Məhkəmə qərarları › İş №3(007)-1099/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1099/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1099/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunu təmsil edən prokuror köməkçisi X3, Zərərçəkmiş şəxs nümayəndəsi (qızı) Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 7B-də qeydiyyatda olan, "xxxx" MTK-nın direktoru vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 22 fevral 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, 11İXM-25 nömrəli material üzrə müəyyən edilmişdir ki, vəzifəli şəxs Şəxs 21 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 43/17 nömrəli yaşayış binasının 22 nömrəli Zərərçəkmiş şəxs məxsus mənzilində mülkiyyət sahibinin razılığı və ya məhkəmənin qərarı olmadan qanunsuz söküntü işləri aparılması nəticəsində əmlakı qəsdən zədələməklə həmin mənzilə 4725 manat məbləğində az miqdarda ziyan vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. Qeyd olunanlar Nümayəndə, X2 və barəsində inzibati icraat başlanılan şəxs Şəxs izahatları, söküntünün aparılmasına dair xx.xx.2024-cü il tarixli müqavilə, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli Qeydiyyat vəsiqəsi, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı, xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/9073 sayiı rəyi ilə sübut olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxs Şəxs izahatında bildirmişdir ki, "xxxx" MTK Bakı şəhəri Nizami rayonu K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsi, 2519-cu məhəllədə yerləşən ərazidə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında söküntü və tikinti işlərinin aparılması üçün həmin ünvanda yerləşən binaların sakinləri ilə danışıqlar aparmaqla sakinlərdən mənzillərinin sökülməsi üçün razılıq almağa çalışmışdır. ünvan 1 ünvanında yerləşən binada mənzilin sahibi Zərərçəkmiş şəxs olmuşdur. Zərərçəkmiş şəxs mənzilinin bir hissəsinin sökülməsi üçün sonuncunun qızı Nümayəndə özü fəhlələrə göstəriş vermiş, bəzi əşyalarını hələ fəhlələrə vermiş, bəzilərini aparmışdır. İzahatı alınmış Nümayəndə izahatında bildirmişdir ki, Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsindəki 47/13 nömrəli binanın 22 nömrəli mənzili atası Zərərçəkmiş şəxs məxsusdur. "xxxx" MTK tərəfindən yaşadığı ünvanda Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında söküntü və tikinti işləri aparılmaqdadır. "xxxx" MTK tərəfindən dəfələrlə ona müxtəlif təkliflər olunsa da, həmin təkliflər onu qane etməmiş, ona görə də mənzilin sökülməsinə razılıq verməmişdir. X11 Federasiyası vətəndaşı olmasına görə o, atasının nümayəndəsi kimi MTK ilə daim danışıqlar aparmışdır. xx.xx.2024-cü il tarixdə Nizami Rayon Məhkəməsi tərəfindən yaşadığı binada və digər qonşu binalarda sakinlərin mənzillərindən köçürülməsi və mənzillərin tam boşaldılması haqqında qərardad qəbul edildiyi üçün o, mənzilindən çıxarılmışdır. Mənzili tərk etdikdən sonra MTK-nın işçiləri mənzilinə daxil olaraq mənzildə söküntü işləri aparmaqla mənzili yararsız vəziyyətə salmışlar. Bununla əlaqədar da o, MTK-dan şikayətçidir. Mənzilinin döşəmələrini sökmüş, qapılarını çıxarmış, sındırmış, dağıtmışlar. Xahiş edir ki, qanunamüvafiq tədbir görülsün. İzahatı alınmış X1 Səadət Fikrət qızı ilə oxşar məzmunlu izahat verərək göstərdiyi xüsusatları təsdiq etmiş və sonuncunun mənzilində söküntü işlərinin aparılması barədə göstərişin ona "xxxx" MTK-nın direktoru Şəxs tərəfindən verildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MTK-nın direktoru Şəxs Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamı əsasında Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə, İ.Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən istismar müddəti bitmiş köhnə yaşayış binalarının söküntüsü ilə bağlı həmin binalarda mənzilləri sökməsi və söküntüdən çıxan bütün tullantıları daşması üçün X2 ilə müqavilə bağlamışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 5 saylı evin 81,9 kv.metr sahəsi olan 22 saylı 3 otaqlı mənzili Zərərçəkmiş şəxs məxsusdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)- 4940/2024 saylı qərarından görünür ki, "xxxx" MTK-nın direktoru Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsinin tələblərinə əməl etməyərək Sevil Məmmədovanın mülkiyyətində olan 43 saylı binanın 11 saylı mənzilində söküntü işlərinin aparılması, mənzilin giriş-çıxışına məhdudiyyətlərin qoyulması, həmin ünvanda kommunal xətlərin, yəni elektrik enerjisinin, suyun, istilik təchizatının, qazın kəsilməsi, sayğacların sökülməsi səbəbindən o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanına baxış keçirilərkən mənzildə söküntü işlərinin aparılması öz təsdiqini tapmışdır. Təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/9073 saylı rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsində yerləşən 47/13 saylı evin, Zərərçəkmiş şəxs məxsus olan 22 saylı mənzili üzrə yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 5325 manat məbləğində müəyyən olunmuşdur. Ekspert rəyində Zərərçəkmiş şəxs 5325 manat məbləğində ziyan vurulması göstərilsə də, təmir-bərpa işləri görülərkən sərf oluna biləcək zibillərin daşınması, əlavə və nəqliyyat xərcləri olan 600 manat pul vəsaiti smeta xərcinə daxil edildiyindən, həmin xərclər çıxılaraq Zərərçəkmiş şəxs məxsus əmlaka, yəni ünvan 5 ünvanında yerləşən binanın 22 nömrəli mənzilinə vurulmuş ziyan faktiki 4725 manat dəyərində qiymətləndirilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.2-ci maddəsinə əsasən Nizami rayon prokurorluğunda toplanmış material olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqqında icraatın başlanmasını rədd edən halların olmamasıdır. Aparılmış araşdırma nəticəsində toplanmış materialda cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən vəzifəli şəxs (VÖEN **********) Şəxs (FİN: xxxxxxx) - xx.xx.1978-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan - barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmış, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunu təmsil edən prokuror köməkçisi X6 qərarın dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsindəki 39, 47/13, 41 və 43 nömrəli binaların sakinlərinin yaşadıqları mənzillərindən köçürülməsi, mənzillərin tam boşaldılması barədə Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli qərardadının Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ləğv edildiyini bildiyi halda, "xxxx" MTK-nın direktoru Şəxs tərəfindən əmlaka qəsdən zərər verilmişdir. Zərərlə bağlı ekspert rəyi vardır, ziyanın məbləği 5325 manat təşkil etmiş, müstəntiq tərəfindən smeta xərcləri nəzərə alınaraq ziyan 4725 manat kimi müəyyən edilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi (qızı) Nümayəndə izahatında göstərmişdir ki, Nizami Rayon Məhkəməsinin binanın sökülməsi barədə 15 oktyabr 2024cü il tarixli qərardadı 23 oktyabr 2024-cü il tarixdə ləğv olunub, MTK-nın adamları isə 26 oktyabr 2024-cü il tarixdə girib evini dağıdıblar. Evdə mebelini dağıdıblar, 3-cü mərtəbəyə qalxan pillələri qırıblar. Ekspertin müəyyən etdiyi ziyanla razı deyil. MTK-nın direktoru ilə barışmır, şikayətçidir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X7 göstərmişdir ki, Nizami rayon prokurorluğunda aparılan araşdırmanın nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Əmlakın qəsdən məhv edilməsi halı olmamışdır. Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli qərardadı yalnız 9 gün sonra ləğv olunmuşdur. Zərərçəkmiş şəxs dəymiş maddi zərər 4725 manat məbləğində müəyyən edilmişdir və onların da həmin zərəri ödəmək fikirləri vardır. Qeyd olunan pul məbləğini gətirmişlər, bu gün ödəmək istəyirlər. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, vəkilinin iştirak etdiyini nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz onun tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Qeyd edilməlidir ki, Bakı şəhəri Nizami rayon prokurorluğunda toplanmış material üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsində yerləşən 47/13 nömrəli binanın 22 nömrəli mənzili orta bazar qiymətinə görə 171000 manat dəyərində qiymətləndirilsə də, qeyd olunan mənzilin və onun yerləşdiyi binanın hazırda tam deyil, qismən söküntüyə məruz qalması və eyni zamanda Nizami Rayon Məhkəməsinin müvafiq qərarları ilə bina sakinlərinin öz mənzillərinə ailə üzvləri və əşyaları ilə birlikdə qaytarılması qət edildiyindən sakinlərə vurulmuş zərər onlara məxsus mənzillərin tamamilə məhv edilməsi kimi deyil, hər bir mənzilə konkret olaraq ayrı-ayrılıqda vurulmuş ziyan həddində hesablanmaqla, Zərərçəkmiş şəxs məxsus 4725 manat dəyərində əmlakın məhv olması müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayon prokurorluğunun 16 fevral 2025-ci il tarixli qərarı ilə, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından həmin hissədə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, "xxxx" MTKnın direktoru Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunduğundan barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılmasından ötrü material ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunmuşdur. Hansı ki, hazırda baxılan inzibati iş üzrə icraatın başlanmasına əsas olmuş həmin 16 fevral 2025-ci il tarixli qərar müvafiq qaydada mübahisələndirilməmişdir, qüvvədədir. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs vurduğu az miqdar hesab olunan 4725 manat dəyərində maddi ziyanı ödəmək istəsə də, zərərçəkmiş şəxs (onun qızı və etibarnamə əsasında nümayəndəsi) həmin pul vəsaitini qəbul etməmiş və inzibati xəta törətmiş şəxslə barışmamışdır. Belə olan halda, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsində müəyyən edilən qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İş üzrə ziyanın əvəzi ödənilmədiyindən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, 4725 (dörd min yeddi yüz iyirmi beş) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar