Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1061/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X4, qərarı barəsində şikayət verilmiş Bakı Metropolitenində Polis Şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, X4 Bakı Metropolitenində Polis Şöbəsinin 14 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı Metropolitenində Polis Şöbəsinin 14 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 13 dekabr 2021-ci il tarixdə saat 16:09-da metronun “Neftçilər” metrostansiyasına daxil olan zaman orada postda duran və özünü ona qərəzli şəkildə səhv olaraq X3 təqdim edən polis nəfəri heç bir əsas olmadan onu saxlamış və qeyri-qanuni olaraq “maskadan istifadə etmədiyinə görə” onu inzibati məsuliyyətə cəlb edərək barəsində elektron protokol tərtib etmişdir. O, polis əməkdaşına bildirmişdir ki, onun bu qanunsuz hərəkətlərini oradakı kameralar qeydə alır və bu barədə dərhal DİN-nin 102 qaynar xəttinə zəng edərək məlumat vermişdir. Sonra isə Bakı şəhər Baş Polis İdarəsinə gedərək orada tam ətraflı ərizə və izahat vermişdir. Lakin həmin şəxs adını ona səhv təqdim etdiyinə görə anlaşılmazlıq yaranmış və onun şikayəti əsasında Bakı Metropolitenində Polis İdarəsində ilkin araşdırma aparılmışdır. Araşdırmanı aparan polis kapitanı Amil, araşdırma zamanı məlum olmuşdur ki, özünü ona səhvən Vəliyev Abbas kimi təqdim edən həmin polis nəfərinin əsl adı Baxşıyev Nemət imiş, lakin o, öz hərəkətlərini israrla inkar edir, kameraların onun qanunsuz hərəkətlərini qeydə aldığına baxmayaraq öz qanunsuz əməllərinə müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışmışdır. Barəsində qeyri-qanuni olaraq tərtib edilmiş protokol əsasında qəbul olunmuş 14 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X7 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, polis tərəfindən saxlanılarkən tibbi maskadan müəyyən olunmuş qaydada istifadə etmiş, maska çənəsində olmamışdır. Karantin qaydasını pozmadığı halda, hesab edir ki, barəsində protokol tərtib olunması sifarişli, qərəzli olmuşdur, polislər ya kiminsə sifarişini yerinə yetirmişlər, ya da plan doldurmaq üçün bunu etmişlər. Hər bir halda, polislər videogörüntü, sübut təqdim etməlidirlər. Belə sübut isə yoxdur, ona görə şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı Metropolitenində Polis Şöbəsinin nümayəndəsi X9 şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokol qanuni əsaslarla yazılmışdır, X7 13 dekabr 2021-ci il tarixdə “Neftçilər” metrostansiyasında saxlanılmış, karantin rejimi qaydalarını pozaraq qapalı məkanda tibbi maskadan istifadə etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Saxlanılan vaxt tibbi maska həmin şəxsin çənəsində olmuşdur. Hansı ki, qapalı məkanda tibbi maskanın müəyyən olunmuş qaydada taxılmaması Nazirlər Kabinetinin qərarında əksini tapan qadağaların pozulması, inzibati xətanın törədilməsi ilə nəticələnir. X7 iki dəfə onun da qəbulunda olmuş, şikayəti tərəfindən araşdırılmışdır. Lakin həmin şəxs aqressivlik göstərmiş, nəticələrdən razı qalmamışdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri X6 izahatında göstərmişdir ki, 13 dekabr 2021-ci il tarixdə “Neftçilər” metrostansiyasında xidmətdə olduğu zaman, sonradan tanıdığı X2 qaydalarının tələblərini pozaraq qapalı məkanda üzündə tibbi maska olmadığını müşahidə edərək onu saxlamışlar, inzibati xəta pozuntusu izah edilərək barəsində elektron protokol tərtib edilmişdir. İnzibati xəta aşkarlanan vaxt tibbi maska X4 çənə nahiyəsində olmuş, müəyyən olunmuş qaydada taxılmamışdır. O, özünü həmin şəxsə başqa adla təqdim etməmiş, protokol isə həmin vaxt onunla xidmətdə olan Abbas Vəliyev tərəfindən tərtib olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı Metropolitenində Polis Şöbəsinin İTB-si tərəfindən tərtib olunmuş 13 dekabr 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 13 dekabr 2021-ci il tarixdə metronun “Neftçilər” stansiyasının girişində tibbi maskadan istifadə etməyərək karantin rejimini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; -Bakı Metropolitenində Polis Şöbəsinin 14 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X7 13 dekabr 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir; -Məhkəmənin sorğusuna Bakı Metropolitenində Polis Şöbəsinin 13 may 2022-ci il tarixli 054-7086-1222 nömrəli cavab məktubundan görünür ki, 13 dekabr 2021-ci il tarixdə Bakı Metropoliteninin “Neftçilər” stansiyasında qeydə alınmış video görüntülər 01 ay müddətində arxivləşdikdən sonra texniki səbəbdən silindiyi üçün həmin video görüntünün CD diskə köçürülməsi və məhkəməyə təqdim edilməsi mümkün deyildir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sonrakı digər qərarlarına əsasən xüsusi karantin rejiminin və müvafiq məhdudiyyətlərin müddətləri uzadılmaqla yanaşı 26 may 2021-ci il tarixli 151 nömrəli Qərarına əsasən 2021-ci il 31 may saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilmiş, lakin müvafiq qapalı məkanlarda tətbiq edilən qadağalar qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir, X7 tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş qaydaların pozulması ilə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən sübutlar əldə edilməmişdir. Baxılan icraatda sübut etmə yükü üzərinə düşməsinə və törədilməsi ehtimal edilən inzibati xəta fasiləsiz olaraq müşahidə kameraları tərəfindən izlənən və görüntülər qeydə alınan sahədə baş verməsinə baxmayaraq, mübahisələndirilən qərarı qəbul etmiş Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən həmin dövr üçün görüntülər təqdim edilə bilməmişdir. Qərarı barəsində şikayət verilmiş orqanın rəsmi məlumatına görə, video görüntülər 01 ay müddətində arxivləşdikdən sonra texniki səbəbdən silinmişdir, lakin nəzərə alınmalıdır ki, X7 qeyd olunan müddətdən daha əvvəl müvafiq orqanlara müraciət etmişdi, araşdırma səthi aparılmasa idi, sübut həmin dövrdə əldə edilə bilərdi. İnzibati xəta haqqında protokolun tərtib olunmasından sonra X7 müvafiq orqanlara şikayət etmiş, müvafiq araşdırmalar aparılmış, lakin araşdırmalar zamanı sözügedən video görüntülərin əldə olunaraq X4 iştirakı ilə baxış keçirilməsi, sübut qismində materiala əlavə olunması təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması ilə müşayiət olunan xətaya yol verilməsinə dair sübutlar əldə edilməməklə, hazırkı halda da təqdim edilməməklə, əməlində inzibati xəta tərkibi olmadığından, şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Metropolitenində Polis X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilməsinə dair 14 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1061/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1061/2022
17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver