Məhkəmə qərarları › İş №3(007)-1059/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1059/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1059/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X4 iştirakı ilə, X4 Bakı Nəqliyyat Agentliyinin xx xxxxxx 2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı Nəqliyyat Agentliyinin xx xxxxxx 2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus “Kia Optima” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində Bakı Nəqliyyat Agentliyinin tərtib etdiyi 40 AZN miqdarında inzibati tənbeh vermə haqqında qərar olduğunu qərarın verilmə tarixindən 2 təqvim ayı sonra təsadüf nəticəsində öyrənmişdir. Dərhal telefonla zəng edərək inzibati qaydada öz şikayətini bildirmişdir və şikayətinə baxılması barədə Agentliyin “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş” şöbəsinin müdiri Sehmur Quliyev tərəfindən imzalanmış 07-00803/L-01090 nömrəli və xx xxxxxx 2021-ci il tarixli cavab məktubunu xx xxxxxx 2021-ci il tarixində poçt göndərişi şəklində əldə etmişdir. Ona göndərilən cavab məktubuna verilmiş qərar və şəkillər əlavə olunsa da və hətta sms məlumatın göndərilməməsinin səbəbi Baş Dövlət Yol Polisi İdarəsinin X2 mobil telefon nömrəsinin əks olunmadığı olduğu qeyd edilsə də, hansı səbəblə İnzibati Xətalar Məcəlləsinin 125.2.3-cü maddəsində qeyd edildiyi kimi qərarın kağız daşıyıcıda çap olunaraq 2 gün müddətində eyni Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada göndərilmədiyi barədə heç bir məlumat yazılmamışdır. Göründüyü kimi BNA-nın səlahiyyətli şəxsləri İXM-nin 125.2.3-cü maddəsini kobud surətdə pozaraq vətəndaşın barəsində verilən qərardan məlumatlanması hüququnu əlindən almışdır. Buna əlavə olaraq verdiyi inzibati şikayəti ətraflı araşdırmadan yenidən bir dövlət qulluqçuları kimi Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” qanunun tələblərini heçə saymışlar. Hesab edir ki, vətəndaşın yuxarıda qeyd edilən qanun maddələri ilə hüquqlarının bərpa edilməsi naminə İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi halı mövcud olduğu üçün qərarın ləğvinə və ya bir daha məsuliyyətsiz yanaşmaması üçün cərimə məbləğinin BNA-nın bu qanun pozuntusuna cavabdeh şəxsinin vəzifə maaşından tutularaq dövlət büdcəsinə ödənilməsi barədə dəyişiklik edilməsinə əsaslı zəmin yaranmışdır. xx xxxxxx 2020-ci il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, ona məlumat verilmədən ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin xitamı barədə və ya onun əvəzinə BNA-nın təqsirli əməkdaşının əmək haqqından tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeydə alınmış inzibati xəta hadisəsini etiraf edir, o, xətanın qeydə alındığı vaxt avtomobilini qadağan olunmuş yerdə saxlamışdır. O, şikayətində həmin şikayət verməsinin məqsədlərini izah etmişdir, hesab edir ki, şikayəti əsaslıdır. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Nəqliyyat Agentliyinin xx xxxxxx 2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından və qərara əlavə edilmiş fotocədvəldən görünür ki, Nizami rayonu, Q.Qarayev prospekti, “Neftçilər” metrostansiyası yaxınlığında xx xxxxxx 2020-ci il tarixdə saat 16:52də ümumi istifadədə olan nəqliyyat vasitəsinin dayanacaq meydançasında 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayandığından “Kia Optima minik” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X5 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanma qadağandır. Həmin maddənin İV-İ hissəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X5 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 16:52-də qeyd edilən inzibati xətanı törətməsi, onun həmin xətanın törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir, xüsusən nəzərə alınmalıdır ki, X4 özü məhkəmədə verdiyi izahatında inzibati xətaya yol verdiyini etiraf etmişdir, şikayətində isə inzibati xəta hadisəsini istisna etməmişdir. Qərarın qəbulundan sonra inzibati xətalar qanunvericiliyinin tələblərinə əməl edilməməsi, bu əsasla da qərarın ləğv edilməli olması barədə şikayətin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, X4 həmin dəlilləri Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırılmış, xx xxxxxx 2021-ci il tarixli məktubla ona izah edilmişdir ki, “Kia Optima markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2020-c il tarixdə saat 16:52 radələrində Qara Qarayev prospektində təşkil edilmiş ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı tərtib edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin X1 mobil telefon nömrəsinin əks olunmaması səbəbindən barəsində tərtib olunmuş həmin qərarla bağlı sms məlumatların göndərilməsi imkan xaricində olmuşdur. Müraciəti araşdırılarkən müvafiq fotogörüntülərə baxılaraq inzibati xəta hadisəsinin mövcud olduğu təsdiqini tapmışdır. Tərtib edilmiş inzibati xətalar haqqında iş üzrə qərarların ləğv edilməsi və ya dəyişdirilməsi üçün İXM-nin 135.1-ci maddəsində göstərilən hər hansı əsas mövcud olmadığına görə müraciəti təmin edilməmişdir. Hazırda istifadəsində olan telefon nömrəsi barədə məlumatların X3 daxil edilməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Bununla bağlı qeyd edilməlidir ki, X5, onun barəsində qəbul edilmiş xx xxxxxx 2020ci il tarixli inzibati xəta haqqında qərarı rəsmi qaydada əldə etdikdən sonra qanunla müəyyən edilmiş qaydada şikayət vermiş, bununla da müvafiq hüququ təmin edilmişdir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, inzibati xətalar qanunvericiliyinin istinad olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X4 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir, odur ki, X4 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4, Bakı Nəqliyyat Agentliyinin xx xxxxxx 2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar