Məhkəmə qərarları › İş №3(007)-1135/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1135/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1135/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X1, zərərçəkmiş şəxslər X4 və X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhərində daimi yaşayış yeri olmayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs X5 adına kitab çap edəcəyi adı ilə 167 manat pul alaraq aldatmışdır. Bundan başqa Şəxs X4 adına kitab çap edəcəyi adı ilə 170 manat pul alaraq aldatmışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı B.S.Məmmədli tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli və MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X6 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, rəsmi iş yeri olmasa da müstəqil jurnalist kimi fəaliyyət göstərir, bu günə kimi müxtəlif sayda, müxtəlif adlarda kitablar çap etdirmişdir. Barələrində kitab çap etdirməsi üçün X2 170 manat pul və şəkillər, X3 isə 167 manat pul və şəkillər almışdır. Həmin kitabların aprel ayının axırlarında hazır olacağını vəd etdiyindən, hazır olmadığından kitabları təhvil verə bilməmişdir. Onun başqa niyyəti olmamışdır. Həftənin bazar ertəsi günü zərərçəkmiş şəxslərə pulu və şəkilləri qaytaracaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, 2023-cü ilin yanvar ayının 6-7 tarixləri aralığında Nazilə yaşadığı ünvana gələrək, jurnalist olduğunu demişdir. Nazilə ona barəsində kitab çap etdirəcəyini bildirərək ondan ümumilikdə 170 manat pul və özünə, ailəsinə məxsus şəkilləri almışdır. Nazilə kitabı bir neçə günə çap edib gətirəcəyini bildirmişdir. Bir ay sonra Nazilənin gəlmədiyini görüb onun telefonuna zəng etmiş, telefonu sönülü vəziyyətdə olmuşdur. Təsadüfən yolda X9 ilə rastlaşmış və Nazilənin ondan da kitab çap etdirmək adı ilə pul və şəkillər almasını öyrənmiş və aldadıldığını başa düşmüşdür. Şəxs qarşı şikayəti vardır, ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Nazilə yaşadığı ünvana gələrək, jurnalist olduğunu demişdir. Nazilə onun barəsində kitab çap etdirəcəyini bildirərək ondan ümumilikdə 167 manat pul və özünə, ailəsinə məxsus şəkilləri almışdır. Nazilə kitabı yaxın günlərdə çap etdirib gətirəcəyini bildirmişdir. Bundan sonra o yolda Adilə İbrahimova ilə rastlaşmış və Nazilənin ondan da pul aldığını və telefonlarına cavab vermədiyini bildikdə aldadıldığını başa düşmüşdür. Evdə övladları sosial şəbəkədə araşdırma apararkən Şəxs eyni üsulla digər şəxsləri də aldatdığını bilmişlər. Şəxs qarşı şikayəti vardır, ona dəymiş ziyan ödənilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 33.1.2.-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Şəxs barəsində olan inzibati tənbeh vermə haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qüvvəyə mindiyi gündən bir il ərzində eyni xətanı təkrar törətməsi məsuliyyətini ağırlaşdıran hal hesab olunur. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhərində daimi yaşayış yeri olmayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 24 fevral 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X12 Saxlanılma Mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar