Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-11/2022 06.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin dövlət vergi müfəttişi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tərtib olunmuş 01 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 115 ünvanında 22 noyabr 2021-ci il tarixdə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 28 oktyabr 2021-ci il tarixli tələbnamə üzrə sənədlər Şəxs MMC tərəfindən təqdim edilməmiş və yoxlama zamanı yaranmış suallara yazılı və şifahi izahat verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, iş üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsi əsassız və qanunsuzdur, protokol tərtib edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Vergi Məcəlləsi və qanunvericiliyin digər tələbləri kobud surətdə pozulmuşdur. Əvvəla, Dövlət Vergi Xidmətinin əməkdaşı tərəfindən protokol tərtib edilərkən Şəxs MMC-yə hər hansı məlumat verilməmiş və izahat verilməsi üçün şərait yaradılmamışdır. Protokolda isə MMC-ni təmsil edən şəxsin izahat verməkdən və protokolu imzalamaqdan imtina etdiyinə dair yanlış qeyd aparılmışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 61-ci və 100.4-cü maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. İkincisi, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 27.10.2021-ci il tarixli **********151020 nömrəli qərarı Şəxs MMC-yə rəsmi qaydada təqdim edilməmişdir. Qeyd edilən qərarın elektron formada təqdim edilməsi Vergilər Məcəlləsinin 70.2-3-cü maddəsinin tələbləri baxımından doğru hesab edilə bilməz. Dövlət Vergi Xidməti tərəfindən tərtib edilən “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********151083 nömrəli 28.10.2021-ci il tarixli tələbnamə və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********151836 nömrəli 23.11.2021-ci il tarixli qərar isə Şəxs MMC-yə 23.11.2021-ci il tarixdə rəsmi olaraq təqdim edilmiş və həmin tarixdə sənədlərin təqdim edilməsi halı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanaraq təsdiqlənmişdir. Yuxarıda qeyd edilən sənədlər inzibati akt hesab edildiyindən hesab edirlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-3-cü maddəsinin tələbləri Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kobud surətdə pozulmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən yuxarıda qeyd edilən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 27.10.2021-ci il tarixli **********151020 saylı qərarının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada təqdim edilməməsi və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********151083 nömrəli 28.10.2021-ci il tarixli tələbnamə və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********151836 nömrəli 23.11.2021-ci il tarixli qərarın Şəxs MMC-yə 23.11.2021-ci il tarixdə rəsmi olaraq təqdim edilməsi Vergi Məcəlləsinin 42.1-ci maddəsinin tələbləri baxımından Şəxs MMC-yə 15 iş günü müddəti tanıyır və həmin müddətin bitməsi 14.12.2021-ci il tarixə təsadüf edir. Dövlət Vergi Xidməti tərəfindən tərtib edilən və inzibati icraat materiallarına əlavə edilmiş 22.11.2021-ci il tarixli aktın məzmununda qeyd edilmişdir ki, Şəxs MMC-yə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********151083 nömrəli 28.10.2021-ci il tarixli tələbnamə təqdim edilmiş və tələbnamədə qeyd edilən sənədlərin 15 iş günü müddətinə təqdim edilməsi tələbinin olmasına baxmayaraq, müəssisənin rəhbəri sənəd həcminin çoxluğunu əsas gətirərək sənədləri müəyyən edilmiş müddətə təqdim edə bilməmişdir. Yuxarıda qeyd edilən aktla bağlı bildirmək istəyirlər ki, aktda qeyd edilən tələbnamə rəsmi olaraq Şəxs MMC-yə 23.11.2021-ci il tarixdə təqdim edildiyindən, həmin akt isə 22.11.2021-ci il tarixdə tərtib edildiyindən, aktın məzmunu təhrif edilmişdir. Akt imzalanması üçün Şəxs MMC-yə təqdim edilməmiş, aktda qeyd edilən “imtina” sözü və “müəssisənin rəhbəri sənəd həcminin çoxluğunu əsas gətirərək sənədləri müəyyən edilmiş müddətə təqdim edə bilməmişdir” cümləsi heç bir həqiqətə uyğun deyildir. İnzibati icraat materiallarına əlavə edilmiş Dövlət Vergi Xidməti tərəfindən tərtib edilən 23.11.2021-ci il tarixli digər akta nəzər saldıqda da məlum olur ki, eynilə 22.11.2021-ci il tarixli aktda olduğu kimi, aktın mətni təhrif olunmuş və heç bir əsası yoxdur. Şəxs MMC tələb edilən sənədləri təqdim edilməsi nəzərdə tutulan tarixin sonuncu gününədək (14.12.2021-ci il tarixədək) Dövlət Vergi Xidmətinə təqdim edə bilər və təqdim etmək niyyətindədir. Əgər tələb edilən sənədlər Şəxs MMC tərəfindən son günədək təqdim edilməzsə, bu zaman Dövlət Vergi Xidməti Vergi Məcəlləsinin 43.11-ci maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin götürülməsini əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinin mənasına görə, bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Götürülmüş sənədlərin əsli yoxlayıcı tərəfindən yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi blanket xarakteri daşımaqla onun dispozisiyasında əks olunmuş və pozulmasına görə məsuliyyət nəzərdə tutulan qayda və konkret ictimai münasibətləri tam və ya qismən digər müvafiq qanunvericilik aktı ilə, yəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləmək məqsədini daşıyır. Həmin Qanunun 2.2-ci maddəsi isə vergi yoxlamalarına şamil edilməmişdir və maddənin tərkibində qeyd edilən istisnalara Qanunun 20.3-cü maddəsi daxil edilməmişdir. Bu nöqteyi nəzərdən hesab edirlər ki, Dövlət Vergi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati protokol tərtib etməsi qanunauyğun deyildir. Hesab edirlər ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən, onun barəsində başlanmış icraata xitam verilməlidir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, təqsirliliyi sübuta yetirilmədiyindən, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin dövlət vergi müfəttişi X4 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 27 oktyabr 2021-ci il tarixdə qəbul olunmuş qərar əsasında Şəxs MMC-də 11 noyabr 2021-ci il tarixdən 22 dekabr 2021-ci il tarixədək olan müddətdə 01 sentyabr 2018 - 01 sentyabr 2021-ci il vergi dövrü üçün vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması məqsədi ilə plan üzrə növbəti səyyar vergi yoxlamasının keçirilməsi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış, bundan sonra 28 oktyabr 2021-ci il tarixli tələbnamə verilərək vergi yoxlamasının aparılması üçün müvafiq zəruri sənədlərin təqdim olunması Şəxs MMC-dən tələb edilmiş, tələbnamə MMC-nin elektron poçtuna göndərilmişdir. Tələbnamə və sonradan iki dəfə təkrar verilmiş bildirişlər icra olunmadığına aktlar yazılmış, vergi orqanının hüquqi ünvanı olan Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 115 ünvanında 22 noyabr 2021-ci il tarixdə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 28 oktyabr 2021-ci il tarixli tələbnamə üzrə sənədlər Şəxs MMC tərəfindən təqdim edilmədiyinə, yoxlama zamanı yaranmış suallara yazılı və şifahi izahat verilmədiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 yazılı etirazda göstərilənlərə uyğun izahat vermiş, qeyd etdiklərinin nəzərə alınaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27 oktyabr 2021-ci il tarixli **********151020 nömrəli qərarından görünür ki, Şəxs MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə sentyabr 2018 - avqust 2021-ci il vergi dövrü üçün 30 gün müddətində növbəti səyyar vergi yoxlaması təyin edilmişdir; - 27 oktyabr 2021-ci il tarixli bildirişdən görünür ki, sözügedən qərar barədə Şəxs MMC-yə məlumat verilmişdir; -Reyestrdən çıxarışdan görünür ki, Şəxs MMC-də 11 noyabr 2021-ci il tarixdən 22 dekabr 2021-ci il tarixədək olan müddətdə 01 sentyabr 2018 - 01 sentyabr 2021-ci il vergi dövrü üçün vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması məqsədi ilə plan üzrə növbəti səyyar vergi yoxlamasının keçirilməsi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır; -Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23, 36, 37 və 42-ci maddələrinə əsasən müvafiq zəruri sənədlərin təqdim olunması Şəxs MMC-dən tələb edilmiş, sənədlərin 19 noyabr 2021-ci il tarixədək vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərə və həmin idarənin Bakı şəhəri, H.Əliyev prospekti 115 ünvanında təqdim olunması bildirilmişdir; -Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22 noyabr və 23 noyabr 2021-ci il tarixli bildirişlərindən görünür ki, səyyar (kameral) vergi yoxlamasının aparılması üçün müvafiq zəruri sənədlərin 19 noyabr 2021-ci il tarixədək vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və həmin idarənin Bakı şəhəri, H.Əliyev prospekti 115 ünvanında təqdim olunmadığı Şəxs MMC-yə izah edilmiş, tələbnamədə nəzərdə tutulan məlumatların dərhal təqdim edilməsi tələb edilmiş, əks təqdirdə cəmiyyətin məsul şəxsləri tərəfindən tələbnamədə nəzərdə tutulan məlumatların təqdim edilməməsinin, habelə zəruri hərəkətlərin yerinə yetirilməməsinin yoxlamanın keçirilməsinə bilərəkdən mane olmaq kimi qiymətləndiriləcəyi və qanunla müəyyən edilmiş bütün tədbirlərin görüləcəyi Şəxs MMC-yə izah edilmişdir; -Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi tərəfindən tərtib olunmuş 22 noyabr və 23 noyabr 2021-ci il tarixli aktlardan görünür ki, yuxarıda qeyd edilən zəruri sənədlərin təqdim olunması barədə tələbnamə Şəxs MMC tərəfindən icra olunmamışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüquqları vardır. Həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vəzifələri vardır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir; 20.3-cü maddəsinə əsasən sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Götürülmüş sənədlərin əsli yoxlayıcı tərəfindən yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara qaytarılmalıdır. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən vergi orqanının, burada Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq hüquqları təmin edilməmiş, həmin zəruri məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vəzifələrinə əməl edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, bununla da inzibati xətalar qanunvericiliyinin tələbləri Şəxs MMC tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 602.4-cü maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə görə, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin irəli sürdüyü dəlilləri əsassız hesab edir və hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd edilməsi kimi qiymətləndirir, həmin göstərilənlər işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə yuxarıda gəldiyi hüquqi nəticəyə uyğun olaraq, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin etiraz və izahatında göstərdikləri, irəli sürdüyü dəlillər əsasında işin icraatına xitam verilməsinə əsaslar müəyyən edilməmişdir, qeyd olunanlar hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-11/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-11/2022
06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver