Məhkəmə qərarları › İş №3(007)-1154/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1154/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1154/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Xaçmaz rayonunun Şollar kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs məxsus “Nissan Sunny” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 100 manat dəyərində ziyan vurmuşdur. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru P.Y.Qəribli tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus “Nissan Sunny” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 137 saylı binanın qarşısında saxlamışdır. Təxminən saat 13:30 radələrində Şəxs ona zəng edərək avtomobilini gəlib götürməsini bildirmişdir. O, həyətə düşdükdə Vasifin idarə etdiyi avtomobillə bilərəkdən onun avtomobilini vuraraq arxa buferi zədələdiyini, ön sağ təkəri boşaltdığını və üzərində hava doldurma muştuğunun yerində olmamasını görmüşdür. "xxxx" MMC-nin texniki təminat departamentindən verilmiş qüsur aktından görünür ki, avtomobilinə 120 manat maddi ziyan dəymişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Barəsində tərtib edilmiş protokol ilə razı deyildir, təhqiqat orqanına dəvət olunmadığından işin mahiyyətindən xəbərsiz olmuşdur. Şikayətçi onu kimləsə səhv salır. Onun “Lexus” markalı avtomobili olmamışdır və yoxdur. Eyni zamanda kiminsə maşınını sürtməyi yadına gəlmir. Belə olan halda qəsdən əmlakın məhv edilməsi halının olması mümkün deyildir. Hesab edir ki, polis şikayətçinin avtomobilinə zərər vurmuş şəxsi düzgün müəyyənləşdirməmişdir. İnzibati icraata xətanın ona aidiyyətinin olmaması səbəbindən xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Mir-Ülfət Abbasov tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və inzibati xəta törətmiş şəxs müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Həmin qərara əsasən “LEXUS” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəsdən Zərərçəkmiş şəxs məxsus “Nissan Sunny” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələmişdir. Məhkəmə iclasında baxılaraq tədqiq edilmiş videogörüntüdən görünür ki, dövlət qeydiyyat nişanı görünməyən avtomobil arxada dayanmış avtomobili vuraraq hərəkət etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində ünvan 2 ünvanında “LEXUS” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi və həmin avtomobillə Zərərçəkmiş şəxs məxsus “Nissan Sunny” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən zədələməsi sübuta yetirilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə iclasında Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:30-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1983-cü il tarixdə Xaçmaz rayonunun Şollar kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar