ilə birlikdə yaşadıqları qardaşına məxsus olan Qusar rayonu, Hiloba kəndində (0.15 ha) həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən üzü Quba-Bakı istiqamətində hərəkət edərkən avtomobilləri polis əməkdaşları tərəfindən şaxlanılmışdır. Onlara yaxınlaşan polis əməkdaşları icazə vərəqlərinin təqdim edilməsini tələb etdikdə, cavab olaraq onlara Qusar rayonunun ərazisində xüsusi karantin rejiminin tətbiq edilmədiyini (sms icazə tələb edilmir), eyni zamanda avtomobildə olan bütün ailə üzvlərinin ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşadıqları üçün Bakı şəhərinə getdiklərini bildirmişlər. Polis əməkdaşları onların qanun pozuntusuna yol verdiklərini bildirsələr də, hansı hüquqazidd hərəkəti ilə, hansı qanun pozuntusuna yol verdiklərini izah edə bilməmişlər. Bu zaman polis əməkdaşlarına bir daha əslən Qusarlı olduqlarını, rayonun Hiloba kəndi ərazisində ailələrinə məxsus fərdi yaşayış evində faktiki olaraq yaşadıqlarını, qardaşı X3 rayon ərazisində fermer təsərrüfatı ilə məşğul olmasını və bununla əlaqədar uzun müddət öncə hələ ölkə ərazisində karantin rejimi tətbiq edilmədən ailəliklə Qusar rayonuna gəldiklərini və burada yaşadıqlarını bildirsələr də, bu izahatları nəzərə alınmadan barələrində inzibatı tənbeh haqqınd qərarlar qəbul edilmişdir. Onun barəsində qəbul edilmiş qərarın məzmunundan görünür ki, polis əməkdaşı AR İXM-nin 211-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin hansı tələbinin, hansı formada tərəfindən pozulmasını əsaslandıra bilməmişdir, halbuki inzibati qanunvericiliyin tələblərinə əsasən inzibati tənbeh haqqında qərar qəbul edilərkən həmin qərar inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalı idi. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtlaşdirilməsi ilə bağlı əlavə tədbirlər birədə” xx xxxx 2020-ci il tarixli 208 nömrəli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” x xxxx 2020-ci il tarixli 206 nömrəli qərarlarından göründüyü kimi barəsində inzibati tənbeh haqqında qərar qəbul edildiyi Qusar rayonunun ərazisində xüsusi karantin rejimi tətbiq edilməyib və vətəndaşların SMS icazə vasitəsi ilə hərəkət etməsi tələbi olmayıb. Həmçinin Respublikanın bölgələrində olan Bakı şəhərində qeydiyyatda olan vətəndaşların öz evlərinə qayıtmasına da hər hansı məhdudiyyət mövcud olmayıb. Qanunvericiliyin tələblərinin açıq surətdə pozulması və heç bir hüquqi əsas olmadan qəbul edildiyindən Qusar rayon DYP şöbəsinin xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və barəsində başlanılmış inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X4 və onun nümayəndəsi X6 şikayətin dəlillərini müdafiə edərək məhkəmədən şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Qusar rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Qusar rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Qusar şəhəri, H.Əliyev prospektində X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə o, 200 manat məbləğində inzibati cərimə edilmişdir; -Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 245F nömrəli (kod 30111028) şəhadətnamənin surətindən görünür ki, Bakı şəhər sakini X5 Qusar rayonunun Hiloba kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, X4 ünvan 1 ünvanında qeydiyyatdadır, Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına və xx xxxx 2020-ci il tarixdə bu qərar qüvvədə olmasına baxmayaraq, həmin Qanunun tələbləri onun tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarı ilə müəyyən olunur ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xx xxxx 2020-ci il saat 00:00-dan x xxxx 2020-ci il saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmiş, müvafiq iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılmış; müəyyən edilmiş şəxslərin xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilməsinə icazə verilmiş; digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının və zəruri sahələr üzrə orqanların əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verildiyi müəyyən edilmiş; belə şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; yaxın qohumunun dəfnində iştirakla əlaqədar icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərilməsi şərti ilə icazə verilmişdir. Qərarın 2-ci bəndinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli 236 nömrəli qərarına əsasən Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarı ilə müəyyən edilmiş xüsusi karantin rejimi qaydaları qüvvədə qalmaqla, bu qaydaların müddəti xx xxxx 2020-ci il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd edildiyi kimi, yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı şəhəri və digər ərazilərdə xx xxxx 2020-ci il saat 00:00-dan x xxxx 2020-ci il saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmiş, fəaliyyət və hərəkət etmələrinə icazə verilmiş şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə imkan verən hallar dəqiq müəyyən edilmiş, qərarlarda öz əksini tapmış, görülən tədbirlər, qəbul edilən qərarlar, insanların gözləyən real təhlükə (virusun geniş yayılma ehtimalı), ondan qorunmağın yolları barədə ictimaiyyət geniş məlumatlandırılmışdır. Qərardan şikayət vermiş X4 Bakı şəhərində qeydiyyatdadır və baxmayaraq ki, özünün bildirdiyi kimi, əslən Qusar rayonundandır, istinad edilən qanunun mənasına görə, o, Bakı şəhərində yaşadığı sahəni tərk edərkən müvafiq indeks üzrə müəyyən olunmuş saat çərçivəsində SMS icazə alaraq hərəkət edə bilərdi. Hansı ki, xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərara əsasən müvafiq indeks üzrə yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilmişdir. X2 yaşayış yerini və olduğu yeri tərk etmək üçün həmin qərarla müəyyən edilmiş qaydada icazəsi olmadığına görə onun tərəfindən İXM-nin 211.1-ci ilə nəzərdə tutulmuş inzibati xəta artıq törədilmiş hesab edilməlidir, onun karantin rejimlərinin pozulması ilə müşayiət edilən hərəkətinə görə inzibati xətaya görə təqsirli bilinməsi əsaslı hesab edilməlidir. Sübut qismində təqdim edilmiş torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə gəldikdə, məhkəmə qeyd edir ki, həmin şəhadətnamədə şikayət verən şəxs mülkiyyətçi və ya mülkiyyətçilərdən biri kimi qeydə alınmamışdır, şəhadətnamədə qeyd edilən torpaq sahəsi şikayət verən şəxsin qardaşının adınadır, onun tərəfindən inzibati xətanın törədilib-törədilməməsi məsələsinə isə hazırkı şikayətə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, Qusar rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar