Məhkəmə qərarları › İş №3(007)-108/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-108/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-108/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-cı il tarixdə Cəlilabad rayonunun Kürdlər kəndində anadan olmuş, Cəlilabad rayonunun Kürdlər kəndində qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski 48 ünvanında yerləşən “8 km” bazarında istehsalı və satılması qadağan edilmiş pirotexniki vasitənin satışı ilə məşğul olması aşkar edilmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru Ş.Ə.Rüstəmov tərəfindən xx.xx.2022-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, bazarda səyyar satıcılıqla məşğul olur. xx.xx.2023-cü il tarixdə bir nəfər şəxsdən əldə etdiyi 4 qutu pirotexniki vasitənin satışını həyata keçirən zaman polis əməkdaşları onu saxlayaraq 24-cü PŞ-nə aparmışlar. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı A.A.Eyvazov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki Şəxs Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski 48 ünvanında yerləşən “8 km” bazarında pirotexniki vasitələrin qanunsuz satışı ilə məşğul olması ilə əlaqədar Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs aşkar edilmiş içərisində 240 ədəd xırda partlayıcı maddə olan 4 qutu pirotexniki vasitə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ -nə gətirilmiş və qablaşdırılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-də saxlanılan 4 qutu (240 ədəd) pirotexniki vasitə müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar