Məhkəmə qərarları › İş №3(007)-1161/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1161/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1161/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlər baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, aidiyyət qaydaları pozulduğu üçün həmin protokol aidiyyəti məhkəməyə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında protokolla və ona əlavə edilən sənədlərlə müəyyən olunur ki, törədilməsi ehtimal edilən inzibati xəta Şəxs MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 129V ünvanında yerləşən “KFC Restoran”da aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll edilməli məsələni müzakirə edərək, belə nəticəyə gəlirəm ki, işin baxılması Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid deyil, aidiyyət qaydalarının pozulmasına yol verilməməsi məqsədi ilə, hazırkı inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 110 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar