Məhkəmə qərarları › İş №3(007)-1112/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1112/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1112/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən onun barəsində 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən, o, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərar barədə "xxxx" MMC barəsində Gədəbəy Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilən zaman məlumat əldə etmişdir və müvafiq olaraq şifahi müraciət etdikdən sonra xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Qəbul edilmiş qərar tam əsassız və qanunsuzdur. Qeyd olunan inzibati xəta ilə bağlı bildirmişdir ki, "xxxx" MMC-nin X9 adında işçisi olmamışdır. Mövcud kadr problemini həll etmək üçün müəyyən hallarda 3 aylıq marketinq üzrə tibbi nümayəndə kursları təşkil edilmiş və həmin kursu müvəffəqiyyətlə bitirən şəxslərə onlarla işləmək təklif olunmuşdur. Kurs iştirakçılarına iş praktiki və nəzəri cəhətdən öyrədilmişdir. Kurs iştirakçılarının gələcəkdə onlarla işləməsi və ya onların iştirakçıları işə götürmək kimi bir məsuliyyətləri yoxdur və bu barədə kursa gələn şəxslərə məlumat verilmişdir. Kursa gələn şəxslərdən hər hansı ödəniş tələb olunmamış, əksinə kursu müvəffəqiyyətlə bitirən şəxslər digər şəxslərlə əmək müqaviləsi bağladığı və ya hər hansı digər səbəblərdən onların təklif etdikləri işi qəbul etməməsi kimi hallarda onlara əlavə maddi itkiyə səbəb olmuşdur. Məktubda adı çəkilən X9 da belə bir kurs iştirakçısı olmuşdur. Bundan başqa, həmin şəxsə tərəflərindən hər hansı əmək haqqı ödənilməmiş və Ruslan Kazımova əmək haqqının ödənilməsi onun göndərdiyi elektron məktubdan başqa heç nə ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, göstərilənlərə əsasən, MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, X9 onun rəhbərlik etdiyi şirkətin təşkil etdiyi kursa müraciət edərək sadəcə 1 gün kursda iştirak etmişdir. X2 iştirak etdiyi gün "xxxx" MMC-nin əməkdaşı ilə aralarında mübahisə yaranmış və bu mübahisədən sonra X2 iştirakını dayandırmışdır. Onun rəhbəri olduğu şirkətin əməkdaşı əvvəllər X9 ilə birlikdə başqa şirkətdə işləmiş və həmin vaxtdan aralarında mübahisə olmuşdur. Bu səbəbdən də X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə şikayət etmişdir. X5 təqdim etdiyi sübutların "xxxx" MMC ilə heç bir bağlılığı yoxdur və həmin sənədlər başqa şirkətə aiddir. X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə şikayət etsə də, sonradan şikayətini geri götürmüş və həqiqətən də onun rəhbərlik etdiyi şirkətdə işləmədiyini bildirmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti heç bir araşdırma aparmadan onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 şikayəti tam olaraq əsassızdır və təmin olunmamalıdır. Belə ki, vətəndaş X9 "xxxx" MMCnin direktoru X7 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Buna görə də, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Vətəndaş R.Bayramov tərəfindən 3 dəfə müraciət olunmuş, lakin şikayət sonradan geri götürülmüşdür. Belə ki, vətəndaş X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə ilk müraciətində "xxxx" MMC-nin direktoru X7 tərəfindən əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb olunduğunu və həmin şirkətdən əmək haqqı ala bilmədiyini qeyd etmiş, sonra müraciət edərək həmin şikayətini geri götürmüşdür. Daha sonra isə vətəndaş X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə teleqram vuraraq ümumiyyətlə "xxxx" MMC-də işləmədiyini bildirmişdir. Şikayət əsasında aparılmış araşdırma nəticəsində qəbul olunmuş qərar qanuni və əsaslıdır. Məhkəmədən şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X9 "xxxx" MMC-nin direktoru X7 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi məhkəməyə X5 məhz "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində işləməsinə, yəni həmin cəmiyyətlə hər hansı bir əlaqəsinin olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında işə baxılarkən inzibati xətanın olub-olmamasını, işin düzgün həlli üçün əhəmiyyətli olan bütün zəruri halları müəyyən etmək məqsədilə iş üzrə inzibati araşdırma aparmaqla əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirib qərar qəbul edilməli olduğu halda, iş üzrə səthi araşdırma aparılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüquqları vardır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı X3 iştirakı olmadan qəbul edilmiş, bununla da inzibati xəta haqqında iş üzrə icraat zamanı X7 barəsində aparılan inzibati xəta haqqında iş üzrə sübutlar təqdim etmək hüququndan məhrum edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xəta haqqında iş üzrə xx.xx.2023cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.21-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar