Məhkəmə qərarları › İş №3(007)-1140/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1140/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1140/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, qərarından şikayət verilmiş orqan – Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə barəsində İXM-nin 346.1-ci maddəsinin tələblərinə görə BNA-1260287 nömrəli inzibati qərar tərtib olunmuşdur. Əlavə edilmiş şəkildən də göründüyü kimi, bu inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. xx.xx.2021-ci il tarixdə saat 16:44:30 dəqiqədə o, özünə məxsus “Hyundai- İX35” markalı, **-TK-*** dövlət nömrə nişanlı avtomaşını Qara Qarayev prospekti 125 ünvanda yerləşən “Kontakt Home” mağazanın yanında yol kənarında saxlayaraq yaxın dostunu gözləməli olmuşdur. Şəkildən görünür ki, düz 3 dəqiqə 30 saniyədən sonra, yəni 16:44:30-cu dəqiqədə BNA-yə məxsus olan “Hikvision DS-2DF8236İX-AELW (BNA)” planşeti avtomaşının fotoşəklini F84D FC33 EC 62 kamera ilə çəkərək bunu inzibati xətanın baş verməsi kimi qeyd etmiş və İXM-nin 346.1-ci maddəsinə əsaslanaraq müvafiq qərar qəbul etmişdir. Burada İXM-nin 122-ci maddəsinin tələbləri pozulmuşdur. Çünki 346.1-ci maddəsində nəzərdə tutulmuş xəta 122.1-ci maddədə nəzərdə tutulduğu kimi, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməli olan inzibati xətalara aid deyildir. Daha sonra barəsində tərtib edilmiş inzibati akt bir sıra qanun pozuntuları ilə müşayiət olunur. Belə ki, iddia olunan inzibati xətanın baş verdiyi ünvan dəqiq göstərilməmişdir (qərarda Qara Qarayev prospekti “Xalqlar Dostluğu” M/stansiyasının yanı kimi göstərilib). Şəkildən göründüyü kimi, ona məxsus avtomaşın inzibati aktda yazıldığı kimi heç də Qara Qarayev prospekti “Xalqlar Dostluğu” metrostansiyası ünvanında durmamışdır. Maşını saxladığı yer “Kontakt Home” mağazasının düz qabağında, Qara Qarayev prospekti 125 ünvanında yerləşir. Bundan başqa, inzibati aktda hüquqi müdafiə vasitələrdən istifadə müddətləri barədə dəqiq məlumat göstərilməmişdir. Ünvanın dəqiq göstərilməməsi və hüquqi müdafiə vasitələrindən istifadənin dəqiq müddətləri barədə məlumatın qeyd edilməməsi İnzibati İcraat Haqqında Qanunun (59.1.3, 59.1.5-ci maddələri) tələblərinə ziddir. Bundan başqa, tərtib edilmiş inzibati aktda onun halına aidiyyəti olmayan İXM-nin 124.5 və 97.2-ci maddələrinə də istinad edilmişdir ki, bu da onda çaşqınlıq yaratmışdır. Nəhayət, 346.1-ci maddəsində göstərilmiş inzibati xəta hadisəsi tərəfindən törədilmədiyi üçün barəsində belə bir qərarın qəbul edilməsi düzgün deyildir, çünki inzibati xətanın tərkibi yoxdur. Məhəmməd Hadi küçəsindən Qara Qarayev prospektinə daxil olarkən müşahidə etmişdir ki, yolda 3.27 və 3.28 yol nişanları yerləşdirilməyib və orada dayanma və ya durma qadağan edilmir. Lakin BNA isə ona yazdığı məktubda iddia edir ki, o, maşını guya Qara Qarayev prospektində göstərilmiş ünvanda 3.27 “Dayanmaq qadağandır” yol nişanının təsir zonasında saxlamışdır. Orada belə bir nişan quraşdırılmamışdır. İXM-nin 124.5-ci maddəsinin tələbləri baxımından da bu qərar ziddiyyətlidir, çünki o, maşının içində olmuş, maşını tərk etməmişdir. Lakin şəkillər aydın çəkilmədiyindən bu aydın görünmür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, X3 inzibati qərardan şikayətini inzibati xətanın foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinin İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin tələblərinə zidd olması, eləcə də “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Aşağıda göstərilənlərə əsasən X3 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin xx xxxxxx 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, əvvəla X2 şikayət ərizəsində özünün də göstərdiyi kimi, idarə etdiyi “Hyundai İX-35” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2021-ci il tarixdə saat 16:41:12-dən 16:44:30-a qədər Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Xalqlar Dostluğu metrostansiyasının yanında 5.9 nişanının təsir dairəsində saxlamışdır. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin İV hissəsinə əsasən 5.9 nişanı ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanması qadağandır. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. İkincisi, Agentlik tərəfindən İXM-nin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat İXM-nin 122-ci maddəsi əsasında deyil, məhz 124.5 və 124.6-cı maddələri üzrə aparılır. Çünki, Azərbaycan Respublikası Prezidentinin x xxxx 2018-ci il tarixli, 181 nömrəli Fərmanı əsasında Agentliyə parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi tapşırılmışdır. Həmin tapşırığın icrasına uyğun olaraq tərəflərindən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu İXM-nin 124-cü maddəsi ilə birbaşa uzlaşır. Eyni zamanda qanunvericilikdə inzibati xətanın səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi üsulu ilə (hədə-qorxu, zor tətbiq etmək və ya gizli şəkildə əldə etmək istisna olmaqla) bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Üçüncüsü, “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə əsasən sözügedən qanun inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Beləliklə, Bakı Nəqliyyat Agentliyinin xx xxxxxx 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayəti əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 “Hyundai İX-35” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021-ci il tarixdə saat 16:44:30-da Bakı şəhəri, Nizami rayonu. Q.Qarayev prospekti, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında dayanma və ya durma qaydalarını pozmuş və Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmişdir. - fotoşəkillərdən görünür ki, X3 “Hyundai İX-35” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə saat 16:44:30-da Bakı şəhəri, Nizami rayonu. Q.Qarayev prospekti, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında 5.9 nişanının təsir dairəsində saxlamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin İV hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İXM-nin 124.5-ci maddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X3 xx.xx.2021-ci il tarixdə saat 16:44:30-da “Hyundai İX-35” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu. Q.Qarayev prospektində dayanma və durma qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 20 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Məhkəmə işin faktiki hallarına və X2 şikayətini əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, R.S.Axundovun göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar