Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1123/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 2004-cü il tarixdə Ağstafa rayonunun Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonunun Göycəli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ev 32, mənzil 28-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 02 fevral 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 02 yanvar 2024-cü il tarixdə saat 16:00 radələrində idarə etdiyi “Nama 48-2” markalı mopedlə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Q.Qarayev” metrostansiyası istiqamətindən “Neftçilər” metrostansiyası istiqamətində hərəkət edərək Ş.Mirzəyev küçəsi ilə kəsişmədə Q.Qarayev prospektinin sağ köməkçi yoluna daxil olarkən qarşıdan Q.Qarayev prospekti ilə hərəkət edib Ş.Mirzəyev küçəsi ilə kəsişməyə daxil olan “Opel Astra minik” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, avtomobilin əzilməsi nəticəsində zərərçəkmiş şəxsə maddi zərər yetirilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs X2 məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, özünə məxsus mopedlə kuryerlik fəaliyyəti ilə məşğul olmuşdur. 02 yanvar 2024-cü il tarixdə saat 16 radələlərində idarə etdiyi mopedlə Q.Qarayev prospekti ilə 45 km/saat sürətlə “Q.Qarayev” metrostansiyası istiqamətindən “Neftçilər” metrostansiyası istiqamətində hərəkət edərək Ş.Mirzəyev küçəsi ilə kəsişməyə daxil olmuş, Q.Qarayev prospektinin köməkçi yoluna, sağ yola daxil olmuş, bu zaman qarşıdan hərəkət edən “Opel Astra” markalı avtomobillə onun idarə etdiyi moped toqquşmuşdur. Hadisə zamanı o, xəsarət aldığı üçün onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Hadisə zamanı o, məcbur qalıb köməkçi yola çıxmışdır, belə ki, iki dənə “Ford” markalı avtomobil onu sıxmış, həmin avtomobillərin arasında qalmışdır. Əslində onun keçdiyi yoldan həmişə maşın keçir, yol polisi yolun o başda durur, onlar da keçirlər. Buna baxmayaraq, əməlindən səmimi peşmandır. Qeyd etdiklərini, hadisə zamanı özünün yüngül dərəcəli bədən xəsarətləri aldığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında iştirak etmədiyindən təhqiqat zamanı verdiyi izahatı elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin izahatında göstərmişdir ki, tanışı X1 “Opel Astra” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 02 dekabr 2023-ci il tarixdə saat 16 radələlərinə o, Emillə birlikdə ona məxsus “Opel Astra” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 30-40 km/saat sürətlə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektinin köməkçi yolu ilə “Neftçilər” metrostansiyası istiqamətindən Ş.Mirzəyev küçəsi ilə kəsişməyə daxil olmaq istəyən zaman Q.Qarayev prospektindən əsas yol ilə hərəkət edən motosiklet onun yoluna daxil olmuş və avtomobilin qabaq sol hissəsi ilə həmin motosiklet toqquşmuşdur. Motosikletin sürücüsü xəsarət aldığı üçün onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, HK/1-04 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs düzünə hərəkətin qadağsn olduğu yerdən mopedi idarə etdiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəyüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir, zərərçəkmiş şəxs prosesdə iştirak etmədiyinə görə belə tələbin olubolmadığını müəyyən etmək mümkün olmamışdır, ona görə həmin şəxsin mülki icraat qaydasında tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbi olduğu halda mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1123/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1123/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver