Məhkəmə qərarları › İş №3(007)-112/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-112/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-112/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2 nümayəndəsi-“LCG” vəkil bürosunun vəkili Vəkil, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, idarənin baş məsləhətçi müfəttişi X1 iştirakları ilə, X2 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. X2 vəsatətinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 yanvar 2025-ciil tarixli qərardadı ilə onun 05 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilmiş, mübahisələndirilən qərara mahiyyəti üzrə baxılmaq üçün şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icarə müqaviləsi əsasında sahiblik etdiyi ünvan 1 ünvanında yerləşən “Xarı Bülbül” Şadlıq Sarayı ağacları budadığına görə Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekoloqiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib olunmuş və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi əsasında inzibati qaydada 5000 manat məbləğində cərimə tətbiq edilmiş və 720 manat məbləğində ziyan hesablanmışdır. “Yaşıllıqların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yaşıllıqları mühafizə tədbirlərindən biri yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili, onların xəstəliklərdən və zərərvericilərdən mühafizəsidir. İXMnin 253.3.1-ci maddəsinin dispozisiyasında isə şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə qeyd olunmuşdur və buna görə vəzifəli şəxslərə 5 min manat məbləğində sanksiya nəzərdə tutulur. Göründüyü kimi ağacların budanması nəinki inzibati xəta deyil, hətta qanunla yaşıllıqları mühafizə tədbirlərindən biri kimi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının qanunsuz və əsassız hesab edilərək, tətbiq olunmuş sanksiya və hesablanmış ziyanın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 nümayəndəsi Vəkil şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qərar qanunsuz və əsassızdır. 5000 manat məbləğində cərimə yazılmışdır. Onlar ümumiyyətlə cərimə olunmamalı idilər. Qarşı tərəf onlara sübut etməlidir ki, protokolu düzgün tərtib etmişlər. Onun hüquqlarını müdafiə etdiyi şəxs heç bir qanun pozuntusu törətməmişdir. Ağacın özü təbii əyri olmuşdur. Sarmaşıq kimi bitib, ayaq altında qalmış, zədələnmişdir. Ağac qırıq ağac olmuşdur. O da qırıq ağacı götürmüşdr. Tikintiyə maneçilik deyə bir şey yoxdur. Ağac kəsən adam, ağacı kəsər, sonra da şumlayar. Ağacın özü dibindən elə bitirsə, bu adam nə edə bilər. Onlar ağacın mövcudluğunu mübahisələndirmirlər. Ağac bu gün də oradadır və ağaca heç nə olmamışdır. Orada çiçəklənir və pöhrələnir. Qeyd etdiklərini nəzərə alaraq, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, idarənin baş məsləhətçi müfəttişi X3 şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında göstərmişdir ki, qruplar yaradılıb qaydalara riayət olunması ilə bağlı baxış keçirilən vaxt, 22 noyabr 2024-cü il tarixdə onlara məlumat verilmişdir ki, haradasa tüstü var. Həmin yerə, yəni “Xarı Bülbül” şadlıq sarayının həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı abadlaşdırma işləri zamanı 1 ədəd tut ağacının kəsilərək məhv edilməsini müəyyən etmişlər. Dəvət etmələrinə baxmayaraq, obyekti işlədən şəxsin özü və ya təmsil edən nümayəndəsi inzibati araşdırmada iştirak üçün gəlməmişlər. Şikayət əsassız olduğundan, təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 22 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, ünvan 2 ünvanında, “Xarı Bülbül” şadlıq sarayının həyətyanı sahəsində abadlaşdırma işləri zamanı 1 (bir) ədəd tut ağacının məhv edilməsinə görə, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. - 22 noyabr 2024-cü il tarixli 88472 nömrəli akt əsasında yaşıllıqlara dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, 9 sm diametrli 01 ədəd tut ağacının kəsilməsi nəticəsində 720 manat ziyan (240x3=720 AZN) dəymişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, X4 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz X4 tərəfindən törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərəfindən ünvan 3 ünvanında yerləşən “Xarı Bülbül” şadlıq sarayının həyətyanı sahəsinə keçirilmiş baxış zamanı 9 sm diametrli 01 ədəd tut ağacının kəsilərək məhv edilməsi faktı müəyyən olunmuşdur. Hansı ki, bu fakt, inzibati xətanın aşkar edilməsi zamanı çəkilmiş fotoşəkillər, tərtib edilmiş araşdırma materialları, eləcə də, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatı ilə öz təsdiqini tapır. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.0.3cü maddəsinə əsasən yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili, onların xəstəliklərdən və zərərvericilərdən mühafizəsi, yerinə yetirilməsi nəzərdə tutulan yaşıllıqların mühafizəsi tədbirlərindən bir hissədir. Qərardan şikayət vermiş tərəfin iddia etdiyinə görə, “Xarı Bülbül” şadlıq sarayının həyətyanı sahəsində 9 sm diametrli 01 ədəd tut ağacının budanması həyata keçirilmişdir, halbuki, məhkəmə tədqiqi zamanı bu hal birmənalı olaraq təkzib olunmuşdur, sözügedən ağac məhz kəsilərək məhv edilmişdir. Ağacın budanması ilə ağacın kəsilərək məhv edilməsi fərqli anlayışlardır. Bir sözlə, budamada məqsəd ağacları meyvə vermək üçün hazırlamaq, zərərvericilərə qarşı mübarizə tədbirləri zamanı yarana biləcək problemi aradan qaldırmaq, o cümlədən bitkinin inkişafını tənzimləməkdir. Budama əsas etibarilə qısaltma və seyrəltmə üsulunda aparılır. Bu proses bitkilərin boy və inkişafının stimullaşdırılmasına, ağacın çətirinə müəyyən quruluş verilməsinə, lazım gəldikdə hündürlüyünün tənzimlənməsinə, bitkinin işıq və havalanma rejiminin nizamlanmasına xidmət edir. Budama zamanı bitkinin bioloji və sort xüsusiyyətləri, ağacların yaşı, çətirin forması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir. Həmin Qanunun 35-ci maddəsinə əsasən torpaqdan, yerin təkindən, havadan, su hövzələrindən, meşələrdən və başqa bitkilərdən, heyvanlar aləmindən, müstəsna ekoloji, elmi və mədəni dəyərə malik olan ətraf mühit obyektlərindən, xüsusi mühafizə olunan təbiət ərazilərindən və ekoloji fəlakət şəraitli olan ərazilərdən istifadədə ekoloji tələblər normativ hüquqi aktlarla tənzimlənir. Təbii ekoloji tarazlıqda olan sistemlərin pozulmasına səbəb olan, habelə insanın, bitki və heyvanlar aləminin genetik fondunun məhv edilməsinə, əhalinin həyat və sağlamlığı üçün təhlükəli olan fəaliyyətlərə icazə verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Belə olan halda, məhkəmə şikayət vermiş şəxsin dəlillərini əsaslı saymayaraq, qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ümumilikdə irəli sürülən dəlillərin işin icraatını istisna edən hal, sübut qismində qəbul edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 haqqında vəzifəli şəxs qismində 5000 manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi, maddənin sanksiyası həddində olmaqla həmin vəzifəli şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Bundan başqa, məhkəmə şikayətin hesablanmış ziyanın ləğv edilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin məsələ ümumiyyətlə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılmanı tənzimləyən hazırkı icraatın predmeti deyildir, ona görə həmin hissəyə hüquqi qiymət verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Bakı şəhər idarəsinin 05 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar