Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1088/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir şəhəri Koroğlu küçəsi, ev 61/10-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 24 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 20 noyabr 2024-cü il tarixdə saat 02:00-03:00 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq daxil olmuş, evin içərisində soyuducunun üzərində olan, Zərərçəkmiş şəxs məxsus “Versaçe” markalı 100 manat dəyərində 01 ədəd qol saatını gizli yolla oğurlayıb özgəsinin əmlakını talamaqla, zərərçəkmiş şəxsə xırda talama yolu ilə 100 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs qeyd olunan inzibati xətaları törətməsi özünün izahatı ilə təsdiqini tapmışdır. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 20 noyabr 2024-cü il tarixdə saat 02:00-03:00 radələrində Nizami rayonu, Keşlə qəsəbəsində bir evin həyətinə daxil olmuş, həyətdəki evin qapısını əli ilə yoxlamış və açıq olduğunu görmüşdür. Qapını açıb içəri daxil olmuş, evin otağında olan soyuducunun üzərində bir ədəd qol saatı görüb onu götürmüş və evdən çıxmışdır. Sonra “8-ci km bazarı”na getmiş, orada tanımadığı bir nəfər şəxsə həmin saatı özünün adı ilə 30 manat satmışdır. Əldə etdiyi pulu özünə xərcləmişdir. Əməlindən səmimi peşmandır. Maddi imkanı olmadığına görə dəymiş ziyanları ödəyə bilmir. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmək üçün gəlməmişdir, zərərçəkmiş şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlanılarkən o, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş zərərin isə ödənilmədiyini və şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs iş üzrə təhqiqat araşdırması zamanı izahatında göstərmişdir ki, o, Sumqayıt şəhərində yaşayır, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində sürücü təlimatçısı işləyir. 19 noyabr 2024-cü il tarixdə işi ağır keçdiyi üçün yorğun vəziyyətdə olmuş, ona görə iş yoldaşı Şamil Mehdiyevin kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən evə getmişdir. Yorğun vəziyyətdə olduğu üçün bir fincan çay qəbul etmiş və qolundakı özünə məxsus, hazırki bazar dəyəri 100 manat olan, qəhvəyi rəngli “Versace” markalı qol saatını çıxararaq evin içərisindəki soyuducunun üzərinə qoymuşdur. Qol saatını soyuducunun üzərinə qoyduqdan sonra bir ədəd siqaret çəkmiş və yataqda uzanaraq yatmışdır. 20 noyabr 2024-cü il tarixdə səhər saat 05:30-də yuxudan oyanan zaman qol saatının yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçılarının 30 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsə məxsus əmlakı gizli yolla oğurlamış şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti 23-cü PB-nə təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinin tələbinə uyğun olaraq, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, qərarın icrası Şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə inzibati qaydada tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, iş üzrə dəymiş zərərin əvəzi ödənilməmişdir, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 180 (bir yüz səksən) saat müddətinə ictimai işlər növündə tənbeh tətbiq edilsin. Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1088/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1088/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver