Məhkəmə qərarları › İş №3(007)-1160/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1160/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1160/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil oğlunun iştirakları ilə, xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında 0,059 qram şəkidə narkotik vasitə olan heroin əldə edib saxlayaraq üzərində daşımış, xx xxxxxx 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 57 saylı yaşayış binasının qarşısında saxlanılaraq Nizami RPİ-nə aparılmış, RPİ-nin inzibati binasında üzərinə keçirilən baxış zamanı sol əlinin ovuc hissəsində olan siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik həmin çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 57 saylı ünvanın qarşısında olarkən, mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və ona polis idarəsinə getməyi təklif etmişlər. O, etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmiş, orada videoçəkiliş aparılaraq üzərinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı əşya varsa könüllü təqdim etməyi təklif etmişlər, bundan sonra sol əlinin ovucunda olan siqaretin gümüşü kağızına bükülmüş tünd qəhvəyi maddəni polis əməkdaşlarına təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni özü istifadə etmək üçün bir gün əvvəl “Neftçilər” metrostansiyasının yaxınlığından üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin polis əməkdaşlarının iştirakı ilə qablaşdırılıb möhürlənmiş, o, protokolu və möhürlənmiş bağlamanın üzərini imzalamışdır. Əməlindən səmimi peşmandır. Barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Şəxsi axtarış və götürmə haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış zamanı narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür; -Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 6/64 nömrəli rəyindən görünür ki, təqdim edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,059 qram qəhvəyi rəngli tpzşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2021-ci il tarixli 398 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; -Bakı şəhəri Nizami RPİ-nin Təhqiqat Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxx 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Eldar oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati tənbeh tədbirin görülməsi məqsədilə barəsində protokol tərtib olunaraq materialla birlikdə Nizami Rayon Məhkəməsinə göndərilməsi üçün material Nizami RPİ-nin 25 PŞ-nə göndərilmiş, Şəxs Eldar oğlundan aşkar olunub götürülmüş 162 nömrəli möhürlə möhürlənmiş bir ədəd zərfdə olan maddi sübut saxlanılması üçün Nizami RPİ-yə təhvil verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkotik vasitəni könüllü surətdə təhvil verməmişdir, polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilərkən həmin maddə aşkar olunmuşdur, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, xx xxxx 2021-ci il tarixdə barəsində protokol tərtib edilib məhkəməyə gətirilərkən Şəxs tutulmamışdır, təhqiqat zamanı xx xxxxxx 2021ci il tarixdə tutulsa da, həmin gün dərhal azad edilmişdir. Ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı iş materiallarının məhkəməyə təqdim edildiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə iş üzrə Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, habelə istinad olunan maddi hüquq normasının tələbinə əsasən hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilməli, o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan narkotik vasitə məhv edilməli, inzibati xəta törədən fiziki şəxs olduğundan iş üzrə məhkəməkimyəvi ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Bundan başqa vəkilin iş materialları ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat məbləğində əmək haqqı 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx xxxx 2021-ci il saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin X2 Saxlanılma Mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilsin, inzibati həbs müddətinin başa çatdığı gün Şəxs inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin MSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra 0,019 qram qalmış narkotik vasitə-heroin məhv edilsin. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf edilmiş 114 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ013501**********1944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar