Məhkəmə qərarları › İş №3(007)-1101/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1101/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1101/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Nizami rayon prokurorunun köməkçisi X2 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Nizami rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Prokurorluğunun baş müstəntiqi İlham Xankişiyevin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Nizami rayon X1 tərəfindən xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərarda göstərilir ki, vəzifəli şəxs Şəxs tərəfindən X5 məxsus mənzildə mülkiyyət sahibinin razılığı və məhkəmənin qərarı olmadan qanunsuz söküntü işləri aparılması nəticəsində əmlakı qəsdən zədələməklə, həmin mənzilə 3573 manat dəyərində zərər vurulduğundan, vəzifəli şəxs Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş ürzə icraat başlanılmışdır. Məhkəmə iclasında Nizami rayon Prokurorluğunun nümayəndəsi X3 qərarın məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X7 çıxış edərək ekspert rəyi və qərarda qeyd olunmuş zərərin məbləği ilə razı olmadığını, ona məxsus əmlaka qat-qat artıq zərər vurulduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nizami Rayon X1 tərəfindən xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərarda göstərilir ki, X5 məxsus əmlaka 3573 manat dəyərində zərər vurulmuş, bu səbəbdən vəzifəli şəxs Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş ürzə icraat başlanılmış və baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatı, ekspert rəyi, inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxsin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli qədər – 3573 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar