Məhkəmə qərarları › İş №3(007)-1105/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1105/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1105/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəisi, polis polkovnik-leytenantı E.Çələbiyev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəisi, polis polkovnik-leytenantı E.Çələbiyev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 şikayəti müdafiə edərək bildirmişdir ki, İİ Qarabağ müharibəsinin iştirakçısı olmaqla, Füzuli-Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Müharibə bitdikdən sonra xx.xx.2021-ci il tarixdə hərbi hissədən təxris olunmuşdur. Onun şəxsiyyət vəsiqəsi və hərbi bileti hərbi komissarlıqda qalmışdır. xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində hərbi komissarlığa gəlib şəxsiyyət vəsiqəsini götürmüşdür. Hərbi biletini isə yalnız xx.xx.2021-ci il tarixdə ala bilmişdir. xx.xx.2021-ci il tarixdə saat 13:45-də icazə almaq məqsədilə sms göndərmişdir. Saat 14:00-14:10 radələrində hərbi komissarlıqdan çıxıb “Koroğlu” metrostansiyasına tərəf getmişdir. Orada onu avtobusda döyüş yoldaşları və komandir gözləmişdir. Həmin gün şəhid olmuş döyüş yoldaşının ailəsini ziyarət etməli imişlər. Saat 14:25 radələrində “Koroğlu” metrostansiyasının yanında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşı Mehnur Mirzəyev onu saxlamış və göndərdiyi sms-ə cavab gəlmədiyi məlum olmuşdur. Polis əməkdaşı bunun onların problemi olmadığını bildirmişdir. O, “Asan xidmət”ə zəng vurmuş, ona sistemdə pozuntu olduğunu bildirmişlər. 2 dəfə, saat 14:32 və 14:41 radələrində zəng etdikdən sonra sms-ə cavab gəlmişdir. Lakin polis əməkdaşı onun uzun müddət şəhərdə olmadığını və vətən müharibəsi iştirakçısı olmağını nəzərə almamış, barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru Mehnur Mirzəyev tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2021-ci il tarixdə saat 14:25 radələrində icazəsiz hərəkət etmişdir. Nəticədə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəisi, polis polkovnik-leytenantı E.Çələbiyev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. - 8103 nömrəsinə göndərilmiş SMS məlumatdan görünür ki, X2 tərəfindən xx.xx.2021-ci il tarixdə saat 13:45-də 1 rəqəmi üzrə 8103 nömrəsinə sms göndərilmiş, xx.xx.2021-ci il tarixdə saat 14:42-də müraciəti təsdiqlənmiş, 3 saat müddətinə yaşayış yerini tərk etməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında xx.xx.2020-ci il tarixli, 488 nömrəli qərarının 1-ci bəndinə əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Həmin Qərarın 2.6-cı bəndinə əsasən digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 2.6.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 2.6.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; 2.6.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin Qərarın 2.7-ci bəndinə əsasən bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir). Həmin Qərarın 2.10-cu bəndinə əsasən Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS-məlumatda və ya “E-Təbib” mobil tətbiqində icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə iclasında müəyyən edildi ki, X2 xüsusi karantin rejimi dövründə, yəni xx.xx.2021-ci il tarixdə saat 13:45-də yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərmiş, lakin sistemdə pozuntu olduğu üçün, göndərilmiş SMS məlumata saat 14:42-də müsbət cavab gəlmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəisi, polis polkovnik-leytenantı E.Çələbiyev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəisi, polis polkovnik-leytenantı E.Çələbiyev tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar