Məhkəmə qərarları › İş №3(007)-1187/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1187/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1187/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Ağdam rayonunun Qalayçılar kəndində anadan olmuş, Ağdam rayonu, Qalayçılar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Ulduz düşərgəsində yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2021-ci il tarixdə saat 00:20-də idarə etdiyi “Chevrolet Aveo” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektində hərəkət edərkən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmiş və ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməklə avtoxuliqanlıq etmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı İ.M.Musayev tərəfindən xx.xx.2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı X2 bildirmişdir ki, xx xxxx 2021-ci il tarixdən xx xxxx 2021-ci il tarixə keçən gecə saat təxminən 00:20 radələrində xidmətdə olan zaman Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə üzü şəhər istiqamətində hərəkətdə olan “Chevrolet Aveo” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün davamlı olaraq yol-hərəkəti qaydalarını pozması, yüksək sürətlə hərəkət etməsi barədə məlumat verilmiş və saxlanılması barədə göstəriş verilmişdir. Yanacaqdoldurma məntəqəsində “Chevrolet Aveo” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yaxınlaşaraq özünü təqdim etmiş və ona yol verdiyi qayda pozuntularını izah etmişdir. Sürücü cavabında bildirmişdir ki, “xəstəm var, ona görə belə sürürəm, radar var, cəriməm gələr ödəyərəm”. O, sürücüyə xəstəsi olsa da davamlı olaraq yol-hərəkəti qaydalarını pozmağa hüququnun olmadığını bildirmişdir. Sonra sürücüyə avtomobili onun avtomobilinin arxasınca sürməyi təklif etmiş, sürücü razılaşmışdır. Bir qədər hərəkət etdikdən sonra sürücü avtomobili başqa istiqamətə sürmüşdür. Körpünün altında avtomobili saxlayaraq sürücüyə qanuni tələbinə tabe olmağı bildirmiş, sürücü cavabında ona “mənə heç nə edə bilməzsən” demiş, qardaşı isə onun yaxasından yapışaraq “formanı çıxart, gedək səninlə söhbət edək” demişdir. Sürücü Şəxs və qardaşı avtomobilə əyləşərək yüksək sürətlə avtomobili idarə edərək oradan uzaqlaşmışlar. O, avtomobili onların avtomobilinin arxasınca idarə etmişdir. Sürücü davamlı olaraq yol-hərəkəti qaydalarını pozmuş, onun çoxsaylı “saxla” işarələrinə məhəl qoymamış, avtomobili sürət həddini aşaraq idarə etmiş, ötmə, yerdəyişmə, manevr etmə qaydalarını pozmuş, qoşa xətti tapdalayaraq qəflətən və yüksək sürətlə döngədən dönüb əhalinin sıx yaşadığı ara küçələrə daxil olmuş və sair. qayda pozuntularına yol vermişdir. Ara küçələrdə əhali çox olduğundan o, həmin avtomobilin arxası ilə sürməkdən çəkinmişdir. Həmin küçələrə girəndən sonra vətəndaş qaçıb gizlənmiş, bu gün raport əsasında vətəndaşı tapmışlar. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 00:20 radələrində yol vərəqəsinə əsasən idarə etdiyi “Chevrolet Aveo” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanacaqdoldurma məntəqəsində olan zaman inspektor əlində telefonla danışaraq “bəli, rəis, yaxşı rəis” deyə-deyə ona yaxınlaşmış və yol-hərəkəti qaydalarını pozduğunu, aeroport yolunda sürət həddini aşdığını, yüksək sürətlə rəisin qarşısından keçdiyini, guya kimisə narahat etdiyini bildirmişdir. O, cavabında polis əməkdaşına “keçmişəm, yaxşı etmişəm, xəstəm var ona görə tez sürmüşəm, cəriməm gələr, ödəyərəm” demişdir. Polis əməkdaşı ondan sənədlərini istəmiş, o, sənədlərini təqdim etmişdir. Sonra polis əməkdaşı ona avtomobilini onun avtomobilinin arxasınca sürməyi bildirmiş, o da sürmüşdür. Sadəcə o, polisin avtomobilini başqa yola istiqamətləndirəcəyini düşünüb səhv istiqamətə Dərnəgül yoluna çıxmışdır. Polis onun avtomobilinin arxasınca sürməyə başlamış, ona “saxla” işarəsi vermiş, Nizami RPİ-nə sürməli olduğunu bildirmişdir. Keçiddən çıxanda o, işarə etmiş, avtomobili saxlayıb yerə düşmüşlər. O, telefonla çəkərək polis əməkdaşına sual verəndə əlini atıb telefonunu əlindən salmış və boğazından tutmuşdur. Bunu görən qardaşı avtomobildən çıxıb polis əməkdaşının üstünə qaçaraq ona “nə istəyirsən qardaşımdan, rəis var deyə onun qarşısında sürməməlidir, xəstəsi var sürüb” demişdir. O, onları aralayıb qardaşını kənara çəkmiş və polis əməkdaşına qardaşının problemi olduğunu, xəstə olduğunu, fikir verməməsini bildirmişdir. Polis əməkdaşının bu hərəkətindən sonra o, avtomobili başqa istiqamətə hərəkət etdirmiş və bu zaman yol-hərəkəti qaydalarını pozmuş, qoşa xətti tapdalamış, avtomobili yüksək sürətlə idarə edərək ara küçələrə dönmüşdür. Həmin küçədə onun xalası yaşayır, xalası xəstə olduğu üçün ona dərman aparmaq üçün oraya getmişdir. Birinci qrup əlildir. Əlillliyi, xəstəliyi ilə bağlı sənədləri və digər sübutları məhkəməyə təqdim etməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman Şəxs idarə etdiyi “Chevrolet Aveo” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməklə avtoxuliqanlıq etməsi öz təsdiqini tapmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1ci maddəsi ilə tövsif olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 30 (otuz) manat (5x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1982-ci il tarixdə Ağdam rayonunun Qalayçılar kəndində anadan olmuş, Ağdam rayonu, Qalayçılar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Ulduz düşərgəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 511.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 30 (otuz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar