Məhkəmə qərarları › İş №3(007)-1087/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1087/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1087/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X6 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X7 iştirakları ilə, X6 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 Azərbaycan Respublikası Mərkəzi Bankının 06 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, fiziki şəxs qismində ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə AR Mərkəzi Bankı tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Qərarda qeyd olunmuşdur ki, X10 3360000.0 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 3360000.0 Rusiya rublu vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. Hesab edir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilməsi və müvafiq inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi üçün əsaslar mövcud deyil, ona görə də inzibati xəta üzrə işin icraatına xitam verilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin əməlində İXM-nin 430.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın, ümumiyyətlə İXM-nin heç bir maddəsinin tərkib əlamətləri mövcud deyil. Belə ki, Rusiya Federasiyasından taxıl almaq məqsədilə ünvan 1 ünvanda yaşayan X5 adlı şəxslə tanış olmuşdur. Musaməddin Əliyev ilə Nərimanov rayonu ərazisində kafelərin birində görüşüb məsələni müzakirə etmişlər. Musaməddin Əliyev söyləmişdir ki, oğlu X13 şirkəti var və o, taxıl məhsullarının satışını həyata keçirir. Onunla rəsmi müqavilə bağlayıb taxıl ala bilərlər. Bildirmişdir ki, onun oğlunu tanımır, tanımadığı adama külli miqdarda pul verə bilməz, M.Əliyev cavabında bildirmişdir ki, nə olsa o, cavabdehdir, pulu köçürün. Bundan sonra Mehmanın şirkəti olan “Akkord” şirkəti arasında müqavilə bağlanmış və tərəfindən iki dəfəyə 6.720.000 RUBL rəsmi olaraq “Akkord” şirkətinə köçürülmüşdür. Həmçinin də malların göndərilməsi üçün nəğd olaraq Rusiyada 44.000 ABŞ dolları Mehmana vermişlər. Şərtləri bu idi ki, pulu köçürdükdən sonra bir ay ərzində mallar göndərilməli idi. Lakin aradan 40-45 gün keçsə də mallar göndərilmədiyi üçün Musaməddin Əliyevə müraciət edərək malları və ya pulları tələb etməyə başlamışlar. O, hər dəfə müxtəlif bəhanələr edərək qısa vaxtda onunla hesabı bağlayacağını bildirmişdir. Ümumilikdə ödədikləri 158.000 ABŞ dolları məbləğindən 18.000 ABŞ dollarını onlara qaytarsalar da 140.000 ABŞ dolları məbləği qaytarılmamışdır. Bundan sonra “Akkord” şirkəti rəsmi olaraq onlara məktubla qrafik göndərərək pulu hissəhissə xx.xx.2023-cü il tarixədək qaytaracaqlarını bildirsə də heç bir məbləğ geri qaytarılmamışdır. Sonradan onlara söyləmişlər ki, pulu ya nağd şəkildə, ya da Rusiyada istədikləri şirkətə köçürə bilərlər. Ona da razı olmuş, lakin bu vədləri də yalan olmuşdur. Bundan sonra baş vermiş cinayət hadisəsi ilə əlaqədar Nərimanov rayon polis idarəsində cinayət işi açılmış və Musaməddin Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İstintaq müddətində ondan talanmış pullar tamamilə geri qaytarılmışdır. Qeyd olunanlarla bağlı Mərkəzi Bankda olarkən ətraflı məlumat verərək cinayət faktını təsdiq edəcək sənədlər təqdim olunsa da ona heç bir məhəl qoyulmaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, səlahiyyətli orqan tərəfindən qanuni və obyektiv araşdırma aparılmadan barəsində qərar qəbul edildiyi üçün həmin qərar məhkəmə tərəfindən ləğv edilməlidir. Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən yalnız əməldə inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olduqda şəxs inzibati xəta törətmiş hesab olunur. Lakin hazırki vəziyyətdə inzibati xətanı törətməkdə ehtimal olunan subyekt və inzibati xətanın digər əlaməti obyekt mövcud olsa da tərkibin subyektiv və obyektiv cəhətləri mövcud deyildir. Nəzərə alınsa ki, inzibati xətanı törətmiş şəxsin əməlində tərkib olduğu təqdirdə subyektiv cəhət, yəni inzibati xətanın qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi onun törətdiyi əməlinə psixi münasibətindən, obyektiv cəhət isə hərəkət və hərəkətsizlikdən ifadə olunduğundan qeyd olunan əlamətlər mövcud olmadığı təqdirdə inzibati xətanın tətrkibindən söhbət gedə bilməz. O, sahibkar olaraq yuxarıda qeyd etdiyi qaydada müqavilə bağlayaraq pulu ödəyəndə niyyəti, məqsədi o idi ki, müqavilə ilə razılaşdırdıqları taxıl məhsulu respublikaya idxal olunsun və o, qanuni vergilərini ödəyərək sahibkarlıq fəaliyyəti ilə məşğul olsun. Lakin obyektiv cəhətdən, daha doğrusu ondan asılı olmadan dələduzluq cinayətinin qurbanı olduğu üçün nə həmin pul, nədə ki, taxıl məhsulları respublikaya idxal olunmamışdır. Yalnız cinayət işi başlayandan sonra istintaq müddətində ondan talanmış pullar geri qaytarılmışdır. İşin yuxarıda sadalanan halları və AR İXM-nin müvafiq normalarının əlaqəli şəkildə təhlili belə nəticəyə gəlməyə əsas verir ki, əməlində təqsirli sayılan, qəsdən törədilən və inzibati məsuliyyətə səbəb olan hərəkətlər yoxdur. Ona görə də inzibati xəta üzrə işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini X12 tərəfindən qəbul edilmiş EP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində AR İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, pul vəsaiti ölkə xaricinə X6 VÖEN nömrəsi altında göndərilmişdir. X1 kimi müqavilə bağlayaraq pulu ödəyəndə niyyəti, məqsədi həmin müqavilə ilə razılaşdırdıqları taxıl məhsulunun respublikaya idxal olunması, onun da qanuni vergilərini ödəyərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması olmuşdur. Lakin ondan asılı olmadan dələduzluq cinayətinin qurbanı olduğu üçün pul və ya taxıl məhsulları respublikaya idxal olunmamışdır. Yalnız Nərimanov rayon polis idarəsində aparılan ibtidai istintaq zamanı pulun qaytarılması təmin edilmişdir. Qeyd etdiklərini nəzərə alaraq, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X11 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının qaydalarına əsasən rezidentlərin xarici valyutada əməliyyatların aparılması qaydası belə müəyyən edilmişdir ki, əgər fiziki şəxs xaricə hər hansı bir vəsait göndərirsə ya mallar qayıtmalıdır, ya da pul. Mal yalnız malı alan şəxs tərəfindən ödənilə bilər. Hazırda pul vəsaiti şəxslərin öz aralarında olan yazışmaları ilə olub, pul müvəkkil bank vasitəsilə qayıtmayıb. Tural Cəfərliyə ziyan dəyib, onun da pulu qayıdıb. Amma Azərbaycandan xaricə çıxan vəsait necə olub? Xarici valyutanın ölkədən çıxarılması qaydaları pozulmuşdur. Tural Cəfərlinin pulunu alması onların qaydalarının pozulmasını istisna etmir. Şikayət əsassız olduğunda təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının 06 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, ********** nömrəli VÖEN əsasında qeydə alınaraq fəaliyyət göstərən X10 3360000.00 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 3360000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, həmin xətaya görə 08 yanvar 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X10 barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş 3360000.00 Rusiya rublu valyuta vəsaiti məbləğinin 10 faizi miqdarında, 336000.00 Rusiya rublu məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, X10 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz ********** nömrəli VÖEN əsasında qeydə alınaraq fəaliyyət göstərən X10 tərəfindən törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X16 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarına əsasən ...müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər... Hansı ki, ********** nömrəli VÖEN əsasında qeydə alınaraq fəaliyyət göstərən X8 münasibətdə belə hallar, işin icraatını istisna edən, icraata xitam verilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Şikayətin əsasını təşkil edən sübut qismində təqdim olunan Bakı şəhəri Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin icraatında olmuş ********* nömrəli cinayət işinin icraatına xitam verilməsinə dair 21 dekabr 2024-cü il tarixli qərara münasibətdə qeyd olunmalıdır ki, cinayət təqibi orqanının həmin qərarla gəldiyi nəticəyə əsasən, X2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən X4 əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət təqibi rədd edilmiş və Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İlk növbədə nəzərə alınmalıdır ki, barəsində inzibati qaydada tənbeh tətbiq edilmiş X10 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə ümumiyyətlə zərərçəkmiş şəxs qismində tanınmamışdır. X6 iradəsindən asılı olmayan səbəblərdən gecikdirməyə yol verilməsi öz təsdiqini tapmamışdır. Sübut qismində təqdim olunan qərardan görünür ki, cinayət işinin icraatına məhz “əməldə cinayət tərkibi olmadıqda”, “cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə” əsasları ilə xitam verilmişdir. Ona görə məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarı ilə gəlinmiş - “müəyyən malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər” - hüquqi nəticənin hazırda baxılan işə münasibətdə tətbiq edilməsinə hüquqi əsaslar yoxdur. Digər yandan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, ...İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə azad sahibkarlıq konstitusiya hüququnun pozulub-pozulmaması ilə bağlı həmçinin nəzərə almaq lazımdır ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə müvafiq olaraq, Mərkəzi Bank Azərbaycan Respublikasında valyuta tənzimini həyata keçirən əsas orqan olaraq Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavülü sahəsinin və qaydasının müəyyən edilməsi, valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktların qəbul edilməsi və s. kimi mühüm funksiyaları həyata keçirir. Valyuta nəzarətinin məqsədi isə valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir (“Valyuta tənzimi haqqında” Qanunun 14-cü maddəsi). Həmin Qanunun 7-ci maddəsinin 4-cü hissəsi və 10-cu maddəsi ilə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında müvəkkil banklarda xarici valyuta hesabları üzrə əməliyyatların aparılması qaydasının müəyyənləşdirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunan Qanunun 8-ci maddəsinə əsasən, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər. Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. Göstərilənlərlə əlaqədar olaraq, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X19 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Beləliklə Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Sahibkarlıq subyektləri mülki qanunvericilikdə təsbit olunmuş müqavilə azadlıqlarını reallaşdırarkən sərbəst olsalar da, həmin vaxt hüquqi aktlarda mövcud olan imperativ tələblərə şərtsiz əməl etməlidirlər. Belə ki, Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Göründüyü kimi, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur... Bununla da Konstitusiya Məhkəməsinin Plenumu belə hüquqi nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə müvafiq valyuta əməliyyatına xüsusi nəzarət rejiminin tətbiq olunması və valyuta tənzimi qaydasının pozulmasına görə inzibati hüquqi məsuliyyətin müəyyən edilməsi sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıdığı üçün həmin hüquqi normalar Azərbaycan Respublikası Konstitusiyasının 59 və 79-cu maddələrinin tələblərinə uyğun hesab edilsin. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, marağına toxunan pul vəsaitinin X8 qaytarılmasının 07 dekabr 2022-ci il tarixdə xaricə köçürülmüş və 2 il ərzində geri qaytarılmamış həmin məbləğdə vəsaitin əvəzi hesab olunması barədə qənaətə gəlinməsi üçün əsaslar yoxdur, bundan başqa pulun qaytarılması müvafiq fiziki şəxslər arasında fərdi qaydada həyata keçirildiyindən, qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmadığı və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadığından, bu əməliyyatlar müvəkkil edilmiş bank vasitəsi ilə həyata keçirilmədiyindən, Azərbaycan Respublikası Mərkəzi X16 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsiri altına düşməməklə həmin Qaydaların pozulması hesab edilir, X6 inzibati məsuliyyətini istisna edən hal, mübahsiələndirilən qərarın ləğv olunaraq işin icraatına xitam verilməsinə əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X6 haqqında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi, maddənin sanksiyası həddində olmaqla həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X6 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddələri ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X6 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Mərkəzi Bankının 06 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar