Məhkəmə qərarları › İş №3(007)-117/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-117/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-117/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 24 dekabr 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC 130721.04 Avro məbləğində olan vəsaiti bank hesabından 25 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 26 noyabr 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, AR Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs MMC tərəfindən 130721.04 avro məbləğində vəsait xx.xx.2022-ci il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsə də 130721.04 avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Aşağıda qeyd olunan hallara əsasən hesab edirlər ki, təqdim edilmiş sənədlər müvəkkil bank tərəfindən nəzərə alınmadan Mərkəzi Banka həqiqətə uyğun olmayan məlumatlar təqdim edilmiş və bu da hazırki protokolun tərtib edilməsi ilə nəticələnmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli swift sənədinə əsasən, BONDUELLE CENTRAL EUROPE KFT Şirkətinə 130721.04 EUR məbləğində ödəniş edilmişdir. Qeyd olunan swift sənədinin təyinatından görünür ki, həmin ödəniş 5340889, 5340902, 5340893, 5340907,5340883, ******* nömrəli sifarişlərin ödənilməsi üçün həyata keçirilmişdir. Təqdim edilmiş gömrük bəyannamələrindən də göründüyü kimi həmin sifarişlər üzrə mallar tam şəkildə ölkəyə idxal edilmişdir. Belə ki, **********1135 nömrəli gömrük bəyannaməsi ilə 5340889, 5340902, ******* nömrəli sifarişlər; **********3219 nömrəli gömrük bəyannaməsi ilə 5340883, ******* nömrəli sifarişlər; **********4723 nömrəli gömrük bəyannaməsi ilə ******* nömrəli sifarişlər ölkə ərazisinə idxal edilmişdir. Sifariş sənədlərindən də göründüyü kimi həmin malların ümumi dəyəri 130721.04 EUR təşkil edir. Təqdim edilmiş sənədlərlə bir daha sübut olunur ki, 130721.04 EUR məbləğində avans ödənişi üzrə nəzərdə tutulan mallar tam şəkildə ölkə ərazisinə idxal edilmişdir. Lakin qeyd olunan gömrük bəyannamələri 130721.04 EUR avans ödənişinin deyil, **********2265 və **********7746 nömrəli gömrük bəyannamələri üzrə idxal olunan malların avansı olan 135225.84 EUR avans ödənişinin bağlanılmasında istifadə olunmuşdur. Onların əvəzləşdirilməsi üçün tərəflərindən müvəkkil banka müraciət edilmişdir. Ziraat Bankın elektron poçtunda isə həmin bəyannamələrin avans tarixindən əvvəlki tarixə aid olması səbəbilə avans ödənişinin bağlanılmasından imtina edilmiş və açıq qalmış avans məbləği kimi həmin məlumatlar Mərkəzi Banka təqdim edilmişdir. Bu da hazırki protokolun tərtib edilməsi ilə nəticələnmişdir. “AR İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, “göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir”. Yuxarıda qeyd olunan hallara əsasən hesab edirlər ki, hazırki fakt üzrə AR İXM 430.4-cü maddəsinin tərkibi olmadığından, dəyəri ödənilmiş mallar tam şəkildə və vaxtında ölkə ərazisinə gətirildiyindən və idxal edilməyən malların dəyəri kimi ödənilmiş pul vəsaitləri ölkəyə geri qaytarıldığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan xüsusatları nəzərə alaraq, icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən təqdim edilmiş **********2265 saylı 67981.44 ABŞ dolları dəyərində yük gömrük bəyannaməsi avans köçürmə ilə uyğunluq təşkil edir, **********7746 saylı 67244.40 Avro dəyərində yük gömrük bəyannaməsində isə, bütün rekvizitlər uyğunluq təşkil etsə də yük gömrük bəyannaməsinin tarixi 25 noyabr 2022-ci il tarixli köçürmədən əvvələ, yəni 18 noyabr 2022-ci il tarixə olmuşdur. Onlar bəyannamənin sorğu nömrəsini verəndə gömrük portalında giriş etmiş kimi görə bilirlər. Bəyannamənin vəziyyətini, çatdırılma şərtini, əvəzinin ödənilib-ödənilməməsini görə bilirlər. MMC tərəfindən bir gələn mallarını digərinə bağlamışlar, bank da uyğunlaşdıra bilməmişdir. Uyğun bəyannamə təqdim edilməlidir. Hazırda aydınlaşdırmışlar ki, Şəxs MMC-yə aid bəyannamələrin heç bir problemi yoxdur. “Ziraat Bank” tərəfindən həmin bəyannamələr bağlanmalıdır. İş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndələri X2 yazılı etirazın dəlillərini müdafiə etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, gömrük bəyannamələrindən də görünür ki, mallar idxal olunmuşdur. Bu gömrük bəyannamələri digər bir balansın bağlanmasında istifadə olunmuşdur. İki gömrük bəyannaməsi əsasında demişlər ki, gəlin bu açıq qalan balansı bu gömrük bəyannamələri ilə bağlasınlar. Göndərilən pul ilə ölkəyə idxal olunan mallar bərabərləşir, eyni dəyərdədirlər. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə 25 noyabr 2022-ci il tarixdə 130721.04 Avro məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il daxilində həmin vəsait hesabına alınan müvafiq malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin müvəkkil banka təqdim edilməməsi, bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinin pozulması əsası ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Halbuki, Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC 130721.04 Avro məbləğində olan vəsaiti bank hesabından 25 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən, ödəniş aparıldıqdan sonra qanunla müəyyən edilmiş müddət daxilində həmin pul vəsaiti hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Bu zaman, nəzərə alınmalıdır ki, təqdim və tədqiq olunmuş sübutlarla yanaşı inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın məhkəmə iclasında iştirak edən nümayəndəsi də qeyd olunanları etiraf və qəbul edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etirazlarının olmadığını bəyan etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, baxılan işə münasibətdə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar