Məhkəmə qərarları › İş №3(007)-112/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-112/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-112/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X8 və qərarı barəsində şikayət verilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin nümayəndəsi X10 iştirakları ilə, X8 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 12 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 12 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsi (müfəttişi) Elbrus Eminovun qəbul etdiyi 12 mart 2020-ci il tarixli MN ******* nömrəli qərara görə, o, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan istifadədə (tikinti işləri aparmaq) təqsirli bilinərək, İXM-nin 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 500 manat cərimə edilmişdir. Belə bir qərarın mövcudluğu barədə icra məmuru vasitəsilə 2020-ci ilin dekabrında məlumat almışdır və dekabrın 22-də icra məmuru qərarın surətini ona təqdim etmişdir. Aşağıdakılara əsasən qərar əsassız və qanunsuzdur, ləğv edilərək işin icraatına xitam verilməlidir. Belə ki, həmin torpaq sahəsi ona məxsus deyildir, onu bir neçə ilə öncə özgəninkiləşdirmişdir, habelə o, orada tikinti işi aparmamışdır. Hesab edir ki, qərar qəbul edilərkən icraatın aparılması və prosessual normalar da pozulmuşdur, ona məlumat verilməmiş, hüquqları təmin edilməmişdir və sair. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsi (müfəttişi) Elbrus Eminovun qəbul etdiyi, onun İXM-nin 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 500 manat cərimə edilməsi haqqında 12 mart 2020-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X11 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, adına olmuş torpaq sahəsində özü olmamışdır. Atası ona demişdir ki, həmin torpaq sahəsi boş olmuşdur. 2019-cu ilin fevral ayında alqı-satqı yolu ilə torpaq sahəsini satmışdır. Yalnız 2020-ci ilin dekabr ayında icra məmuru tərəfindən çağırılanda bilmişdir ki, barəsində cərimə tətbiq olunmuşdur. Hesab edir ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün bir illik müddət keçdiyinə görə işin icraatına xitam verilməlidir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin nümayəndəsi X16 göstərmişdir ki, X8 şikayətində göstərilənlərin əsası yoxdur, ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri 2017-ci ilin mart ayında aparılmışdır, yəni həmin ayda başa çatmışdır. Bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Torpaq sahəsi isə 2019-cu ilin fevral ayında başqa şəxsə satılmışdır. Ona görə inzibati xəta haqqında protokolun X8 barəsində tərtib olunması və onun həmin protokol əsasında inzibati qaydada tənbeh olunması əsaslı olmuşdur. Hesab edir ki, iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Barəsində şikayət verilmiş qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin məsləhətçisi tərəfindən tərtib olunmuş 27 fevral 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 rayonu, Abşeron Quşçuluq sovxozunun ərazisində yerləşən 0,02 ha torpaq sahəsində tikinti işləri apararaq, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan məqsədlər üçün istifadə etmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 12 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, tərtib edilmiş 27 fevral 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X4 rayonu, Abşeron Quşçuluq sovxozunun ərazisində yerləşən 0,02 ha torpaq sahəsində tikinti işləri apararaq, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan məqsədlər üçün istifadə etmişdir. Bununla da, Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X8 barəsində 500 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatı məhsullarının istehsalı) torpaq sahəsidir, 30 dekabr 2010-cu il tarixli 2178 nömrəli icarə müqaviləsinə əsasən X11 tərəfindən 99 il müddətinə icarəyə götürülmüş, 12 fevral 2019-cu il tarixli 3M-28 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən **********87 reyestr nömrəsi ilə 05 mart 2019-cu il tarixdə X5 və torpaq sahəsi onun xeyrinə yüklü edilmişdir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Google Earth” kompyuter proqramı vasitəsilə əldə edilmiş fotoşəkillərdən görünür ki, X9 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri 2017-ci ilin mart ayında aparılmış, torpaq sahəsi üzərində tikinti mövcud olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır; 13-cü maddəsinin 1 və 3-cü bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir; 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qərardan şikayət vermiş X11 tərəfindən 30 dekabr 2010-cu il tarixli 2178 nömrəli icarə müqaviləsinə əsasən 99 il müddətinə icarəyə götürülmüş Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatı məhsullarının istehsalı) torpaq sahəsi olmuşdur, bu torpaq sahəsinin həmin kateqoriyadan tikinti təyinatlı torpaq kateqoriyasına keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan X6 təsərrüfatı təyinatlı torpaq sahəsində 2017-ci ilin mart ayında tikinti işləri aparmışdır, həmin dövrdə torpaq sahəsi üzərində tikinti mövcud olmuşdur. Hansı ki, bu fakt, “Google Earth” kompyuter proqramı vasitəsilə əldə edilmiş fotoşəkillə öz təsdiqini tapır və kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya səbəb olduğundan, X8 əməlində həmin inzibati xətanın tərkibi olmuşdur. Məhkəmə qərardan şikayət vermiş X1 torpaq sahəsinin ona məxsus olmaması, torpaq sahəsini bir neçə il öncə özgəninkiləşdirməsi, özünün orada tikinti işi aparmaması barədə dəlilləri ilə razılaşmayaraq, qeyd edir ki, bu dəlillərin əsası yoxdur, təkrar olaraq xatırladılmalıdır ki, “Google Earth” kompyuter proqramı vasitəsilə əldə edilmiş fotoşəkillərlə öz təsdiqini tapmışdır ki, X9 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri 2017-ci ilin mart ayında aparılmış, torpaq sahəsi üzərində tikinti mövcud olmuşdur və X8 məhz 12 fevral 2019-cu il tarixli 3M-28 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən satdığı həmin torpaq sahəsi 05 mart 2019-cu il tarixdə X12 adına qeydiyyata alınmaqla torpaq sahəsi onun xeyrinə yüklü edilmişdir. Bununla da, təsdiq olunur ki, X6 təsərrüfatı təyinatlı torpaq sahəsini özgəninkiləşdirərkən, özünün istifadəsində olduğu dövrdə onun üzərində qanunsuz olaraq tikinti işləri aparmışdır. İnzibati qanunvericiliyin mənasına görə, hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, X8 yol verdiyi inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur, ona görə o, inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, müddətin keçməsi ilə bağlı X11 inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, X11 30 dekabr 2010-cu il tarixli icarə müqaviləsi əsasında əldə etdiyi kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq tikinti işlərini 2017-ci ilin mart ayında həyata keçirmiş, həmin inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında protokol isə, 27 fevral 2020-ci il tarixdə tərtib edilmiş və 12 mart 2020-ci il tarixdə inzibati qaydada tənbeh edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, qərarı barəsində şikayət vermiş orqanın nümayəndəsinin özünün təqdim etdiyi sübutla müəyyən olunur ki, inzibati xəta hadisəsi məhz 2017-ci ilin mart ayında törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Məlum olduğu kimi, Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ətraf mühitin qorunması qaydaları əleyhinə olan inzibati xətalara aiddir, həmin xətaya görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bildiyi, hazırkı iş üzrə müddətin isə yuxarıda qeyd edilən qaydada hesablanmaqla keçdiyi nəzərə alındıqda, müəyyən edilir ki, X11 inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin: 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X8 şikayəti təmin olunaraq, mübahisələndirilən 12 mart 2021-ci il tarixli qərar ləğv olunmalı, onun barəsində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi X3 Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə 500 manat məbləğində inzibati cərimə edilməsinə dair 12 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin. X8 barəsində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar