Məhkəmə qərarları › İş №3(007)-1094/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1094/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1094/2020 12.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X6” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, “X6” MMC Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 39Q, məhəllə 2269 ünvanında yerləşən barəsində Bakı şəhəri X4 üzrə Baş İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X6” MMC-nin ünvan 3 saylı ünvanda yerləşən obyektində xx xxxx 2020-ci il tarixdə, saat 20:50-də karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən tələblər pozulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X6” MMC-nin nümayəndəsi X3 verdiyi ifadəsində bildirdi ki, o, etibarnamə əsasında “X6” MMC-nin nümayəndəsidir. Adı çəkilən vergi orqanı tərəfindən aparılmış nəzarət tədbiri əsasında tərtib edilmiş protokol əsassızdır və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının xx xxxx 2013-cü il tarixli, 714-İVQ №-li "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərmüəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.Həmin Qanunun 2.1 -ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Amma bu prinsiplər vergi orqanı tərəfindən kobud şəkildə pozulmuşdur.Protokolda MMC-nin qanun pozuntusuna yol vermiş hər hansı bir əməkdaşının adı belə qeyd edilməmişdir ki, həmin əməkdaşın törətdiyi pozuntunun hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olub-olmamasını və protokola hər hansı bir foto və ya videogörüntü də əlavə edilməmişdir ki, ümumiyyətlə inzibati xəta hadisəsinin baş verib-verməməsini yoxlanılsın.Halbuki, Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə görə törədilən inzibati xətanın mahiyyəti dəqiq göstərilməlidir. Lakin hazırki protokolda təsərrüfat obyektində kim tərəfindən və konkret olaraq ölkə ərazisində mövcud olan karantin rejimləri dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və həmin qərarla təsdiq edilmiş metodik göstərişlərdə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı hansı tələbin pozulması və ya pozuntunun qarşısının alınmaması göstərilməmiş və buna dair mötəbər sübut işə əlavə edilməmişdir. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın.X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib.Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Protokol tərtib edilməzdən əvvəl:barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və ya nümayəndəsinə hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş,protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş, bu barədə ona hər hansı bir bildiriş göndərilməmiş, çünki iş materialları ilə belə bir məlumat müəyyən edilmir;hüquqları və vəzifələri izah edilməmiş, dəvət olunaraq izahat vermək, protokolun məzmunu barədə;o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmişdir, bu hüquqları təmin edilməmişdir.Protokolda göstərilmişdir ki, hüquqi şəxsin nümayəndəsi icraatda iştirak etməkdən, izahat verməkdən imtina etmişdir. Lakin həmin nümayəndənin soyadı, adı, atasının adı protokolda ümumiyyətlə göstərilməmiş, səlahiyyətlərini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Nəzərə alınmamışdır ki, ixtiyari bir şəxs hüquqi şəxsin nümayəndəsi ola bilməz, hətta işçisi də nümayəndəsi ola bilməz. Kimlərin hüquqi şəxsin nümayəndəsi ola bilməsi, nümayəndənin səlahiyyətlərinin hansı qaydada təsdiq edilməsi İXM-nin 64-cü maddəsi ilə müəyyən edilmişdir, bununla da ümumiyyətlə nümayəndə müəyyən edilməmişdir. Göründüyü kimi hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə baxılmalı olsa da, protokol tərtib etmiş səlahiyyətli orqan, həmin nümayəndənin müəyyən edilməsi, ona protokol tərtib edilməzdən əvvəl bildiriş göndərilməsi, protokol tərtib edilməzdən əvvəl səlahiyyətli orqanda iştirakının təmin edilməsi üçün hər hansı bir tədbir görməsinə dair iş materiallarına heç bir sübut əlavə etməmişdir. Hazırki işin hallarından isə görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli protokol idarənin buna səlahiyyəti olmayan əməkdaşları, yəni idarənir dövlət vergi müfəttişləri tərəfindən tərtib edilmişdir.“Şəxs" MMC-nin ( əvvəki adı "X6") 20.11,2016-cı il tarixli, ƏM 007 nömrəli əmrinə əsasən hər bir market rəhbəri (administratoru) əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, sanitar-gigeniya və yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs olaraq administrator təyin olunmuşdur. Buna baxmayaraq şirkət haqqında qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə məbləği vəzifəli şəxs kimi deyil, hüquqi şəxsə tətbiq olunan cərimə məbləği kimi qeyd olunmuşdur.Bundan başqa şirkətin SƏTƏM bölməsi tərəfindən market rəhbərlərinə (administratorlara) dəfərlərlə yazılı və şifahi tapşırıqlar verilmişdir ki, AR Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 160 nömrəli Qərarına əsasən qida məhsullarının ticarəti üzrə fəaliyyətində xüsusi sanitar rejim tətbiq edilmişdir. "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metod ki göstərişlər təsdiq edilmişdir. Belə ki, ərzaq məhsullarının satışı ilə məşğul olan müəssisələrdə çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, əlcək, həmçinin dezinfeksiya məhlulundan istifadə etmələrinin təmin edilməsi göstəriş olaraq qeyd olunmuşdur. Market rəhbərləri marketin idarə olunmasında səlahiyyətli vəzifəli şəxs olduğu üçün onlara yuxarıda qeyd olunanlar barədə məcburedici göstərişlər verilmişdir ki, epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejiminə əməl etsinlər. Buna görə də, o, MMC barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokolunun ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri X4 üzrə Baş İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsininiştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, “X6” MMC tərəfindən karantin rejiminin pozulması halı tam sübuta yetirilir. Buna görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə məsuliyyət müəyyən edir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına müvafiq olaraq Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə qida məhsullarının ticarəti üzrə və sair fəaliyyət sahələrində xüsusi sanitar rejim tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən “X6” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə “X6” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “X6” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar