Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1092/2020 21.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “İdeal” şirkətində ambardar işləyən, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ev 16, mənzil 17-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Pİ-nin DYPŞ-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 06:36-da “BMW 328İ minik” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə “Neftçilər” metrostansiyası istiqamətində hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozaraq idarəetməni itirmiş, R.Rüstəmov küçəsi 42-52 ünvanının qarşısında, yolun sağ hissəsində dayanmış ** BP *** dövlət qeydiyyat nişanlı “Kamaz yük” markalı avtomobilin arxa tərəfinə çırpılmış, nəticədə “BMW 328İ minik” markalı avtomobildə olan sərnişinlər X7 və X1 yüngül bədən xəsarəti yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə yuxarıda istinad edilmiş hüquq normalarının tələbinə əsasən inzibati xəta haqqında protokolu və iş üzrə toplanmış digər sənədləri mötəbər sübutlar hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 06:20 radələrində idarə etdiyi “BMW” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə 50 km/saat sürətlə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə metronun “Neftçilər” stansiyası istiqamətində orta zolaqda hərəkətdə olarkən avtomobilində sərnişin kimi qabaq oturacaqda əyləşmiş X4 ona xatırlamadığı sual vermişdir. O, üzünü Nilufərin istiqamətində çevirib cavab vermişdir. Bu vaxt qarşıdakı yol ayrıcından sağa dönmək istədiyini nəzərə alaraq sükanı bir qədər sağ tərəfə döndərib sağ kənar zolağa keçmişdir. Nilufərə cavab verdikdən sonra irəli baxdıqda R.Rüstəmov küçəsi 42-52 ünvanının qarşısında, yolun sağ kənarında dayanmış “Kamaz” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Aralarında demək olar ki, heç bir məsafə qalmadığından idarə etdiyi avtomobillə “Kamaz”ın arxa tərəfinə çırpılmışdır. Hadisə nəticəsində özü müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Avtomobildən düşüb sağ tərəfə keçərək sərnişin qapılarını açmış, bu zaman yolun kənarından keçən iki nəfər tanımadığı şəxs də avtomobilə yaxınlaşmışdır. O, həmin şəxslərdən təcili yardıma zəng vurmalarını xahiş etmişdir. Həmin oğlanlar təcili tibbi yardıma zəng vurmuşlar. Bir qədər keçmiş təcili tibbi yardım briqadası və DYP əməkdaşları hadisə yerinə gəlmişlər. O, Nərminlə Nilufəri təcili tibbi yardım avtomobili ilə yola salmışdır. DYP əməkdaşlarına hadisə barədə danışarkən polis əməkdaşları onun xəsarət aldığını, paltarlarının üzərində qan ləkəsi olduğunu görüb təcili tibbi yardıma zəng vurmuşlar. Bir qədər keçmiş daha bir təcili tibbi yardım briqadası hadisə yerinə gəlmiş və onu 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra Bakı sağlamlıq mərkəzinə getmişdir. Orada burnundan cərrahi əməliyyat olunmuş və müalicəsini həmin xəstəxanada davam etdirmişdir. X4 “Real” şadlıq sarayında çay masalarına qulluq etmiş, onunla 2-3 il əvvəl tanış olmuşdur. X7 isə Nilufərin rəfiqəsi olduğundan onu da tanımışdır. Hadisə olan gün o, saat 02 radələrində “Real” şadlıq sarayında müştəri kimi oturub yemək yeyib çay içdikdən sonra Nilufərlə Nərmini oradan götürüb evlərinə aparmaq istəmişdir. Nərmin və Nilufərin xəsarətləri yüngül olmuş, xəstəxanada qalmamış və ertəsi gün işə çıxmışlar. Həmin zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəmiş, onlarla barışmışdır. Qeyd etdiklərinin, əməlindən səmimi peşmançılıq çəkməsinin, özünün hadisə zamanı ağır xəsarət almasının nəzərə alınaraq, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş zərərçəkmiş şəxslər X7 və X4 gəlməmişlər, Bakı şəhəri Nizami rayon Pİ-nin DYPŞ-si nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə zərərçəkmiş şəxslərin və protokolu tərtib etmiş orqanınnümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair xx xxxxx 2020-ci il tarixli 307 nömrəli rəydən görünür ki, X5 baş beynin silkələnməsi ilə müşayiət olunan alnın ön səthinin əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı sərnişini olduğu hərəkətdə olan avtomobilin idarəetməni itirərək dayanmış vəziyyətdə olan yük avtomobili ilə toqquşması nəticəsində yarana bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasına dair xx xxxxx 2020-ci il tarixli 306 nömrəli rəydən görünür ki, X2 bürün sümüklərinin yerdəyişən sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı sərnişini olduğu hərəkətdə olan avtomobilin idarəetməni itirərək dayanmış vəziyyətdə olan yük avtomobili ilə toqquşması nəticəsində yarana bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2020-ci il tarixli 156 nömrəli rəydən görünür ki, Şəxs tənəffüs çətinləşməsi, burnun deformasiyası, şişkinlik halında əzilməsi və burun belinin cırılmış yarası ilə müşayiət olunan burun sümüklərinin sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yol-nəqliyyat hadisəsi zamanı sürücüsü olduğu hərəkətdə olan avtomobilin dayanmış yük avtomobilinə çırpılması nəticəsində yarana bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxx 2020-ci il tarixli 8/553 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “BMW” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsi tərəfindən 58 nömrəli material üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsinin tərkibi olduğundan barəsində müvafiq inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın Nizami RPİ DYPŞ-nin vasitəsi ilə məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, habelə yol-nəqliyyat hadisəsi nəticəsində özünün dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1092/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1092/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver