Məhkəmə qərarları › İş №3(007)-1061/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1061/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1061/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş şəxs-X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1963-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ikinci qrup əlil, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ev 8A-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən tərtib olunmuş 02 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs ondan, 50.000 manat və 25,50 manat dövlət rüsumu olmaqla, cəmi 50.025,50 manat pulun Zərərçəkmiş şəxs xeyrinə tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli 2(007)-3630/2014 nömrəli icra sənədinin icrasının təmin olunması ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə qalan 31.450 manat borcu tələbkara ödəməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, tələbkara olan 50.025 manat borcundan gücü çatdıqca və maddi imkanı yol verdikcə ödənişlər etmişdir, hazırda tələbkara 31.450 manat borcu qalmışdır. Pandemiya ilə əlaqədar uzun müddətdir işləmir, özü də ikinci qrup əlildir. Bir gün əvvəl tələbkara 100 manat əlavə ödəniş edə bilmişdir, qalan borcunun pensiyaya yönəldilməsini istəyir, bununla bağlı ərizə versə də, müsbət həllini tapmamışdır. Borcun ödənilməsindən qərəzli boyun qaçırmır, qərəzli boyun qaşırmaq fikri olsa, hər hansı ödəniş etməzdi və hər ay da ödənişləri davam etdirmək niyyətindədir. Barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli 2(007)-3630/2014 nömrəli qətnaməsinə əsasən 50.025,50 manat pul Şəxs onun xeyrinə tutulmalıdır. Bundan başqa həmin məhkəmənin 06 fevral 2019-cu il tarixli 8(007)-1/2019 nömrəli qərardadına əsasən Şəxs tutulmalı olan 50.000 manat məbləğin indeksasiyası aparılaraq, həmin 64.450 manat məbləğində müəyyən edilmişdir. İcra sənədi 2014-cü ildə verilsə də, aradan keçən müddətdə borclu ödənişləri qismən etmişdir, hazırda təxminən 31.000-33.000 manat arasında borcu qalmışdır. 2021-ci ildə ümumiyyətlə ödəniş etməmişdir, indi məhkəmədəki izahatında 100 manat ödədiyini bilrisə də, onun bu ödənişdən məlumatı yoxdur. O, artıq 2014-cü ildən məhkəmələrdədir, pulunun belə hissələrlə deyil, tam şəkildə ödənilməsini tələb edir. Borclu Şəxs ona olan borcunu ödəmədiyinə görə onun barəsində ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının 01 avqust 2016-cı il tarixli arayışından görünür ki, Şəxs ikinci dərəcəli əlildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə inzibati xəta törətmiş Şəxs məhkəmədə izahatında göstərdiklərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinin tələbinə uyğun olaraq, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu baxımdan, Şəxs 24 noyabr 2014-cü il tarixli qətnamə əsasında 06 oktyabr 2015-ci il tarixdə verilmiş icra sənədinin icrasını təmin etmək üçün müxtəlif vaxtlarda hissə-hissə, az miqdarda ödənişlər etməsi onun inzibati məsuliyyətdən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə əsas sayıla bilməz. Hansı ki, borcun hissə-hissə ödənilməsi, onun icrasına möhlət verilməsi barədə məhkəmə qərarı çıxarılmamışdır, borclunun hazırda tələbkara 31.450 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən, Azərbaycan Respublikası İXMnin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, habelə onun ikinci dərəcə əlil olması ilə əlaqədar İXM-nin 30.2-ci maddəsinin tələbi baxımından inzibati həbs tətbiq edilə bilməməsini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur, işdə iştirak edən müdafiəçi müqavilə əsasında iştirak etdiyindən, ona hüquqi yardıma görə əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar