Məhkəmə qərarları › İş №3(007)-1175/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1175/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1175/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1675/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru F.T.Şahhüseynov tərəfindən xx.xx.2020-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1675/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməkdən boyun qaçırmır. Uşağının anası ilə görüşməyinə heç bir etirazı yoxdur. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2020-ci il tarixdə icra məmuru ilə razılaşdırılmış vaxtda görüş hüququnu təmin etmək məqsədilə vəkili və uşaqla birlikdə İcra və probasiya şöbəsinin qarşısına getmişlər. Onlar saat 11:00-da İcra və probasiya şöbəsinin qarşısında olmuşlar, tələbkar isə gec gəlmişdir. İcra məmuruna onların razılaşdırılmış vaxtda icra şöbəsinə gəlmələri, lakin tələbkarın vaxtında gəlməməsi barədə akt tərtib etməsini tələb etmişlər. İcra məmuru isə akt tərtib etməkdən imtina etmişdir. Uşaq ağladığı üçün avtomobildən düşürtmək mümkün olmamışdır. Uşağın halı pisləşdiyi üçün təcili tibbi yardım çağırmışlar, təcili tibbi yardım briqadasının həkimi uşaqda nevroloji gərginlik olduğunu bildirərək ona sakitləşdirici vermişdir. Bu zaman tələbkar icra şöbəsində oturmuş və uşağın icra şöbəsinə gətirilməsini tələb etmişdir. O və vəkili tələbkara uşağın ağladığını, uşağı icra şöbəsinin binasına gətirə bilmədiklərini, gəlib avtomobildən uşağı götürməsini təklif etmişlər, lakin tələbkar bununla razılaşmamış, icra məmurunun otağında oturaraq uşağı icra şöbəsinə gətirmələrini bildirmişdir. Onlar neçə saat icra şöbəsinin qarşısında gözləmişlər. Buna baxmayaraq icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə gətirmişdir. Məhkəmədə uşağın anası ilə görüşməsinə heç bir etiraz etmədiyini və uşağı anası ilə görüşməsi üçün gedib məhkəməyə gətirə biləcəyini bildirdikdə tələbkarın nümayəndəsi uşağın yemək və yatmaq rejimi ilə bağlı narahatçılıq olacağından tələbkarın uşaqla görüşə razı olmadığını bildirmişdir. Dünən razılaşdıqları kimi tələbkarın görüş hüququnu təmin etmək məqsədilə bu gün saat 11:00-da uşaqla birlikdə məhkəmədə olmuşdur. Təxminən 2 saat gözləmələrinə baxmayaraq nə tələbkar, nə də ki, tələbkarın nümayəndəsi gəlməmişlər. Tələbkar uşağı istəmir, tələbkarın məqsədi övladı ilə görüşmək deyildir. Təkrar olaraq bildirir ki, tələbkara uşağı ilə görüşməsinə heç bir maneə yaratmır və tələbkar istənilən vaxt uşağı ilə görüşə bilər. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında tələbkar X3 qızının nümayəndəsi X9 bildirmişdir ki, bu gün də Şəxs keçən dəfəki kimi avtomobili ilə qızı X7 Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin qarşısına gətirmiş, lakin uşağın ağladığını əsas gətirərək uşağı avtomobildən düşürüb Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin inzibati binasına gətirməmişdir. Borclunun hazırda uşağın anası ilə görüşməsi üçün uşağı gətirə bilməsi təklifi ilə bağlı tələbkar bildirmişdir ki, günün sonu olduğundan, uşağın yemək və yatmaq vaxtı ilə bağlı narahatçılıq yaranacağından borclunun təklifi ilə razı deyildir. Tələbkar xx.xx.2020-ci il tarixdə saat 11:00-da məhkəmənin qarşısından borcludan uşağı götürərək görüşməyə razıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1675/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, X3 qızına övladı xx xxxx 2017-ci il təvəllüdlü X10 ilə atanın iştirakı olmadan sərbəst şəkildə hər həftənin çərşənbə və şənbə günləri saat 11:00-dan saat 16:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsi qərara alınmışdır. - icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1675/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməyi təklif olunmuşdur. - tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1675/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi dərhal icra etməsi xahiş olunmuş, üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs xx.xx.2020-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar olaraq qızı X7 anası X3 qızı ilə görüşünü təmin etmək məqsədilə Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin qarşısına aparmış, lakin uşaq ağlayaraq halı pisləşdiyindən və təcili tibbi yardım gəldiyindən görüş baş tutmamışdır. İcra sənədinin icrası ilə əlaqədar tələbkarla razılığa əsasən Şəxs bu gün, yəni xx.xx.2020-ci il tarixdə qızı X7 görüşün baş tutması üçün anasına təhvil vermək məqsədilə məhkəməyə gətirmiş, lakin tələbkar gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində məhkəmə qərarının icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1675/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1675/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar