Məhkəmə qərarları › İş №3(007)-110/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-110/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-110/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, 03 avqust 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 8, mənzil 12də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi ev 289-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 19 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 16 iyun 2023-cü il tarixdə saat 00:42 radələrində idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əməl etməyib işıqforun qırmızı işığında hərəkətini davam etdirərək X1 idarə etdiyi “Toyota Prius minik” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Şəxs idarə etdiyi avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. İşə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsinə (o cümlədən elektron qaydada sms bildirişlər göndərilməsinə və mobil telefonuna zənglər edilməsinə) baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclaslarında iştirak etməmiş və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə məhkəmə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə həmçinin işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsinin və Zərərçəkmiş şəxs iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. O, həmin izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 00:42 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu Çobanzadə küçəsi ilə R.Rüstəmov küçələrinin kəsişməsində işıqforun qırmızı işığında ani bir anda diqqətsizlik edərək hərəkətini asta surətlə davam etdirdiyi halda R.Rüstəmov küçəsində toqquşma baş vermiş, nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir. Hadisə nəticəsində Sabunçu xəstəxanasına müraciət etmiş, daha sonra isə ambulator müalicə üçün evə buraxılmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. O, həmin izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 00:42 radələrində rəfiqələri ilə birlikdə Nərimanov rayonu ərazisində yerləşən Bermuda restoranından çıxıb yaşadılan evə getmək üçün taksi sifariş vermişlər, təxminən 3 dəqiqə sonra sürücü onlara yaxınlaşmışdır. O, Prius markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağında əyləşmiş, rəfiqələri isə avtomobilin arxa hissəsində əyləşmişlər, sonra onlar hərəkətə başlamışlar. Nizami rayonu ərazisinə daxil olduqda Neon dairəsini fırlanaraq R.Rüstəmov küçəsi ilə üzü Neftçilər metrosu istiqamətində hərəkətdə olduqları zaman R.Rüstəmov küçəsi ilə Çobanzadə küçələrinin kəsişməsində qəflətən gözləmədikləri anda digər bir Prius markalı avtomaşınla onların içərisində olduğu avtomaşın toqquşmuşdur. Nəticədə özü və rəfiqələri müxtəlif dərəcəli bədən xəsarəti almışlar. Xəsarəti ilə əlaqədar 3 saylı Sabunçu xəstəxanasına getmiş, orada ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün yaşadığı evə buraxılmışdır. Baş vermiş hadisə ilə əlaqədar ona dəymiş maddi ziyanı ödənmədiyindən təqsirkar sürücüdən şikayətçidir. İşdə olan canlı şəxsin ekspertizasına dair 22 iyun 2023-cü il tarixli 578 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ dizin ön nahiyəsinin və sol dizin bayır nahiyəsinin hematomaları, sol gözün üst qapağı nahiyəsinin, sol alın nahiyəsinin, sol bazunun orta 1/3-nin bayır səthinin, sol çənəaltı nahiyəsinin sol dizin ön səthinin qançırları, sol yanaq nahiyəsinin, sağ saidin aşağı 1/3-nin ön səthinin, sol əlin arxa səthinin, sol əlin 4-cü barmağının ön səthinin və sağ əlin ön səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 iyul 2023-cü il tarixli 8/2018 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, HK/1-417 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, müddətin keçməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 9 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təhqiqat orqanı tərəfindən aparılan araşdırma zamanı Şəxs əməlində cinayət tərkibinin olmaması, lakin inzibati xəta tərkibinin bütün əlamətləri olması müəyyən edilmişdir, məhkəmədə işə baxılarkən də həmin hal öz təsdiqini tapmışdır. Lakin 08 avqust 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunmasına dair qərar qəbul edildikdən sonra inzibati tənbeh edilməsinə imkan verən üç aylıq müddət artıq başa çatmışdır, belə olan halda Şəxs inzibati qaydada təqsirli bilinərək barəsində tənbeh tətbiq oluna bilməz, inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılıq əldə edilməsinə dair sübut təqdim edilməmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar