Məhkəmə qərarları › İş №3(007)-1176/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1176/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1176/2020 07.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2, 18.6 və 43.1-ci maddələrinə əsasən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadına əsasən, inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi qeyd olunan qərardadında, iş materiallarına əlavə edilmiş Vergi ödəyicilərinin məlumatları haqqında çıxarışa əsasən Şəxs hüquqi ünvanının AZ1030, ünvan 1 olduğu, məhz bu səbəbdən də işə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı olması qənaətinə gəlmişdir. Məhkəmə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd olunan qərardadda gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıda göstərilən məsələləri qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin dövlət vergi müfəttişləri X2 və X1 tərəfindən aparılmış yoxlama zamanı xx xxxx 2020-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi ünvanında yerləşən aptek daxilində qoruyucu vasitələrdən istifadə edilməməklə müştərilərə xidmət göstərilməsi, yəni epidemiya, sanitar-gigiyena və karantin rejiminin qaydalarının pozulması faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Göründüyü kimi, aptek daxilində qoruyucu vasitələrdən istifadə edilməməklə müştərilərə xidmət göstərilməsi, yəni epidemiya, sanitar-gigiyena və karantin rejiminin qaydalarının pozulması faktının aşkar edildiyi yer, yəni inzibati xətanın törədildiyi yer- “Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi” ünvanı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Binəqədi rayonu ərazisində törədildiyi halda, hüquqi şəxsin ünvanının Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşməsi əsas gətirilməklə inzibati xəta haqqında işə həmin Məhkəmədə baxılması mümkünsüzdür. Azərbaycan Respublikası İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən, əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi qərardad qəbul edilir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinı əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1 -ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. İnzibati Xətalar Məcəlləsində Mülki və Cinayət Prossesual Məcəllərindən fərqli olaraq məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosesual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, yaranmış hüquqi anlaşılmazlığın və məhkəmə aidiyyatı ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7 və 110.1 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar