Məhkəmə qərarları › İş №3(007)-1120/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1120/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1120/2022 20.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 127-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 28 aprel 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 28 aprel 2022-ci il tarixdə saat 03:30-da Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində “Mercedes Benz E320 minik” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitə herpindən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X3 protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 28 aprel 2022-ci il tarixdə saat 03:30 radələrində “Mercedes” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı binanın qarşısında saxlamış, avtomobili idarə etməmiş, vedrədə su götürərək avtomobilini yumuşdur. Özü həmin vaxt bir az içkili olmuşdur. Polislər ona yaxınlaşmış, içkili halda avtomobil idarə etdiyini demişlər. O isə gördükləri kimi avtomobili idarə etmədiyini demişdir. Sonra ona demişlər ki, avtomobili qırağa çəksin. O, polislərin sözü ilə avtomobili işə salıb qırağa çəkəndə onu videoya çəkmiş və demişlər ki, görər başına nə oyun açacaqlar. Özü nevroz xəstəliyindən əziyyət çəkir, təxminən iki ay əvvəl narkotik vasitə heroindən istifadə etmişdir, sidiyində yoxlama zamanı həmin vasitənin təsirindən qalıq çıxmışdır. İçkili vəizyyətdə avtomobil idarə etmədiyinə görə işin icraatına xitam verilməsini məhkəməədn xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX inspektoru X2, İ.H.Musayevlə eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onlar post-patrul xidməti əməkdaşlarının məlumatı əsasında Şəxs saxlamışlar, həmin vaxt o, sükan arxasında olmuş, yolun ortasında avtomobili saxlamışdır. Ona görə ona təklif edilmişdir ki, avtomobili qırağa çəksin. Şəxs bildirmişdir ki, 30 qram viski içmişdir, lakin tibbi müayinədən keçirilərkən onun narkotik vasitə olan heroindən istifadə etməsi müəyyən olunmuş, bu barədə tibbi müayinə aktı verilmişdir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 28 aprel 2022-ci il tarixli 1/1812 nömrəli aktdan görünür ki, Şəxs həmin tarixdə keçirilən tibbi müayinəsi zamanı onda “MOP (heroin) qrupu preparatı qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyəti” aşkar olunmuşdur. İşdə olan Nizami RPİ-nin PPXB-nin əməkdaşlarının 28 aprel 2022-ci il tarixli raportundan görünür ki, Şəxs 28 aprel 2022-ci il tarixdə saat 02:50-də Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində, məhəllə daxilində aşkar olunmuş, “Mercedes Benz E320 minik” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsində saxlanıldığına görə YPX əməkdaşları dəvət olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, şəxsin həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün nəqliyyat vasitəsinin idarə edilməsi, sürücünün nəqliyyat vasitəsini idarə etmə halında aşkar olunaraq saxlanılması müəyyən edilməlidir. Hansı ki, istər işdə olan materiallarla, istərsə də məhkəmədə verilən izahatlarla müəyyən olunur ki, Şəxs 28 aprel 2022-ci il tarixdə saat 03:30-da Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində, məhəllə daxilində aşkar olunmuş, həmin vaxt o, “Mercedes Benz E320 minik” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsində idarə etməmiş, hərəkət halında olmamışdır. Ona görə də onun əməli həmin maddənin təsiri altına düşməməklə təqsirli bilinərək tənbeh oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə iş üzrə icraata xitam verilməlidir. Lakin işin mübahisəsiz halı odur ki, 28 aprel 2022-ci il tarixdə tibbi müayinədən keçirilərkən Şəxs “MOP (heroin) qrupu preparatı qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyəti” aşkar olunmuşdur, həmin hal verilən izahatlarla yanaşı sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 28 aprel 2022-ci il tarixli 1/1812 nömrəli aktla da öz təsdiqini tapır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi – həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Məhkəmə həmin əmələ görə şəxsin inzibati məsuliyyət məsələsinin həllinin hazırkı icraatda həyata keçirilməsinin mümkün olmadığını nəzərə almaqla, hesab edir ki, Şəxs qanunsuz olaraq narkotik vasitənin istehlakına görə barəsində inzibati məsuliyyət məsələsinin həlli üçün materiallar aidiyyəti üzrə polis orqanına göndərilməlidir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə iş üzrə icraata xitam verilməli, onun qanunsuz olaraq narkotik vasitənin istehlakına görə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyət məsələsinin həlli üçün materiallar aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon polis idarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə iş üzrə icraata xitam verilsin. Şəxs qanunsuz olaraq narkotik vasitənin istehlakına görə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyət məsələsinin həlli üçün materiallar aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon polis idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar