Məhkəmə qərarları › İş №3(007)-1078/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1078/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1078/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 01 fevral 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 01 fevral 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, O, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Mikayıl Əliyev, məhəllə 2428 ərazisində, Toyota Prius minik markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Bakı şəhəri X7 İdarəsinin Polis mayoru X3 tərəfindən avtomobili saxlanılmış və ön dönmə işıqlarında qırmızı rəngdə lampa (lampoçka) olma səbəbindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə dair yüz əlli manat məbləğində cərimə tərtib edilmişdir. Lakin törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi normativ tələblərin pozulmaqla avadanlıq quraşdırılması və dəyişdirilməsi maddəsinə aid deyildir. Avtomobilinin dönmə işiğının təkcə lampası (lampoçkası) yəni xarici işıq cihazının təkcə rəngi dəyişdirilmişdir, bu isə normativ tələb pozulmaqla avadanlıq quraşdırılması deyildir. Etdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı maddəsinə daxildir və əlli manat məbləğində cərimə tərtib edilir. Göstərilənləri diqqətə çatdıraraq, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP6835971 nömrəli protokola xitam verilərək dəyişdirilib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə protokol tərtib edilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Baş X6 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, avtomobilinin ön halogen (sarı) dönmə işıqlarını, led (qırmızı) dönmə işıqları ilə əvəz etmişdir. O, cihazın tipini düz seçmiş, ancaq rəngini düz seçmədiyi üçün ona İXM-nin 342.2.2-ci maddəsi ilə, normativ tələblər pozulmaqla avadanlığın qurasdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat cərimənin yanlış yazıldığını hesab edir. Rəng standartını pozduqda İXM-nin 342.5-ci maddəsi ilə, xarici işıq cihazlarının nasazlığı kimi qeydə alınmalı və 50 manat cərimə tətbiq edilməlidir. Yol polisi bildirmişdir ki, dönmə işıqları qırmızı rəngdədir və bu, avadanlıq sayılır. Hansı ki, qeyd olunan işıqlar avadanlıq deyil. Cihazla avadanlıq ayrı-ayrı şeylərdir, amma barəsindəki protokol avadanlığa görə tərtib edilmişdir. O, xəta olduğunu qəbul edir, amma ondakı cihazdır, avadanlıq yox. Bu cihaza görə isə, cərimə olduğunu bilmirdi. Çünki yeni gələn bütün avtomobillərdə işıqlar qırmızıdır. O da düşünmüşdür ki, pozuntu deyil. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, 21 yanvar 2025-ci il tarixdə saat 14:12 radələrində Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsində “Toyota Prius” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün normativ tələbləri pozaraq avadanlıq quraşdırması aşkar olunmuşdur. Sürücü bunu bilərəkdən dəyişib, özü götürüb, başqa avadanlıqla əvəz edib, bununla da ümumilikdə götürəndə normativ tələbi pozaraq bu işığı söküb, başqa işıq qoyub. Bu isə avadanlıq hesab olunur. Buna görə sürücü X1 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol əsasında da inzibati tənbeh tətbiq edilmişdir. Şikayət əsassız olduğundan təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 01 fevral 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı **-RL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 21 yanvar 2025-ci il tarixdə saat 14:12-də Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsində “Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə”, 21 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Həmin Əlavə ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”nın İİİ hissəsinin 1-ci bəndinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmadıqda, bu, nəqliyyat vasitəsinin nasazlığı hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. İstinad olunan maddənin tələbindən göründüyü kimi, qanunverici bir vəzifə olaraq bunu mexaniki nəqliyyat vasitəsinin sürücüsünün üzərinə qoymuşdur. Hansı ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, X2 idarə etdiyi nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən qoyulmuş xarici işıqlarını dəyişdirərək, istehsal olunduğu vaxt mövcud olmayan və texniki şərtlərdə nəzərdə tutulmayan işıqlar quraşdırmışdır. Belə tipli işıqların eyni markalı digər nəqliyyat vasitələrində istifadə edilməsi ilə bağlı şikayət verən şəxsin dəlilləri bu baxımdan inzibati xətanı istisna edən hal kimi qəbul edilə bilməz, ona görə məhkəmə hesab edir ki, qanunvericiliyin bu sahədə tənzimləyici normalarına ciddi riayət edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 “Toyota Prius (Hibrid) minik” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 21 yanvar 2025-ci il tarixdə saat 14:12-də Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsində hərəkətdə olarkən onun nəqliyyat vasitəsində, istehsalçı tərəfindən qoyulmuş xarici işıqlarını dəyişdirərək digər növdə işıq quraşdırması, bununla da normativ tələbləri pozmaqla nəqliyyat vasitəsinin avadanlığını dəyişdirməsi aşkar edildiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X1 şikayətinin əsasını təşkil edən hallar onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. X2 normativ tələbləri pozub, nəqliyyat vasitəsinin xarici işıqlarına dəyişiklik edərək həmin modeldən olan nəqliyyat vasitələrinin normativ-texniki sənədlərində nəzərdə tutulmayan işıqları quraşdıraraq konstruksiya dəyişikiliyi etmişdir ki, bu da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsi ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”na əsasən qadağandır və belə olan halda qeyd edilənlər onun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsini əsaslı etmiş, qanuni olmuşdur. X1 şikayətində irəli sürdüyü, onun törətdiyi xətanın Azərbaycan Respublikası İXMnin 342.5-ci maddəsinin təsiri altına düşdüyünə dair irəli sürdüyü dəlillər əsassızdır, belə ki, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin mübahisələndirilən iş üzrə belə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 01 fevral 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar