Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1076/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxx” MMC-nin direktoru X1 iştirakı ilə, “xxxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən “xxxxxxxx” MMC mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Q.E.Gülməmmədov tərəfindən xx.xx.2020-ci il tarixdə AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxx” MMC-nin direktoru X2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli bildirişi xx.xx.2020-ci il tarixdə almışlar. Xüsusi karantin rejimi elan edildiyi üçün natamam iş prosesində gələn məktubların oxunaraq cavablanması pozulmuşdur. O, xx.xx.2020-ci il tarixdə lazım olan bütün sənədləri əlavə etməklə cavab məktubunu imzalayaraq poçt vasitəsi ilə Bakı şəhəri Nizami RPİ-nə göndərmişdir. Nazirlər Kabinetinin elan etdiyi xüsusi karantin rejimində iş saatları rejiminin pozulması, çoxlu sayda qadağalar tətbiq edilməsi nəticəsində məktubun Nizami rayon Polis İdarəsinə çatdırılması 10-12 gün uzanmışdır. Xüsusi karantin rejimi xx.xx.2020-ci il tarixdə başlayaraq xx.xx.2020-ci il tarixdə qurtarmışdır. Lazım olan sənədlərin təmin edilməsində yaranan gecikmələr xüsusi karantin rejimi dövrünə təsadüf etdiyi üçün yaranmışdır. Onların heç bir günahı yoxdur. İnzibati xəta üzrə yaranmış cərimə vaxtında ödənilmişdir. Məhkəmədən qeyd olunanları nəzərə alaraq “xxxxxxxx” MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən “xxxxxxxx” MMC-yə ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 05:29-da “Toyota Land- Cruiser” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “AzPetrol” YDM ilə zavodun arası şəhər istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürəti 22 km/saat həddində aşılmışdır. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. “xxxxxxxx” MMC-dən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. - həmin bildirişə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətindən görünür ki, bildiriş xx.xx.2020-ci il tarixdə Həsənli Rüstəm tərəfindən imza edilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən göndərilmiş sorğuya “xxxxxxxx” MMC tərəfindən qanunla müəyyən edilmiş müddətdə cavab yazılmış, lakin ölkə ərazisində olan xüsusi karantin rejimi ilə əlaqədar məktub Bakı şəhəri Nizami RPİ-nə gec çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “xxxxxxxx” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “xxxxxxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1076/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1076/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver